Şəhid ailələrinə, müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil, fərdi ev verilib
Sosial həyat

Şəhid ailələrinə, müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil, fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirlərdə qeyd olunub ki, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ildən-ilə uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib. Bakı və 15-ə yaxın rayonda (Bərdə, Zaqatala, Oğuz, Saatlı, İmişli, Beyləqan, Tovuz, Qazax, Salyan, Ağsu, Xaçmaz və s.) daha 100 mənzil və fərdi ev təqdim olunub. Beləliklə, yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5100, o cümlədən, bu il 600, ümumilikdə ötən dövrdə 13900 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mustafa KAMAL,

"Respublika".