Səriştəsiz Makronun fiaskoya uğrayan anti-Azərbaycan siyasəti
Siyasət

Səriştəsiz Makronun fiaskoya uğrayan anti-Azərbaycan siyasəti

Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ilə nəticələnən İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı.

Havadarlarının köməyi ilə 30 il ərazilərimizin 20 faizdən çox hissəsini işğal altında saxlayan düşmən ölkə cəmi 44 gündə məğlub edildi, illər boyu uydurduğu "məğlubedilməzlik" mifi darmadağın oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən hər iki tərəf üzərinə öhdəliklər götürdü.

Heç bir ölkə ilə ədavəti olmayan, bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan imza atdığı Bəyanatın bütün müddəalarını yerinə yetirməklə, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına ciddi səy göstərsə də, qarşı tərəf tamamilə bunun əksini etdi. Döyüş meydanında Azərbaycan ordusunun gücü, mübarizliyi qarşısında tab gətirə bilməyən ermənilər məğlubiyyətdən sonra havadarlarının fitvası ilə daha da azğınlaşdılar. Ermənistan imzaladığı təslim aktına əsasən yerinə yetirməli olduğu öhdəliklərindən boyun qaçırdı.

44 günlük müharibədə Azərbaycan ordusunun yüksək peşəkarlığı, döyüş hazırlığı sayəsində vandal düşmən diz çökdü, silah-sursatını döyüş meydanında qoyub qaçmağa məcbur oldu. Qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxan erməni silahlıları arasında fərarilərin sayı günbəgün artdı. Müharibənin gedişatında bir addım belə geri çəkilməyən mərd oğullarımız isə xalqımızın qəhrəmanlıq dastanını yazdılar. Dövlətimizin qüdrəti, iqtisadi-hərbi gücü, xalqımızın birliyi, mübarizliyi sayəsində əldə olunan qələbə bir çox ermənipərəst ölkələrin yalan, iftira dolu anti-Azərbaycan mexanizmini işə saldı. Bəzi güc dairələri İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstəyindən, Azərbaycanın regionun söz sahibinə çevrilməsindən, eyni zamanda beynəlxalq aləmdə artan nüfuzundan təlaşa düşdülər. İki ölkə arasında münasibətləri gərginləşdirmək, ölkəmizin sülhə doğru atdığı addımlara maneə yaratmaq üçün xüsusi fəallıq göstərdilər. Cənubi Qafqazda öz maraqlarını gerçəkləşdirmək məqsədilə Ermənistanı alətə çevirən ölkələrdən ən öndə gedəni Fransa 30 illik "fəaliyyətinin" sona çatmasından, sözün əsl mənasında, narahatlıq keçirdi. Tarixin arxivinə atılmış keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin uzanması, həll olunmaması üçün göstərdiyi çabaların artıq faydasız olduğunu anlayaraq ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək, anti-Azərbaycan siyasətini daha da gücləndirmək üçün bütün yollara əl atdı. Ölkənin rəsmi şəxsləri tərəfindən bir-birinin ardınca Azərbaycan əleyhinə bəyanatlar verildi, BMT Təhlükəsizlik Şurasına qətnamələr təqdim edildi, həmçinin 30 il işğalçılıq siyasəti həyata keçirmiş Ermənistan Fransa tərəfindən silahlandırıldı.

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək silahlı qüvvələrini ərazilərimizdən çıxarmaması, Qarabağı quldur yuvasına çevirməsi nəticəsində ötən il sentyabr ayının 19-20-də silahlı qüvvələrimiz tərəfindən keçirilən 23 saatlıq antiterror tədbirlərini Fransa guya Azərbaycanın Qarabağda yaşayan etnik erməniləri blokadaya salması kimi qələmə verdi. Öz ərazilərində separatizmin kökünü kəsməyə, xunta rejiminin qanunsuz fəaliyyətinə son qoymağa məcbur olan Azərbaycanın Qarabağ bölgəsində yaşayan dinc erməni əhalisini deportasiya etdiyini, bölgədə humanitar böhran yaratdığını uydurdu. Hələ antiterror tədbirlərindən əvvəl ölkə başçımızın Qarabağda yaşayan erməniəsilli azərbaycanlıların reinteqrasiyası üçün hər cür şəraitin yaradılacağını, onların Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə, ölkəmizin konstitusiyasına uyğun olaraq azərbaycanlılarla eyni hüquqa malik olacaqlarını, ölkəmizin qanunları ilə yaşaya biləcəklərini dəfələrlə səsləndirməsini "eşitməyən" Fransanın lokal xarakterli antiterror tədbirlərindən sonra gözləri də tutuldu. Rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığı və mükəmməl plan əsasında yalnız separatçıların hərbi mövqelərinin dağıdıldığını, qeyri-qanuni erməni silahlı dəstələrinin məhv edildiyini, dinc əhaliyə, yaşayış yerlərinə isə heç bir ziyan dəymədiyini görmədi.

Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanın guya Qarabağda yaşayan erməni əhalisini deportasiya etməsi kimi ağ yalan uyduran, Ermənistanı silahlandıraraq növbəti müharibəyə hazırlayan Parisin meri, hətta Qarabağı könüllü şəkildə tərk edən ermənilərə fəxri vətəndaşlıq da verdi. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə deyib: "…Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma "Artsax"ı tanıdılar. Amma mənim qondarma "Artsax"ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim".

Həqiqətən, hər bir ölkənin inkişafı, tərəqqisi onun iqtisadi göstəricilərindən daha çox liderindən asılıdır. Geniş siyasi dünyagörüşə sahib olan ölkə başçısı uzaq hədəflərə hesablanmış, xalqın mənafeyinə xidmət edən siyasət həyata keçirməklə dövlətinin nüfuzunu artırır, beynəlxalq aləmlə əlaqələrini daha da genişləndirir. Əksinə, təsadüfi adamların, siyasətdən anlamayanların ölkəyə rəhbərlik etməsi isə sözün əsl mənasında xalqın faciəsidir. Fransa prezidenti Emmanuel Makron kimi...

Rəsmi Parisin anti-Azərbaycan siyasəti yürütdüyü bütün dünyaya məlumdur. Bu siyasətin necə yürüdüldüyü də göz qabağındadır. Belə ki, bu günədək BMT Təhlükəsizlik Şurası platformasında ən azı beş dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edən Makronun cəhdlərinin hər dəfə fiaskoya uğraması, bu qətnamələri qəbul etdirmək üçün atdığı addımları dəstəkləyəcək "həmfikir" toplaya bilməməsi onun siyasətdən uzaq, təsadüfən rəhbərliyə gətirilmiş populist olduğunu göstərir. Siyasətdən uzaq birinin siyasət yürütməsi isə gülüncdür.

Mehparə ƏLİYEVA,

"Respublika".