“Azadlıq ölkəsi”nin təqibləri davam edir
Siyasət

“Azadlıq ölkəsi”nin təqibləri davam edir

"Əslində əgər siz kimisə nəyinsə pozulmasında ittiham etmək istəyirsinizsə, birinci, güzgüdə özünüzə baxıb görməlisiniz, sizin üzünüzdə qüsurlar varmı? Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir. Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir". Bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin iyulunda Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib.

Hər kəsi söz azadlığı və insan haqlarının pozulmasında ittiham edən "doğruluq timsalı" ABŞ yenidən qanunsuz davranışları ilə gündəmdədir. Belə ki, Culian Assanj 14 il təqib edilib, Ekvador səfirliyində ev dustağı kimi yaşayıb, 12 ildir bir binada qalıb, daha sonra Britaniya ədliyyəsi tərəfindən saxlanılıb. İndi isə onu 175 illik məhkəmə cəzası gözləyir.

Londonun Ali Məhkəməsində Culian Assanjla bağlı məhkəmə prosesi davam edir. Assanjın vəkilləri London Ali Məhkəməsinin iki hakimi qarşısında vəsatət qaldıraraq, daha bir apellyasiya dinləməsinin keçirilməsini istəyiblər. Həmin dinləmə Assanjın Britaniyada hüquqi yardım almaqla bağlı son şansı ola bilər. Ali Məhkəmə vəsatəti rədd edərsə, C.Assanj ABŞ-a ekstradisiyasının qarşısının alınması istəyi ilə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edə bilər. Bunun əleyhinə London Ali Məhkəməsinin qarşısında kütləvi etirazlar davam edir.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

Culian Assanjın ittiham edilməsi qlobal miqyasda xəbər yayma, araşdırma jurnalistikası və ifadə azadlığının gələcəyinə təsir göstərən bir məsələdir. Culian Assanj "WikiLeaks"də ABŞ dövlətinin rəsmi şəxslərinin yazışmalarını yayıb. Burada amerikalıların başqa dövlətlərə qarşı qərəzli mövqeyi, xain planları ifşa olunub. Culian Assanj ətrafında mübahisələr artmaqda davam edir. Bu məsələ söz və mətbuat azadlığı, o cümlədən demokratik cəmiyyətlərdə məlumat verənlərin rolu ilə bağlı xeyli müzakirələrə səbəb olub. Assanjın mühakimə olunması jurnalistika və məlumat yayma fəaliyyətləri üçün təhlükəli presedent yaradır. Yəni Culian Assanja qarşı rəftar söz və mətbuat azadlığı prinsiplərinə açıq-aşkar hücumdur. Ona qarşı irəli sürülən ittihamlar müxalif fikirləri susdurmaq və jurnalistləri qorxutma cəhdidir.

Assanj korrupsiyanı, insan hüquqlarının pozulmasını və müharibə cinayətlərini üzə çıxararaq hökumət sirrinin və korporativ hakimiyyətin qaranlıq künclərinə işıq salmağa cəsarət edib. Hökumət isə bu cəsarətli jurnalisti alqışlamaq yerinə, onu təqib edib. Onlar Assanjın nəşrləri tərəfindən qaldırılan problemləri həll etmək əvəzinə, platformanı qaralamağa üstünlük veriblər. Culian Assanjın təqibi demokratiya və azadlığın təməllərinə hücumdur. Ona qarşı təqiblər jurnalistlər, söz azadlığı müdafiəçiləri və insan haqları təşkilatları arasında ciddi narahatlıq yaradıb. Çünki Assanjın mühakimə olunması araşdırma jurnalistikasını və məlumat yayma fəaliyyətini potensial olaraq məhdudlaşdırır.

2020-ci ilin 6 noyabrında məşhur "BBC" yayım şirkəti müharibə vəziyyəti ilə əlaqədar olaraq Prezident İlham Əliyevdən guya müsahibə götürməyə gəlib. Əslində reallıq tamam fərqli olub. Jurnalistin demək olar ki, hər cümləsinin altında qərəz yatıb. Lakin ölkə başçısının şərhləri  "azad media"dan dərs vermək istəyənlərə əsl cavab olub: "Gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur".

Həqiqətləri hər kəs bilir. Lakin dünyanın supergücü olan ABŞ-ın özünü "demokratiya müdafiəçisi" kimi qələmə verib Assanj kimi onlarla jurnalisti həbs etməsi digər dövlətlərə  göstərilən təzyiqlər sayəsində danışılmır. Ömrünün 1776 gününü həbsdə keçirən Culian Assanjın ABŞ-a ekstradisiyası reallaşarsa, onun həyati təhlükəsi barədə heç kim dəqiq zəmanət verə bilməyəcək. ABŞ-da prinsipcə söz azadlığı dəstəklənsə də onunla bağlı problemlər ortadadır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".