Şəhid heykəltəraşın sərgisi keçirilib
Region

Şəhid heykəltəraşın sərgisi keçirilib

Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində şəhid heykəltəraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş “Daşa can verib, küləklə sovrulan” adlı yaradıcılıq sərgisi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidin Çuxuryurd kəndində məzarını ziyarət etdilər. Sonra rayon rəhbərliyinin, şəhidin ailə üzvlərinin, müəllimlərin, tələbə yoldaşlarının və ictimaiyyətin iştirakı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri çıxış edərək şəhid heykəltəraşın həyat və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən danışdılar.

Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb. 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Samir Kaçayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 2021-ci il noyabrın 1-də Şamaxıya səfər zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyasının instalyasiyasına baxış keçirib, şəhidin ailəsi ilə görüşüblər.

Şəhidin atası Ziyatin Kaçayev şəhidlərin xatirəsinin əziz tutulduğuna və şəhid ailələrinə göstərilən qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirdi.

M.NƏRİMANOĞLU,

“Respublika”.