Əbədiyaşar Liderin xatirəsinə ehtiramın ifadəsi
Siyasət

Əbədiyaşar Liderin xatirəsinə ehtiramın ifadəsi

Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim  ulu öndər Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət xalqının gələcəyinə, millətinin tərəqqisinə, dövlətinin müstəqilliyinə xidmət edirdi. Müdrikliyi, cəsarəti, vətənpərvərliyi ilə  xalqın sevgisini qazanmış dahi lider   ən ağır günlərində  onun müdafiəçisinə, təəssübkeşinə çevrilmiş, doğma Azərbaycanını tarixin keşməkeşlərindən qətiyyətlə çıxarmışdır. Azərbaycan xalqı əmin idi ki, ən çətin məqamlarda belə   Heydər Əliyev  dövlətin maraqlarını qoruyacaq,  uzaqgörən siyasət yürüdərək düzgün qərarlar verəcək. Xalqın ona olan inamından, etibarından,  sonsuz məhəbbətindən güc alan  Heydər Əliyev hər kəsin qəlbində özünə yer tutan ümummilli lider, əvəzolunmaz rəhbər idi.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ulu öndərin 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi xalqın öz liderinə olan məhəbbətinin ifadəsidir. Bütün ömrünü xalqının nicatına, xoş gələcəyinə həsr edən, ağlı, zəkası ilə gələcəyə gedən yoluna işıq salan, hələ sağlığında  hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldan Heydər Əliyevin  100 illik yubileyi çərçivəsində və anım günü ərəfəsində xalqımız dahi oğlunun unudulmaz xatirəsini dərin ehtiram və sonsuz məhəbbətlə yad edir.

Bu günlərdə redaksiyamızda Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin (TAİB) sədri, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən olan akademik Sudeif İmamverdiyev görkəmli ictimai xadim, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərliyə gəlməsindən danışdı: "Ulu öndərin mərkəzi hakimiyyətdə tutduğu vəzifəsindən istefa verdikdən sonra Naxçıvana qayıtması xalqın taleyində dönüş nöqtəsi oldu. O illərdə muxtar respublika çətin günlərini yaşayırdı. Naxçıvanlılar vəziyyətdən çıxış yolunu dahi şəxsiyyətin rəhbərliyə gəlməsində gördülər və 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndər ilk günlərdən muxtar respublikada, Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, qısa müddət ərzində muxtar respublikanın tarixinə yazılan mühüm əhəmiyyətə malik işlər gördü. Belə bir zamanda cəmiyyətin sağlam  qüvvələrinin nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycan ziyalıları Heydər Əliyevin xalq üçün nə qədər gərəkli  olduğunu çox yaxşı bilirdilər. Bu səbəbdən də  bir qrup  mütərəqqi fikirli ziyalı ümummilli liderin rəhbərliyi altında yeni partiya yaratmaq məqsədilə ona  müraciət etdilər. Ürəyi hər zaman xalqı ilə döyünən, onun çətin günündə həyatından belə keçməyə hazır olan ulu öndərin  cavabı gecikmədi, 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

O dövrdə biz - Yeni Azərbaycan Partiyasının yaranması prosesində iştirak edən ziyalılar Heydər Əliyevi ölkə  rəhbərliyinə gətirmək istədik. Çünki hadisələrin gedişi ümummilli liderin hakimiyyətə gəlmək  düşüncəsini ortaya qoyurdu. Ulu öndərin təkidli xahişimizi nəzərə alıb razılıq verməsi cəmiyyətin həyatında böyük dəyişikliklərə səbəb oldu. Ümummilli lider Heydər Əliyev özünü təsdiq etmiş siyasətçi, Azərbaycan xalqını, onun dövlətçiliyini xilas etmiş unudulmaz bir şəxsiyyət idi".

"Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis qurultayında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin yekdilliklə təşkilata sədr seçilməsini xalqın  ümummilli liderə  güvəninin, etimadının göstəricisi  olduğunu vurğuladı. Azərbaycançılıq ideologiyasının banisi olan ümummilli lider Heydər Əliyevin  xalqı, dövləti qarşısında  əvəzsiz xidmətlərindən danışan baş redaktor YAP-ın yaranmasının tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəldiyini və Heydər Əliyevin  Yeni Azərbaycan Partiyasının  timsalında  milli məfkurəyə və milli dövlətçilik ənənələrinə  söykənən  siyasi məktəb yaratdığını qeyd etdi. Bildirdi ki, əsl liderinin arxasınca  xalq özü gedir. Və bu kontekstdə zaman Heydər Əliyevin xalqın dahi lideri olduğunu dəfələrlə sübuta yetirdi.

YAP-ın yaradılmasına xalqın böyük dəstəyini, ulu öndərin ətrafında sıx birləşdiyini qeyd edən TAİB-in sədr müavini, Turan Elmlər Akademiyasının professoru Eyvaz Hümbətov vurğuladı ki, xalqın Heydər Əliyevə olan inamı Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad YAP-ın qısa müddət ərzində təşkilatlanması, ölkənin bütün regionlarında yerli təşkilatlarının yaranması və 1993-cü ildə hakimiyyətə gəlməsi ilə nəticələndi. Bu, Azərbaycan xalqının ulu öndərə inam və etibarının, sonsuz məhəbbətinin təcəssümü idi. 

TAİB-in ictimaiyyətlə əlaqələr üzrə sədr müavini, Ağsaqqallar.com saytının baş redaktoru Şərafət Şəfa dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısının alındığını, məhz ulu öndər Heydər Əliyevin xalqı və dövləti labüd fəlakətdən xilas etdiyini bildirdi.

Türk Ağsaqqalları arasında əlaqələrin İnkişafı İctimai Birliyinin üzvləri Məcid Hacıyev, Bayram Məmmədov, Akif Rufullayev və Nüsrət Paşayev ulu öndərin  mənalı və şərəfli ömür yoluna nəzər salaraq Azərbaycan xalqının  işıqlı sabahına, iqtisadi, ictimai, mədəni tərəqqisinə  məhz unudulmaz  ümummilli lider  Heydər Əliyevin  ideyaları sayəsində qovuşduğunu bildirdilər.

Ulu öndərin xatirəsinə həsr olunmuş dəyirmi masada hər zaman xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən etmiş dahi şəxsiyətin xalqın yaddaşında silinməz izlər yaratdığı, əbədiyaşarlıq qazandığı  bir daha vurğulandı.

Mehparə ƏLİYEVA,

"Respublika".