Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
İqtisadiyyat

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

“Azəri-Çıraq-Günəşli”nin (AÇG) illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında aprelin 25-dən başlayaraq 15 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilərək vaxtından əvvəl tam başa çatdırılıb.

"Respublika" BP-yə istinadla xəbər verir ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub, platformanın hasilat və ixrac sistemləri artıq işə salınıb. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladaq ki, planlaşdırılmış profilaktik işlər proqramına inspeksiya, müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə BP-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.