Suverenlik prinsipinə əsaslanan müstəqil siyasət
Digər xəbərlər

Suverenlik prinsipinə əsaslanan müstəqil siyasət

"Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq". İyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu fikirləri söyləyən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə həm iqtisadi, həm də ordu quruculuğu istiqamətində mühüm işlərin aparıldığını diqqətə çatdırıb.

Ötən əsrin sonlarından başlayaraq yenidən ölkəmizə qarşı ərazi iddiaları edən ermənilər torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etməklə hərbi əməliyyatlarını, təxribatlarını daha da genişləndirdilər. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın iqtisadi cəhətdən zəifliyindən istifadə edən bəzi qüvvələr Ermənistanın işğalçılıq siyasətinə dəstək oldular. Heç bir beynəlxalq təşkilat mənfur qonşularımızın işğalçılıq əməllərinə obyektiv qiymət vermir, dünya birliyi münaqişənin aradan qaldırılmasına maraq göstərmirdi. Azərbaycan hökumətinin bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciəti də nəticəsiz qalmışdı. Dövlətimizin ərazi bütövlüyünü təsdiq edən bəyanat və qətnamələrdə hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblər yerinə yetirilmir və heç bir beynəlxalq təşkilat da məsələ ilə bağlı işğalçı ölkəni günahlandırmırdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi 30 aprel 1993-cü il 822 saylı, 29 iyul 1993-cü il 853 saylı, 14 oktyabr 1993-cü il 874 saylı, 11 noyabr 1993-cü il 884 saylı qətnamələrinin qəbul olunmasına səy göstərsəydi sözsüz ki, Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur qalardı. Lakin Azərbaycan haqqı, ədaləti bərpa etmək üçün 30 il fasiləsiz olaraq mübarizə apardı.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına heç bir məhəl qoymayan Ermənistana layiq olduğu cavabı verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın birliyi ilə ərazi bütövlüyümüz təmin edildi, işğala son qoyuldu. Bu gün işğaldan azad olunan bütün yurd yerlərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. 44 günlük Vətən müharibəsindən sonra minlərlə kvadratkilometrdən çox ərazilərdə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sahələri ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin bir qisminin doğma torpaqlarına qaytarılması və burada insanların normal həyatının təmin edilməsi müharibədən çıxmış, 30 illik işğala son qoymuş dövlətimizin iqtisadi gücünün göstəricisidir.

İqtisadi sahədə güclənən Azərbaycan hərbi potensialını daha da artırmağı dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirib. Bu gün Azərbaycan Ordusu ən yaxın müttəfiqi olan Türkiyənin hərbi modeli əsasında formalaşdırılır. Belə ki, orduya sərf olunan xərclərin, xüsusi təyinatlıların sayının artırılmasını və yeni bölmələrin, milli müdafiə institutlarının yaradılmasını nəzərdə tutan hərbi islahatlar da məhz türk modeli əsasında həyata keçirilir. NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələri ilə birgə fəaliyyət, qardaş ölkənin müdafiə sənayesinin yeni texnoloji məhsulları ordumuzu daha da qüdrətləndirir. Ölkə başçımız çıxışlarında Silahlı Qüvvələrimizin həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da gücləndiriləcəyini, eyni zamanda işğaldan azad edilmiş torpaqların bərpası üçün dövlətin bütün potensialından istifadə olunacağını vurğulayır.

Silahlı Qüvvələrimizin formalaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi məsələsində prinsipial mövqe ortaya qoyaraq bu gün dünyanın ən güclü orduları sırasında yer alan Müzəffər Ordumuzun böyük həcmdə hərbi texnika, silah-sursatla təmin olunmasını ən mühüm vəzifə hesab edən dövlət başçımız bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bortunda komandir olmadan uçuş həyata keçirən, uzaq məsafədən, yerdən, havadan, digər gəmi bortundan, kosmosdan tam idarə olunan və avtonom şəkildə proqramlaşdırılan hava vasitəsi olan PUA-lar, dronlar hərbi üstünlüyümüzü təmin edən müasir texnoloji vasitələrdir. Bu baxımdan, müasir Azərbaycan dövləti heç bir ölkədən asılı olmayaraq müstəqil siyasət həyata keçirir və dünya dövlətləri ilə əlaqələrini möhkəmləndirir. Güc amilinin ön planda olduğu, beynəlxalq hüququn işləmədiyi yeni dünya nizamında müstəqil inkişaf yolunda inamla irəliləyən ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

Mehparə ƏLİYEVA,

"Respublika".