İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Qızıl Avropa Liqasında ilk qələbə

Azərbaycanın qadın voleybol millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirib.

Kollektiv Osiyek şəhərində Xorvatiya seçməsi ilə qarşılaşıb. Görüş yığmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  Qeyd edək ki, Azərbaycan millisi ikinci görüşünü mayın 18-də Slovakiya seçməsinə qarşı keçirəcək.

Lisenziya xarakterli ölkə çempionatı

Azərbaycan Atletika Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yay ölkə çempionatı start götürüb. Yarışlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunub. Çempionatda paytaxt və bölgələrdən 140-a yaxın atlet mübarizə aparır.

Yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60, 100, 200, 400, 800, 1500 və 3000 metr məsafəyə qaçış, eləcə də 4x100 metr məsafəyə qarışıq estafet qaçışı daxil edilib. Ölkə çempionatı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.

Boksçularımız Macarıstanda 2 medal qazanıblar

Macarıstanın Eger şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 2 medalla başa vurub. Komandamızın tərkibində 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbasqulu Şadlinski fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda 4:1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub. 60 kiloqram çəki dərəcəsində çıxış edən Tağı Nəsibov həlledici görüşdə özbəkistanlı  rəqibinə 4:1 hesabı ilə məğlub olub. O, gümüş medala sahib olaraq yarışı ikinci yerdə başa vurub.

Atletimiz 3-cü dəfə dünya çempionu olub

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ölkəmizi təmsil edən paraatlet Lamiyə Vəliyeva birinci olub. O, T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çatıb. Qeyd edək ki, bu 22 yaşlı idmançı ümumilikdə üçüncü dünya çempionu olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".