Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar e-qaydada aparılır
Sosial həyat

Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar e-qaydada aparılır

Bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin  sosial ödənişlərində artımlar da avtomatik şəkildə tətbiq olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, pensiya, müavinət və təqaüdlərin təyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.

2022-ci ilin əvvəlindən pensiyaçılara ödənilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilməklə ümumilikdə 1 milyon 115 min insana yönələn pensiyaların, habelə 660 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin edilib. Beləliklə, bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində edilən həmin artımlar da onların hər hansı müraciətinə ehtiyac olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-qaydada aparılıb.

Qeyd olunur ki, növbəti mərhələdə bütün növ pensiyaların ötən il üzrə müəyyən ediləcək orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq. Həmin pensiya artımları, vətəndaşların pensiya kapitalının indeksləşdirilərək artırılması da e-sistemlər üzərindən avtomatik şəkildə həyata keçiriləcək.

“Respublika”.