Sürətli və modern inkişaf
İqtisadiyyat

Sürətli və modern inkişaf

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə bu ərazilərdə şəhərlər, kəndlər və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz yer üzündən silinmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata böyük zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq rəşadətli Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Prezidentimizin məqsədyönlü siyasəti və düşünülmüş hərbi strategiyası sayəsində Azərbaycan öz torpaqlarını azad etməklə ölkəmizin tarixi inkişafının bərpasına, ən önəmlisi ərazi bütövlüyünə nail olmuşdur. Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Dövlət başçısının 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin icra edilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin dayanıqlı məskunlaşması və iqtisadiyyatın aktivliyinin təmin olunması istiqamətində uğurlu nəticələri göstərir.

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə qərar qəbul etmişdir. Bu qərara əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Prezidentimizin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Daha sonra işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın (bundan sonra - Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görməyə başladı.

Nazirlər Kabineti bu qərara əsaslanaraq Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirdi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etdi.

Ölkə başçımızın Böyük Qayıdış siyasəti hazırda yüksək səviyyədə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Həmçinin mayın 28-də Prezident İlham Əliyev Ağdam rayonunun Şotlanlı, Nəmirli və Güllücə kəndlərinin təməlini qoyub. Dövlətimizin başçısına bu layihələr barədə məlumatlar verilib. Həmin məlumatlarda bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək.

Nəmirli kəndinin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur.

Güllücə kəndinin layihələndirilən ərazisi 388,44 hektar olacaq, kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır.

Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.

İşğaldan azad edilən ərazilərə qayıdacaq insanların normal yaşaması məqsədilə hər cür infrastruktur yaradılır. Ermənistanın ərazilərimizdə basdırdığı minalar, mina terroru fonunda Azərbaycan bunun da öhdəsindən müstəqil şəkildə gələrək, quruculuq işləri ilə yanaşı, əraziləri minalardan təmizlənir, Böyük Qayıdış proqramını uğurla davam etdirilir. İşğaldan azad olunan ərazilərimizdə: Ağdərədə, Xocavənddə, Xocalıda, ələlxüsus da Xankəndidə bayrağımızın dalğalanması Prezident, Ali Baş Komandan İlham Əliyevin şücaətli, qüdrətli ölkə başçısı olduğunu bir daha təsdiq etdi. Böyük Qayıdış proqramı sona qədər beləcə uğurla davam edəcək və həmin ərazilərin sakinləri ən yaxın zamanda öz yurdlarına geri dönəcəklər.

Bayram SALMANOV,

“Respublika”.