Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət edib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC