Azərbaycan XİN Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib
Siyasət

Azərbaycan XİN Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir.

Vurğulanıb ki, Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.