SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Yuxu ilə bağlı bu fikir təkzib edildi

İndiyə qədər elm aləmində yuxunun beyni toksinlərdən təmizlədiyi düşünülürdü. Lakin yeni araşdırmanın nəticələri bu fikri təkzib edir. London İmperial Kollecinin (UKDRI) alimləri belə qənaətə gəliblər ki, zehni fəaliyyət beyin üçün yuxudan daha faydalıdır.

Siçanlar üzərində aparılan araşdırmada həm yuxu zamanı, həm də anesteziya altında beynin zərərli molekullardan təmizlənmə qabiliyyətinin az olduğu müəyyən edilib. Belə ki, yuxuda olan siçanların beyninin, yatmayan gəmiricilərlə müqayisədə 30 faiz daha az təmizləndiyi müşahidə olunub.

Tədqiqatçıların fikrincə, molekulların ölçüsü müəyyən toksinlərin beyindən keçmə sürətinə və bəzi birləşmələrin müxtəlif sistemlər vasitəsilə təmizlənməsinə təsir edir. İndi alimlər bu nəticələrin insanlar üzərində təsdiqlənib- təsdiqlənməyəcəyini müəyyən etmək istəyirlər. Bununla belə elm adamları düşünürlər ki, kifayət qədər yuxu başqa səbəblərə görə, demans riskini azalda bilər. Tədqiqatçılar gələcək araşdırmalarda bu mövzu ilə bağlı qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirəcəklərinə ümid edirlər.

Onun çəyirdəyi təbii antibiotikdir

Amerikalı elm adamları bir sıra araşdırmalardan sonra belə qənaətə gəliblər ki, limonun çəyirdəyi antibiotiki əvəz edə bilər.

Tədqiqatlar göstərib ki, limon çəyirdəyi unikal xüsusiyyətlərə malikdir və tərkibində olan vitamin, mineral, efir yağları, protein və təbii turşulara görə lətindən daha faydalıdır. İndiyə qədər hesab olunurdu ki, sözügedən tumlarda zəhər var. Lakin yeni araşdırmalar zamanı məlum olub ki, bu zəhər insan üçün təhlükəsizdir və zərərli bakteriyaları məhv edir. Üyüdülmüş çəyirdəklər hətta antibiotiklərin gücü çatmadığı mikroorqanizmlərlə belə mübarizə apara bilir. Buna səbəb isə onun tərkibində olan efir yağları və aşılayıcı maddələrdir. Hansı ki, bu maddələr toksinləri bədəndən çıxarır, qurdqovucu təsirə malikdir. Həmçinin limon çəyirdəyi sivilcə və irinli yaralardan qurtulmağa da kömək edir. Bunun üçün onun tozunu su ilə qarışdırıb mütəmadi olaraq iltihablı yaraların üzərinə qoymaq lazımdır.

Cavan və gümrah qalmaq istəyirsinizsə...

Çinli alimlər iddia edir ki, əqli fəaliyyətlə məşğul olan insanlar gündəlik qida rasionuna mütləq püstə daxil etməlidir. Onların fikrincə, bu çərəz sinir sistemi üçün çox faydalıdır. Əhvali-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Elə bu səbəbdən də çinlilər onu "xoşbəxt qoz" adlandırırlar.

Tərkibi bir çox faydalı maddələrlə (A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları və s.) zəngin olan bu ləzzətli çərəz sinir sisteminə müsbət təsir edir. Antioksidantlar sayəsində zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir, stresin mənfi təsirləri ilə mübarizə aparır.

Eyni zamanda ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilən püstə zülalla zəngin, kalorisi az olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyəti sayəsində həm də pis xolesterini aşağı salır və ürək sağlamlığını qoruyur. Tərkibindəki resveratrol adlı maddə ürəyi sağlam saxlayar. Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən qocalma proseslərini ləngidir, hüceyrələrin cavan qalmasını təmin edir. Bu səbəbdən də cavan və gümrah qalmaq istəyənlərə gündəlik qida rasionuna püstə əlavə etmək məsləhət görülür.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

Adətən dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır. Bəs bunun səbəbi nədir?

Mütəxəssislərin fikrincə, atmosfer təzyiqi dəyişdikdə oynaqlar daha sərt olur, bu da onları mexaniki gərginliyə və ya sürtünməyə daha həssas edir. Bundan əlavə, temperaturun dəyişməsi bədəndəki təzyiqi poza və sinir uclarını daha da həssaslaşdıra bilər. Həmçinin ağrının yaranması, intensivliyi oynağın vəziyyətindən, onun içərisindəki mayedən, subxondral kista və ya zədələnmənin mövcud olub-olmamasından asılıdır. Məsələn, atmosfer təzyiqi artdıqda kistanın daxilindəki təzyiq də artır. Bu isə ağrı reseptorlarına daha çox təzyiq göstərməyə başlayır və narahatlığa səbəb olur. Mütəxəssislər həmçinin vurğulayırlar ki, ağrı təkcə hava dəyişikliyinə görə deyil, həm də stres və emosional gərginlik fonunda da güclənə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".