Sözün qüdrətilə ucalanlar
Maraqlı

Sözün qüdrətilə ucalanlar

3 mart Dünya Yazıçı Günüdür

Yazıçılıq geniş yaradıcılıq sahəsidir. Bu, ilahi tərəfindən verilən istedad, bəzən də daxili tələbat, qəlb çırpıntılarıdır. Sən yazıçı olmaq üçün məcburi şəkildə masa arxasında otura, ya da hər hansı bir hadisəni hissiz,  həyəcansız qələmə ala bilməzsən. Bunun üçün istedad, yaradıcı təxəyyül mühüm rol oynayır.

Hansısa hadisəni, həyat həqiqətlərini qələmə alaraq minlərlə oxucunun diqqətini cəlb etmək, sevgisini qazanmaq məhz bu amillərin məhsuludur. Yazıçı qələmə aldığı əsərdə hər bir obrazın öz dili ilə danışmağı, onu olduğu kimi canlandırmağı, təsvir etməyi bacarmalıdır. Bunun üçün də onun zəngin söz ehtiyatı, sözlə "oynamaq", onu bədii vasitələrlə bəzəmək məharəti olmalıdır. Həmçinin bədii epitetlər,  bənzətmələrlə əsərə məcazi mənada bəzək vurmalı, onu gözəlləşdirməlidir. Bunun üçün də yazıçının qələmi bəzən möcüzələr yaradan rəssam fırçasına çevrilməlidir. Yaradıcı insan o zaman oxucu kütləsinin sevgisini qazanır ki, özünü oradakı qəhrəmana oxşatmağa çalışır. Bu baxımdan, cəmiyyətdə formalaşan  nəsillər də müxtəlifdir. Hazırda yetişən gənclik sosial şəbəkələrin, internet əsrinin yetirməsidirsə, ötən əsrin nümayəndələri ədəbiyyat, poeziya nəsillidir. Çünki həmin insanların böyük əksəriyyəti məhz yazılı ədəbiyyatın təsiri ilə formalaşır, tərbiyə alırdı. O dövrün ədəbiyyatı başdan-başa əxlaq, tərbiyə, dostluq təlqin edirdi. Xəlqilik, humanistlik təbliğ edirdi. Oxucu bəzən günlərlə hansısa əsərin  təsirindən çıxa bilmirdi. Bu mənada yazıçı qələmə aldığı əsərini yalnız bu gün üçün yazmır, gələcək nəsillərə, oxuculara miras qoyur.

Müəllif qələmi, təfəkkür, təxəyyül səviyyəsi ilə istənilən mövzunu əlində xəmir kimi formadan formaya salmağı bacarmalıdır. Bu işdə ona kömək edəcək yeganə qüvvə ruhu, qəlbi, dərin zəkası və duyğularıdır. Bütün bunların vəhdətində yazıçı oxucunu istənilən istiqamətə yönləndirə bilir. O zaman yaranan əsər müəllifin dünyasından, özünəməxsusluğundan çıxaraq xəlqilik qazanır. Bu mənada duyğuların ifadəsi, təxəyyülün cilalanması, dilin zənginliyi və bədii gözəlliyi ilə yaradılan hər hansı əsər artıq o yazıçıya aid deyil. Oxucunun məhsuludur.

Əkinçi torpağa toxum səpib, cücərdib, məhsul əldə etdiyi kimi, yazıçı da hərflərin köməyi ilə cümlələrlə sətirlərə toxum səpir, ürəyinin hərarəti, məhəbbəti ilə onu bəsləyib böyüdür, kitablarda yaşadır. Milli ənənələrə, xalq yaradıcılığına, şifahi ədəbiyyata müraciət edib bəhrələnən müəlliflər də var, cəmiyyətdə baş verən reallıqları qələmə alan yazıçılar da. Məsələn, Azərbaycan ədəbiyyatının sevilən, ən çox oxunan yazıçılarından biri Cəlil Məmmədquluzadənin qələmə aldığı hər bir əsəri bu və ya digər formada bütün dövrlər üçün aktualdır. Çünki hadisələr, baş verənlər məhz cəmiyyətdə təzahür edən proseslərdir. Mirzə Cəlili oxunaqlı edib, daha çox sevdirən isə dilinin sadəliyi, zənginliyi, hadisələrə yanaşma tərzindəki komik, satirik canlanma və əlbəttə ki, cəmiyyətdəki əyər-əskiklərin dəqiqliklə göstərilməsidir. Əgər yazıçının fırçası qələmdirsə, boyası sözdür. O, sözün qüdrəti, qüvvəti və cazibəsilə möcüzələr yaradaraq, qələmi ilə insan övladını ucalda da, alçalda da bilir. İstər müsbət, istərsə də mənfi qəhrəman olsun. Müəllif vasitəsilə həmin insanlar kitablarda tarixin bir parçasına çevrilir. Bu mənada kitab ən böyük dost, həmsöhbətdir.   Tanrının seçilmiş insanları olan yazıçılar öz qələmləri ilə dünyanı danışdıra, qovuşdura bilir. Yazdığı əsərlər sanki qeybin səsi, sükutun harayı, sevincin hayqırtısı, kədərin fəryadıdır. Məhz bu əsərlərdə biz onları obrazlı, bədiiləşmiş tərzdə  və müqəddəsləşmiş formada görə bilirik. Bəzən də həyat həqiqətlərini əks etdirən bədii əsər bizlərə həyat dərsi verir. Doğru yolu seçməkdə böyük rol oynayır. Onun qələmə aldığı hadisələr yazıçı təxəyyülünün məhsulu da ola  bilər. Məsələn, tarixi əsərlərdə baş verənlər həyat həqiqətlərini əks etdirən müəllif əsərin daha maraqlı, rəngarəng olması üçün əlavə vasitələrdən də istifadə edir. Onların öz dili ilə desək, əsəri "ətə-qana" gətirmək, daha da canlı, obrazlı etmək, sözlə naxışlandırmaq, bəzəmək də vacib şərtlərdəndir. Bu zaman  araya-ərsəyə gələn əsər yorucu olmur, oxucu diqqətini daha çox özünə cəlb edir.

Əslində, yazıçı da bir qəhrəmandır. Qələmi, duyğuları ilə döyüşür, mübarizə aparır. Bu mənada onların da xatırlanıb, anılan günləri var. Həmin gün onların bayramıdır. Bu bayram 1986-cı ildə Beynəlxalq PEN klubunun qərarı ilə təsis edilib. PEN klubunun yaradılması ideyası isə XX əsrin əvvəlində meydana gəlib. Həmin təşəbbüs ingilis yazıçıları Con Qolsuorsi və Ketrin Douson-Skottun 1921-ci ildə Londonda göstərdikləri səylər nəticəsində həyata keçirilib. Təşkilatın adı ingilis sözləri olan Poets - şairlər, Essayists - oçerk yazanlar, Novelists - romançılar kəlmələrinin baş hərflərindən götürülüb. Hazırda Dünya Yazıçı Günü bir çox ölkələrdə qeyd olunur. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü "Yazıçının Ümumdünya Sülh Günü" elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.

Bir sıra ölkələrdə bu bayram sadəcə Yazıçı Günü adlanır, cəmiyyətdə daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayram tədbirlərində ədəbiyyat sahəsində çalışan, həmçinin ədəbi yaradıcılığı qiymətləndirən ədəbi birliklər, yazıçılar, kulturoloqlar, tənqidçilər, müəllimlər, jurnalistlər, ali təhsil müəssisələrinin filologiya fakültələrinin tələbələri və məzunları iştirak edirlər. Onu da qeyd edək ki, eyniadlı təşkilat - PEN klub 2011-ci ildə Azərbaycanda da yaradılıb. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri ölkəmizdə də hədəf götürülüb. Klubun digər məqsədi yazıçılarımızl dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Azərbaycan ədəbiyyatının görkəmli yazıçıları, qələm sahibləri var. Onların söz  mənbəyi, kökü isə gücünü nağıllarımızı, əfsanə və dastanlarımızı yaradan xalqdan, millətdən alır. 

Ramidə YAQUBQIZI,

"Respublika".