“Sərhədlərin müqəddəsliyi
Siyasət

“Sərhədlərin müqəddəsliyi" və müasir səlibçilik siyasəti

Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edib. Bu ziyarət üçün seçilən tarix isə səfərin məramını izah edir. Belə ki, oktyabrın 5-də Qranadada Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu Zirvə toplantısının Avropa İttifaqı-Almaniya-Fransa rəsmilərinin də iştirakı ilə beştərəfli görüş formatında baş tutacağı gözlənilir. Cənubi Qafqazla bağlı kritik əhəmiyyətə malik dialoqlardan cəmi 2 gün öncə Paris nümayəndələrinin İrəvana səfəri ikitərəfli təmaslarda Qranada görüşünün əsas müzakirə mövzusu olacağına işarə edir. Amma son 30 il ərzindəki proseslərə nəzər salsaq görərik ki, Yelisey sarayı üçün Qafqazda sülh və sabitliyin təmin olunması prioritet deyil. Hətta Makron hökuməti hər vəchlə çalışır ki, əldə olunan razılaşmaları da pozsun. Bu məqamda, Ketrin Kolonnanın da ermənistanlı həmkarları ilə görüşdə Qranada görüşünün konstruktiv mühitdə keçməsi üçün töhfə verəcəyi gözlənilmir. Görünür, Fransa bu dəfə də çalışacaq ki, İspaniyada baş tutacaq təmaslar nəticəsiz qalsın.

Bununla bağlı ilkin siqnallar da var. Belə ki, Kolonnanın səfəri çərçivəsində Fransanın müdafiə naziri Sebastyan Lekornu "Franceinfo" radiosuna diqqətçəkən müsahibə verib. O bildirib ki, Prezident Emmanuel Makron Cənubi Qafqazda baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. Lekornunun sözlərinə görə, ölkəsinin əsas məqsədi Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır. Nazir onu da vurğulayıb ki, Fransa İrəvanda müdafiə missiyası yaradıb. Bu isə onlara Ermənistanın hakimiyyət orqanları ilə əlaqə yaradaraq müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün imkan verir. Fransanın Ermənistana hərbi dəstək məsələsində yalnız indiki yox, əvvəlki prezident Fransua Oland da aktivləşib. O bildirib ki, Ermənistandan imtina Fransa üçün böyük biabırçılıq olardı. Artıq Ermənistan sərhədlərinin bizim üçün müqəddəs olduğunu bəyan etməyin vaxtı çatıb. Bu açıqlamalara paralel olaraq Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini dayandırıb. Bu barədə Fransa-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri, fransalı parlamentari Pyer Vatin məlumat yayıb. Buradan da görünən odur ki, Fransa Ermənistana dostluq, Azərbaycana isə açıq düşmənçilik nümayiş etdirir. Görünür, lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin bitməsi Fransanı möhkəm qıcıqlandırıb. Buna görə də, əvvəlcə Azərbaycanın antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti yürütdüyünə dair iddialar ortaya atdılar. Bu yalan dolu bəyanatlara Fransadakı səfirimiz Leyla Abdullayeva elə onların öz dilində sərrast cavab verdi. Səfir bildirdi ki, yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir. L.Abdullayeva onu da qeyd edib ki, ermənilər öz istəkləri ilə gedirlər, Bakı Qarabağ ermənilərinə dialoq təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir. Bu açıqlama, eləcə də BMT rəsmilərinin Qarabağ ermənilərinə qarşı hansısa zorakılıq hallarının müşahidə olunmadığına dair rəyi Fransanı bu məsələdə geri çəkilməyə məcbur edib. Amma görünür, Makron hökuməti heç cür özünə rahatlıq tapa bilmir. Paris Ermənistanda yeni hərbi missiya yaratmaqla açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Fransa bu addımı atmaqla, ilk növbədə daxili siyasətində dividendlər qazanmağı hədəfləyir. Yelisey sarayı bilir ki, bu yolla erməni diasporu və millətçi qrupların dəstəyini qazana bilər. Bu məqamda demək olar ki, Parisdə səslənən "Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir" kimi sayıqlamalar Fransanın siyasətindəki xristian təəssübkeşliyinin daha bir göstəricisidir. Digər tərəfdən, rəsmi Paris həm də Afrikadakı uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək, ənənəvi müstəmləkəçilik siyasətini regionumuzda da yürütmək istəyir. Yəni Fransa rəsmilərinin ermənipərəst mövqedən çıxış edərək "sərhədlərin müqəddəsliyi" kimi açıqlamaları müasir səlibçilik siyasəti kimi dəyərləndirilməlidir.

Ermənistana gəlincə isə məlumdur ki, bu ölkə suverenlik qazandığı gündən bəri heç zaman müstəqil siyasət yürütməyib, həmişə müxtəlif dövlətlərin maşası olub, xarici himayəçilər üçün "forpost" olmağa üstünlük verib. Odur ki, indi də Fransanın çirkin planlarına alət olmaqdan çəkinmir. Amma Paşinyan hökuməti uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Əks halda, yeni müharibə onun hakimiyyəti üçün sonun başlanğıcı ola bilər. Bu halda, İrəvanın vətəndaş müharibəsi meydanına çevriləcəyi istisna olunmur. Hazırkı gedişat isə onu göstərir ki, Ermənistan Livanın taleyini yaşamağın bir addımlığındadır.

Jalə QASIMZADƏ,

"Respublika".