Qardaş birliyini heç bir güc sarsıda bilməz
Siyasət

Qardaş birliyini heç bir güc sarsıda bilməz

"Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir". Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində qardaş ölkədə baş vermiş zəlzələ ilə bağlı matəm kitabına ürək sözlərini yazdıqdan sonra çıxışında deyib.

Ortaq dəyərlər, hərtərəfli əməkdaşlıq, inam, etibar və etimad. Budur, məsləyi, əqidəsi bir olan iki qardaş ölkəni birləşdirib bütöv edən əsas amillər. Qarşılıqlı hörmət, sarsılmaz birlik əsasında qurulmuş münasibətlər dövlətlərimizin qüdrətlənməsinə, soyu, kökü bir olan xalqlarımızın məsud yaşamasına xidmət edir. Azərbaycan və Türkiyə bu gün beynəlxalq məsələlərdə də bir mövqedən çıxış edərək bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərirlər. Bu nümunə yalnız dövlətlər səviyyəsində deyil, xalqlarımızın doğmalığında, isti münasibətlərində daha aydın şəkildə özünü büruzə verir.

Möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə davamlı, yüksələn xətt üzrə daha da inkişaf etməyə başlamışdı. Müstəqilliyinin bərpasının ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda Azərbaycanın səylərini dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına böyük yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır.

Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması iki xalq arasında əlaqələrin inkişaf etməsinə böyük imkanlar yaratmış, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər gündən-günə daha da güclənmişdir. Müttəfiq olan ölkələrimiz bu gün xalqlarının milli təhlükəsizliyinin təmin edilməsi və onlara qarşı yönələn hər hansı təhdid və təhlükənin aradan qaldırılması, hərbi-texniki və müdafiə istiqamətində birgə fəaliyyət göstərərək bir-birinə davamlı yardım göstərirlər.

Türkiyə ilə Azərbaycanın diplomatik sahədə bir-birinə göstərdiyi dəstək bugünkü sarsılmaz birliyin təməlini qoymuşdur. Bunun ən bariz nümunəsi kimi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin mövqeyindən çıxış etməsini göstərmək olar. Belə ki, hər zaman qətiyyəti, cəsarəti ilə böyük hörmət qazanan dövlət başçımız Praqada adıçəkilən sammitdə Türkiyə nümayəndələrinin təmsil olunmadığından istifadə edərək rəsmi Ankaranı qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, Türkiyəni Ermənistanla sərhədlərini açmamaqda ittiham edən və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu bildirən Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verərək demişdir: "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialar qarşısında Türkiyəni qətiyyətlə müdafiə etməsi Azərbaycan-Türkiyə qardaşlığının təsdiqi idi. Bu cəsarətli çıxışı ilə ölkə başçımız Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bütün dünyaya bəyan etmişdir.

Prezident İlham Əliyevin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı fevral ayının 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gəlməsi, səfir Cahit Bağçı ilə söhbəti zamanı bütün türk xalqına dərin hüznlə başsağlığı verməsi xoş gündə də, dar gündə də iki qardaş ölkənin bir-birinə arxa, dayaq durduğunun nümayişi idi. Dövlət başçımız Türkiyənin ölkəmizdəki səlahiyyətli səfirinə Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını bildirdi: "Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik… Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".

Bəli, Azərbaycan-Türkiyə qardaşlığı heç bir vaxt sarsılmaz. İki qardaş arasında heç bir qüvvə, heç bir güc dayana bilməz. Bunu türkün dostu da bilir, düşməni də. Bu da bəllidir ki, yaman günün ömrü az olar. Bu gün yalnız Türkiyəni deyil, bütün türk dövlətlərini, türk xalqlarını sarsıdan bu fəlakətin acı nəticələri tezliklə aradan qaldırılacaq. Qüdrətli Türkiyənin buna hər mənada gücü yetəcək. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Deprem" şeirində deyildiyi kimi:

Bu taleyi nə yamanla, nə qına,

Dönəcəksən sən dünənki çağına.

Qurban olum sinəndəki dağına,

Uca başım, əməldaşım, Türkiyə…

Mehparə ƏLİYEVA,

"Respublika".