COMƏRD QƏSSAB TÜRBƏSİ
Mədəniyyət

COMƏRD QƏSSAB TÜRBƏSİ

Tarixi abidələrimiz

Təbii fəlakətlər, uzun sürən münaqişələr və dağıdıcı zəlzələlər nəticəsində dəfələrlə yerdəyişmələrə məruz qalmış Gəncənin qədim tarixi də elə müxtəlif məkanlarda qorunub saxlanmış maddi-mədəniyyət abidələrində yaşayır. Belə tarixi tikililərdən biri də xalq arasında böyük nüfuza malik, Qafqazda İslam dininin qızğın təbliğatçılarından olan Comərd Qəssabın şərəfinə qoyulan abidədir.

Gəncəçayın sağ sahilində, qədim Gəncənin hasar qalıqlarının bir kilometrliyində yerləşən türbə öz tənhalığı ilə diqqəti çəkir. VII-VIII əsrlərdə Gəncədə yaşamış Comərd Qəssab kimi tanınan gerçək tarixi şəxsiyyətin məzarı üstündə ucaldılan türbə səkkizguşəli formaya malikdir. Xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı bişmiş kərpic və əhəng məhlulu qarışığından istifadə olunmuşdur.

Comərd Qəssab dastan və rəvayətlərimizdə xalq qəhrəmanı kimi tanınan, dürüstlüyü, əliaçıqlığı, səxavəti, həqiqətpərəstliyi və xeyirxahlığı ilə özünə böyük hörmət və ehtiram qazanmış tarixi şəxsiyyətdir. Əsl adının Əliyar olduğu bildirilən bu qəhrəmanın Gəncəni monqol istilaçılarından müdafiə edən xalq birliklərinə başçılıq etdiyi də söylənilir. Rəvayətə görə, qəssab Əliyar o qədər düzgün, öz sənətini dərindən bilən adam imiş ki, satdığı əti çəkmək üçün tərəziyə ehtiyacı olmazmış.

Tarixçi Yəhya Süleymanov qeyd edir ki, Comərd Qəssab türbəsi nəinki Gəncədə, orta əsrlərdə Azərbaycanın ən qədim tarixi abidələrindən biri hesab olunur.

Comərd Qəssab haqqında rəvayətlərdə onun İslam dininin yayılması istiqamətindəki xidmətləri daha çox xatırlanır. Mənbələrdə onun birinci İmam həzrəti Əliyə və onun etiqadına dərin səmimiyyət göstərdiyi qeyd edilir. Belə ki, onun 600-661-ci illərdə yaşamış 4-cü xəlifə Əli ibn Əbu Talib ilə görüşdüyü, ondan İslamı öyrənərək bu dini yayan ilk şəxslərdən olduğu söylənilir.

Tarixçinin qənaətinə görə, Gəncə əhalisi arasında belə bir fikir də olub ki, ərəblərin Azərbaycanı işğalından sonra burada İslam dinini yaymağa başladıqları illərdə İslamı ilk qəbul və təbliğ edənlərdən biri də Comərd Qəssab olmuşdur. Ona görə də Azərbaycan ərazisində İslamın yayılmasında bu xalq sənətkarının adı hörmətlə yad edilir.

Comərd Qəssab türbəsi mövcud olduğu uzun zaman çərçivəsində dəfələrlə dağıntılara məruz qalmışdır. 1139-cu il Gəncə zəlzələsi zamanı qədim şəhər ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsinin də dağıldığı ehtimal edilir. Ötən əsrin 40-cı illərində Gəncədə ilk dəfə arxeoloji qazıntılar aparan İshaq Cəfərzadə VII əsrə aid tikililər arasında Comərd Qəssab türbəsinin də adını çəkir.

Sovet dövründə baxımsızlıq üzündən Türbə dağılmış və bərbad vəziyyətə düşmüşdü. Türbənin ərazisində nəhəng sənaye kompleksinin yaradılması da qədim tarixə biganə münasibətin nəticəsi idi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qədim tarixi irsimizə, xüsusilə də maddi-mədəniyyət abidələrimizə dövlətimizin diqqət və qayğısı sayəsində itki və dağıntılara məruz qalmış xalq sənəti nümunələri ikinci həyatına qovuşmuş və yenidən xalqın istifadəsinə verilmişdir.

Ölkə başçısı İlham Əliyev tarix mədəniyyət abidələrimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir və hərtərəfli qayğı göstərir. ICESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər, maddi-mədəniyyət abidələrinin bərpası qədim tariximizə, xalqımızın mədəni irsinə sonsuz diqqət və qayğının ifadəsidir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü və qayğısı ilə 2004-cü ildə Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpa işlərinə başlanmışdır. Abidənin ilk görünüşünə və tarixi dəyərinə sadiqlik ifadə etmək məqsədilə bərpa zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicindən istifadə olunmuşdur.

Heç təsadüfi deyildir ki, bu diqqət və qayğı sayəsində qədim tariximizin qiymətli yadigarları olan maddi-mədəniyyət abidələrimiz, o cümlədən də Comərd Qəssab Türbəsi ikinci həyatını yaşayır.

Vaqif TANRIVERDİYEV,

"Respublika".