Sərkərdəyə inam və birliyin təcəssümü
Siyasət

Sərkərdəyə inam və birliyin təcəssümü

Müharibənin aparılması qaydaları ilə bağlı beynəlxalq konvensiyalarda müvafiq müddəalar təsbit olunub. Dövlətlər, ordular qarşısında müəyyən şərtlər müəyyənləşdirilib. Bütün bunların çoxu iki dünya müharibəsinin baş verdiyi ötən əsrdə bəşəriyyətin ümumi narahatlığı kimi formalaşıb. Amma bu müddəaların formalaşmasından yüz illər əvvəl də Azərbaycan sərkərdələri, Qafqazda hökmranlıq edən əcdadlarımız hərbi bu qaydalarla, əxlaq çərçivəsində aparardılar. Ən kəskin döyüşlərdə belə, şərəf və ləyaqəti, comərdlik prinsipini öndə tutardılar. 
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində də Azərbaycan ulularımızın bu mənəvi mirasına sadiqlik göstərdi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Ölkəmiz tətbiq etdiyi innovativ silahlarla XXI əsrin müharibəsini apardı və hərbi əməliyyatları dinc əhaliyə, mülki insanlara ziyan vurmadan həyata keçirməyin mümkünlüyünü bütün dünyaya göstərdi. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq onun kimi  davranmadı. Halbuki, ordumuzdakı müasir silahlarla bundan qat-qat artığını edə bilərdik. Bununla belə, Azərbaycan bu cür namərd davranışı özünə əsla rəva görmədi. İtkilərimizin qisası savaş meydanında alındı. Ordumuzun gücü qarşısında qaçıb canını qurtarmağa çalışan, silahını atıb təslim olan, əsir götürülən erməni hərbçilərinə də yaşamaq, öz yanlışlarını anlamaq şansı verildi.

Xalqımız otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələrinin işğalında qalan vətən torpaqlarının nisgilini, nigaranlığını çəkirdi. Bu elə bir dərd idi ki, hər bir azərbaycanlının qürurunu incidir, ürəyini dağlayırdı. Ən böyük təsəlli və ümid isə dövlət başçısı İlham Əliyevin bu fikirləri uca kürsülərdən səsləndirməsi idi: “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”.

Azərbaycan dövləti illər boyu məqsədyönlü işlər görərək güclü ordu qurmağa müvəffəq oldu. Xalq uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozdular. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var”.

O gün dövlət başçısı xalqa müraciətinin sonunda  vurğuladı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”  O gündən Azərbaycan xalqı eyni amal uğrunda döyüşdü…

2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi. Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə - İkinci Qarabağ müharibəsində son qoyuldu. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı.

Vətənin qəhrəman övladları ilk gündən könüllü yazılaraq ordu sıralarına cəbhəyə yollandılar. 44 gün davam edən döyüşlərdə iştirak etməyənlər, əlinə silah almayanlar da  özlərini Azərbaycanın əsgərləri bildilər. Hər bir azərbaycanlı cəbhədən gələn xəbərləri böyük həyəcan, ümid və inamla gözlədi.

Azərbaycan xalqı öz gücünə, dövlətinin qüdrətinə, ordusunun qələbəsinə inandı. Bu inam o qədər möhtəşəm və sarsılmaz idi ki, qarşısında düşmən tab gətirə bilməzdi. Haqq yolunda döyüşdüyünə, ədalətli mübarizə apardığına əmin olan Azərbaycan Ordusu bu zəfərə layiq idi. Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin əminliklə, vüqarla söz açdığı Azərbaycan Ordusunun möhtəşəm gücünü yalnız biz deyil, bütün dünya İkinci Qarabağ müharibəsinin  ilk günlərindən gördü. Döyüşlərdə ən müasir silahlardan istifadə edən ordumuz sürətlə irəliləyərək, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan əsgəri öz torpağı uğrunda mərdliklə, qəhrəmancasına döyüşdü. Erməni əsgəri isə döyüş əməliyyatlarında  mövqelərini, hərbi texnikasını, silah-sursatını qoyub qaçdı. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində xüsusi olaraq qeyd etmişdi: “Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.

İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr  reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir. 

Azərbaycanı qüdrətli dövlətə çevirən İlham Əliyev başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə bir çox mühüm işlər görülüb.

Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması da bunu təsdiqləyir. İndi qarşıda duran vəzifə Qarabağın dirçəlişidir. Vətən müharibəsindən sonra qalib ölkə kimi qarşısında yeni perspektivlər açılan Azərbaycan indi tam başqa bir mərhələnin astanasındadır.

Artıq bir ilə yaxındır ki, quruculuq işlərinə  start verilib və reallıqlar göz önündədir. Azərbaycan öz iqtisadi qüdrəti hesabına həm dünyanı bürümüş qlobal pandemiya ilə mübarizə tədbirlərini, həm də işğaldan azad edilmiş torpaqlarda müasir infrastrukturların qurulması prosesini uğurla davam etdirir.

İlqar ƏHMƏDOV,

“Avita” şirkətinin rəhbəri.