Siyasət

"Bandunq prinsipləri" əsasında ədalətli və qətiyyətli fəal mövqe

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə daha da güclənib

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşündə söyləyib.

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu inkişaf mərhələsini yaşayır.

Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə təşkilatın həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Azərbaycan 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək QH-yə tamhüquqlu üzv qəbul olunmuşdur. Ölkəmiz 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın XVIII dövlət və hökumət başçılarının Zirvə Görüşünə evsahibliyi etmişdir. Tədbirdə BMT-yə üzv 120 dövlətin və 42 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini bildirməsindən sonra, QH-yə üzv dövlətlər Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. Hərəkat üzvlərinin Azərbaycanın sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndirir və təşkilata sədrliyini uğurla davam etdirir.

Pandemiyanın yaratdığı mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə Qoşulmama Hərəkatının hazırkı sədri qismində, ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması, COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir. Görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini və 11 nazir iştirak etmişdir.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Belə ki, 26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası keçirilmişdir. Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentlərin konstruktiv rolu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir. Şəbəkənin görüşlərinin əsasən Parlamentlərarası İttifaqın (IPU) iclasları çərçivəsində keçirilməsi nəzərdə tutulur. QH-nin Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına səmərəli təşəbbüs rolu oynamaq baxımından da əhəmiyyətlidir. 4-5 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv dövlətləri təmsil edən 100-dən çox gəncin iştirakı ilə QH Gənclər Şəbəkəsinin virtual təsis iclası keçirilmişdir. Gənclər şəbəkəsinin təsis edilməsi Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdır. Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər keçirilmişdir. Pandemiya şəraitindən irəli gələn məhdudiyyətlər səbəbindən həmin tədbirlər virtual formatda baş tutmuşdur. Belə ki, 20 may 2020-ci il və 24 may 2021-ci il tarixlərində QH üzv dövlətlərinin səhiyyə nazirlərinin görüşləri, 9 oktyabr 2020-ci il tarixində (BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində) QH dövlətlərinin xarici işlər nazirlərinin iclası və 4 iyun 2021-ci il tarixində Hərəkata üzv dövlətlərin əmək nazirlərinin görüşləri keçirilmişdir.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda Nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Prezident əlavə edib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır". Ölkə liderinin sözlərinə görə, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

XXI əsrdə siyasi konfiqurasiyada sürətli ardıcıllıqla baş verən hadisələr göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Yaranmış yeni reallıqlara uyğun olaraq islahatların zəruriliyi haqqında nə qədər çox danışılsa da, əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə zəifləyir. Baş verən proseslərdən o da görünür ki, hazırda 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə proseslərə fəal müdaxilə etməkdədir. Dövlət başçısı bildirib ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya düzənində öz yerini tapmalıdır. "Biz "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq", - deyən dövlət başçısı vurğulayıb ki, Hərəkatın dünya məsələlərində öncül mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-addım strateji hədəflərə yaxınlaşdırır.

Mustafa KAMAL,

"Respublika".