Sülh müqaviləsinin imzalanması regionun inkişafına güclü təkan verəcək
Siyasət

Sülh müqaviləsinin imzalanması regionun inkişafına güclü təkan verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh çağırışlarından məntiqsiz açıqlamaları, qeyri-obyektiv yanaşmalar ilə qaçan Ermənistan rəhbərliyi hələ də anlamır ki, bu prosesin gecikməsi regionun inkişafının qarşısını kəsən ən mühüm amildir.

Ermənistan sülh prosesini niyə ləngidir? Bunun ən böyük səbəbi İkinci Qarabağ müharibəsində məğlub olmalarıdır. Əslində kapitulyasiya aktı imzalamaqla qarşı tərəf müharibədən boynu bükük çəkildiyini etiraf etmişdi. Lakin üçtərəfli Bəyanatın imzalanmasından sonra sərhəddə və Azərbaycanın suveren torpaqlarında baş verən təxribatlar onu deməyə əsas verir ki, kağız üstündə məğlubiyyəti qəbul etsələr də, düşmənin qəlbində inqitam hissi qalmaqdadır. Tarixi yurdlarımızı zəbt edən ermənilər 44 gün kimi qısa zaman kəsiyində belə bir məğlubiyyəti xəyallarına da gətirməmişdilər.

Azərbaycanlılara qarşı olan kinləri onları o qədər kor etmişdi ki, xalqımızın və dövlətimizin bu işğal ilə barışdığını zənn edib, yeni ərazilər uğrunda yeni müharibəyə can atmaq istəyirdilər. 2020-ci ilin sentyabr ayında istədikləri müharibəni başlada bildilər. Ancaq döyüşün ilk günlərindən dövlət başçısının yüksək iradəsi və xalqımızın mərdliyi qarşısında əyilən düşmənin bütün ümidləri "Dəmir Yumruğun" sarsıdıcı zərbəsi ilə puç oldu.

Hər bir regionun inkişafının başlıca səbəbi qonşu dövlətlər arasında sülh və təhlükəsizliyin təmin olunmasıdır. Bu gün dünya ölkələrinin böyük əksəriyyəti Avropanın inkişaf modelini öz ölkəsində tətbiq etməyə çalışır. Qərbə inteqrasiyada təkcə bölgədəki sabitlik deyil, təhsilin, səhiyyənin, sənayenin də önəmli payı var. Çünki Avropa qitəsi xüsusən XX əsrdə iki böyük müharibənin episentri olub. Torpaq iddiaları üzündən gedən müharibələr milyonlarla insanların tələfatına, xalqların maddi və mədəni irslərinin dağıdılmasına, bəzi millətlərin soyqırımına səbəb olmuşdur. Sonda hər zaman olduğu kimi, illərlə davam edən müharibələr sülh masalarında öz həllini taparaq yeni dünya nizamının formalaşmasına gətirib çıxarmışdır.

Prezident İlham Əliyev sülhü rəhbər tutaraq, iki ölkə arasında münasibətlərin normallaşmasının bölgənin inkişafına xüsusi təkan olacağını qeyd edir və Ermənistandan da bu addımın atılmasını gözləyir. Dövlət başçısının bu məsələyə yanaşması birmənalıdır: "...O ki qaldı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır".

Bəs Ermənistanın bu münasibətə qarşılığı necə oldu? Son günlərdə baş verən hadisələr hələ də ermənilərin 90-cı illərdəki düşüncədə olduğunu göstərir və danışıq masalarında söylədikləri ilə əməlləri üst-üstə düşmür. Ermənilər hər zaman Qərbin və Rusiyanın vasitəçiliyi ilə keçirilmiş iki və çoxtərəfli dialoqlardan sonra, istər sərhəddə, istərsə də suveren ərazilərimizdə separatçıların əli ilə sülh üçün yaranmış ümidləri puç edib. Belə hadisələrdən biri də mart ayının 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsinə cəhd olunub. Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan və yoxlanılmaya atəşlə cavab verən təxribatçılar məhv edilib. Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi aksiyalardan yayınmaq üçün alternativ yollarla Şərqi Zəngəzura silah daşımaq yeni münaqişələrin yaranmasını qaçılmaz edir.

Qarabağda müvəqqəti fəaliyyət göstərən qondarma dövlətin daxilində də Azərbaycana reinteqrasiya etməklə bağlı ziddiyyətlər var, yerli sakinlər artıq çıxış yolunu məhz bunda görürlər. Sadəcə separatçı dövlətin və Ermənistanın kriminal rejiminin qurbanına çeviriliblər. Ən böyük ümidləri Rusiya olsa da, Sergey Lavrovun Bakıya rəsmi səfəri və Azərbaycanla əməkdaşlığa maraqlı olmalarını bəyan etməsi separatçı ölkənin hər tərəfdən dalana dirənməsinə səbəb olub. Artıq Qərb də Ermənistana sülh prosesini sürətləndirməklə bağlı müəyyən təzyiqlər edir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması hər iki dövlətin inkişaf etmiş ölkələrə inteqrasiyasını sürətləndirəcək, yox əgər bunun əksi olarsa, Cənubi Qafqaz bölgəsi bu proseslərdən geridə qalacaq.

Musa BAĞIRLI,

"Respublika".