Füzuli: Həsrətə son qoyulur
Region

Füzuli: Həsrətə son qoyulur

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-si üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunublar. Həmin ailələr bu vaxta kimi Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Sakinlər püşkatma yolu ilə şəffaf və obyektiv şəkildə öz mənzillərinə sahib olublar. Artıq onların yeni evlərinin dəqiq ünvanı məlumdur. Torpaq güclü olar deyiblər. Uzun illər yurd-yuva həsrətilə yaşayan Füzuli sakinləri də artıq yurda qayıdışın sevincini yaşayırlar.

44 günlük Vətən müharibəsindən sonra qarşıda duran ən mühüm iş bu yerlərin yenidən tikilib qurulması idi. Çünki ötən 30 illik işğal dövründə ermənilər Qarabağ ərazisində sözün əsl mənasında daşı-daş üstə qoymamışlar. Şəhərlər, kəndlər xarabazara çevrilmiş, hər tərəf dağılıb, talan edilmiş vəziyyətdə idi. Görünən mənzərə onu sübut edirdi ki, Ermənistan özü də Qarabağın onlara aid olmadığını yaxşı bilir. O üzdən də fürsət düşmüşkən bölgəni talan edib, ya Ermənistana, ya da qonşu İrana daşıyıblar. Biliblər ki, bir gün gələcək torpağın əsl sahibləri bu yerlərə qayıdacaqlar. Əgər ermənilər işğal etdikləri ərazilərin həqiqi sahibi olsaydılar, Qarabağı söküb dağıtmaz, cənnəti cəhənnəmə çevirməzdilər.

Şükürlər olsun ki, Azərbaycan dövləti qələbədən sonra Qarabağda nəhəng tikinti-abadlıq işləri həyata keçirir. İndi bölgə böyük tikinti meydançasını xatırladır. Hər tərəfdə qızğın iş gedir. Qarabağın təbiəti kimi görünüşünə də yeni nəfəs, yeni ruh gəlib. Şəhərlər, kəndlər yenidən qurulur. Yaşayış evləri ilə yanaşı, parklar, xiyabanlar da salınır. Bölgə əhalisinin işlə təmin olunması üçün yeni istehsal müəssisələri açılır. Görülən bütün işlər ölkəmizin öz daxili imkanları və iqtisadi gücü hesabına həyata keçirilir. İndi dünyanın gözü Azərbaycandadır desək, yanılmarıq. Ölkəmiz qalib dövlət kimi iqtisadi gücü və zəngin təbii ehtiyatları ilə də böyük güclərin maraq dairəsindədir.

Hazırda qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə geniş yenidənqurma işləri aparılır. Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, beynəlxalq hava limanlarının inşası, böyük və kiçikhəcmli elektrik stansiyalarının istifadəyə verilməsi və s. onu göstərir ki, işlər nəzərdə tutulandan daha tez və keyfiyyətli şəkildə həyata keçiriləcək. Böyük Qayıdış proqramına əsasən azad edilmiş torpaqlara köç karvanları artıq ötən ildən start götürüb. Belə ki, Zəngilanın Ağalı kəndi ilə başlayan köçürülmə prosesi, Tərtərin Talış kəndində, daha sonra Laçında reallaşdı. 28 may tarixində Laçına ilk köçürülmə prosesi baş tutdu. Ölkə başçısı İlham Əliyev şəxsən özü, laçınlıları doğma yurdda salamlayıb, yeni mənzillərinin açarlarını təqdim etdi. Prezident çıxışı zamanı prosesin yaxın gələcəkdə bütün Qarabağ boyu həyata keçiriləcəyini bildirdi. Artıq Laçının Sus və Zabux kəndlərində son tamamlama işləri aparılır. Kənd sakinləri yaxın günlərdə öz doğma ocaqlarına qayıdacaqlar.

Son günlər isə bu sevincə Füzuliyə qayıdış xəbəri də qoşuldu. Rayon əhalisinin illərlə köz bağlayan yaralarına, həsrətlərinə son qoyuldu. 1993-cü il avqust ayının 23-ü Füzuli rayonunun ermənilər tərəfindən işğal edildiyi gündür. 44 günlük Vətən müharibəsinin 17 oktyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonu qəhrəman Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Bildiyimiz kimi, Füzuli rayonu ən çətin döyüşlərin getdiyi ərazi olub. Rayon işğaldan azad edildikdən sonra burada minadan təmizləmə və quruculuq işlərinə başlanılıb.

İndi Füzuli şəhərində qızğın tikinti işləri gedir. 850 mənzil tikilir, 2-3-4 otaqlı mənzillər sakinlərə tam təmirli şəkildə təhvil veriləcək. Əvvəllər Füzuli şəhərində 321 hektar məskunlaşma ərazisi olub. Hazırda isə qurulacaq 1942 hektar ərazi nəzərdə tutulur. Füzuli gələcəkdə həm də sənaye şəhərinə çevriləcək. Ərazinin genişləndirilməsi şəhərin daha böyük imkanlara malik olacağından xəbər verir. Baş Plana uyğun olaraq gələcəkdə şəhər mərkəzində böyük mədəniyyət məhəlləsinin salınması, bir neçə mədəniyyət obyektlərinin - teatr binası, kitabxana kimi binaların da inşa ediləcəyi bildirilir. Böyük bir ərazidə isə Zəfər və İşğal muzeyləri yerləşəcək. ASAN Xidmət və Heydər Əliyev Mərkəzləri də işğaldan azad edilən Füzuli şəhərində Qazaxıstan və Özbəkistan dövlətləri tərəfindən tikilən məktəb, uşaq yaradıcılıq mərkəzi və bağça da şəhərin mərkəzində fəaliyyət göstərəcək. Füzuli şəhəri ilə bərabər Dədəli kəndində də tikinti işləri aparılır. Kənddə birinci mərhələdə 327 ev tikiləcək.

İşğala kimi şəhərin əhalisi təqribən 23500 nəfər olub. Ötən müddət ərzində isə iki dəfə artaraq təqribən 50 min nəfərə çatıb. Aparılan tikinti işlərində təbii artımla yanaşı, şəhərə gözlənilən əlavə miqrasiya da nəzərə alınıb. Eyni zamanda, şəhərə bitişik Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndlərinin də şəhərə birləşdiriləcəyi planlaşdırılır. Şəhər yaxınlığında tikilən beynəlxalq hava limanı və rayon ərazisindən keçən əsas nəqliyyat xətləri də burada mühüm rol oynayacaq. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Zəfər Yolu tikilib, həmin yolla paralel Füzuli-Şuşa yeni avtomobil yolu da inşa edilir. Gələcəkdə isə Füzulidən Şuşa şəhərinə dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bütün bunlar şəhərin gələcək inkişafını şərtləndirən və ona təkan verən əsas faktorlardır.

Ramidə

YAQUBQIZI,

"Respublika".