Şanlı tarix səhifəsi – İstanbulun fəthi
Tarix

Şanlı tarix səhifəsi – İstanbulun fəthi

"Əvvəlcə İstanbul mənim ürəyimi fəth etdi, sonra mən onu". Bu sözlər Fateh Sultan Mehmetə məxsusdur. İstanbulun fəthi 1453-cü il mayın 29-da Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmetin (Sultan II Mehmet) rəhbərliyi ilə tərəfindən həyata keçirilmişdir. Şərqi Roma imperiyasının paytaxtı Konstantinopol həmin tarixdən Osmanlı dövlətinin imperiyasına çevrilmişdi. Bizans imperiyası tarixin səhnəsindən silinmiş, VII Osmanlı Sultanı II Mehmet Fateh Sultan Mehmet adlandırılmışdır. 6 aprel 1453-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 gündən sonra fəth edilmişdi.

Fateh Mehmet və onun tabeliyində olan əsgərlər Bizans imperatoru XI Konstantinin ordusuna qarşı döyüşdə qalib gələrək türk dünyasının tarixində yeni bir səhifə açmışdır. Ədirnədə dünyaya gələn Fatih Sultan Mehmet dövrünün tanınmış elm adamlarından dərs almış və 13-14 yaşlarında atası tərəfindən taxta çıxarılmışdır. Sarayda sərt reaksiya ilə qarşılanması və səlibçilərin Varnaya hücumu səbəbindən II Mehmet saray əyanları ilə atasını yenidən taxta dəvət edir. 1451-ci ildə atasının vəfatından sonra yenidən Ədirnəyə qayıdaraq taxta çıxır.

Dünyanın coğrafi mərkəzi hesab edilən Konstantinopol dəfələrlə mühasirəyə düşmüşdü. Osmanlılar da əvvəllər şəhəri mühasirəyə almış, hətta Çimpə qalasını və Rumelidə bir qisim torpağı ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı dövləti ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə almışdır. Həmin zaman I Bəyazid mancanaqlardan istifadə etmişdir. Lakin bu, qərbdə Macarıstan krallığının indiki Bolqarıstan ərazisinə (Osmanlı torpağına) hücumu ilə başa çatmışdı. Növbəti il kifayət qədər hazırlıqlı olan bizanslılar dəniz yolundan gələn hücumların qarşısını kəsmək üçün Anadolu Hasarını inşa etmişdilər. Uzun sürən mühasirədən sonra I Bəyazid Bizansın sülh təklifini qəbul edərək geriyə dönməyə məcbur olmuşdu.

Ankarada məğlub olmuş Osmanlı dövləti I Bəyazidin oğlu Musa Çələbinin başçılığı ilə Konstantinopola yenidən hücum etmiş və 1412-ci ildə buranı mühasirəyə almışdı. Lakin bu zaman da heç bir uğur əldə edilməmişdir. Dördüncü mühasirə isə II Muradın dövründə olmuş, uğurlu strateji həmlə edən Bizans imperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra başa çatmışdı. Bizansın bu qədər kiçik bir əraziyə sıxışdırılmasına baxmayaraq, illərlə niyə məhv edilmədiyi sualının cavabı şəhər divarları arasında gizlənir. Üç qatda düzülmüş bu divarlar çox möhkəm materialdan hazırlanmışdır. Şəhəri əhatə edən divarların ümumi uzunluğu təxminən 22 kilometr, qalınlığı 5 metr, hündürlüyü isə 15 metr idi. Bastionların yerdən hündürlüyü bəzi yerlərdə 20-25 metrə çatmışdı. Sözügedən mühasirələr uğursuz olsa da, qüdrətli Osmanlı dövləti Bizansın bütün ətraf ərazilərini öz tərkibinə qatmışdı. Artıq II Mehmet taxta çıxdığı zaman Konstantinopol Osmanlı dövlətinin torpaqları ilə əhatələnmişdi. Bu böyük dövlətin imperiya halına gəlməsinə isə sadəcə bir addım qalmışdı.

Fateh Sultan Mehmet 1451-ci ildə taxta çıxarkən cəmi 19 yaşı var idi. Avropada bir çoxları gənc sultanın uğur qazana biləcəyinə şübhə ilə yanaşır, Balkanlarda, Egeydə xristian gücləri qarşısında məğlub olacağını proqnozlaşdırırdılar.

Ağlı və zəkası ilə fərqlənən gənc hökmdar səfər hazırlıqları çərçivəsində Konstantinopolun dənizlə olan əlaqəsini tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq məqsədilə Rumeli Hasarının tikintisinə başlanılmasını əmr etmişdi. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. 400 əsgərin müdafiə etdiyi qala Firuz Ağaya tapşırılmışdı. Lakin tikintinin başa çatması ilə boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Buna görə də bizanslılar bütün xristian dünyasından yardım istəyirdi. Roma papası isə II Mehmetə xristianlığı qəbul edəcəyi təqdirdə nəinki Konstantinopolu, bütün dünyanı qan tökülmədən fəth etməyi vəd etmişdi. Bu təklif isə Mehmet tərəfindən qəzəblə qarşılanmış və bunu bildirən elçi qala divarlarından aşağıya atılmışdır.

1453-cü il aprelin 6-da Osmanlı ordusu Qızıl Buynuzdan Mərmərəyə qədər uzanan divarlar qarşısında yerləşdirilmişdi. İki gün sonra artıq Baltaoğlu Süleyman Paşanın komandanlığı ilə Osmanlı Donanması Prinkipos (Büyükada) və Antiqoni (Burgaz adası) və Tarabyada Bizans qalasını ələ keçirmişdi. Aprelin 20-də isə 4 Genuya gəmisi təchizatı tükənmiş şəhərə dəstək üçün hərbi yardım gətirdi. Osmanlı donanması buna mane ola bilmədi. Bu hadisədən sonra Osmanlı tərəfində mənəvi sarsıntı yaşansa da, tez bir zamanda tarixə keçəcək addım atıldı. Osmanlı gəmiləri quru yol ilə dənizə endirildi. Plan daha əvvəl hazırlansa da, Genuya gəmilərinin Bizansa yardım gətirməsi bu planı sürətləndirdi.

Mayın 29-da Osmanlı ordusu günəş doğmadan mehter marşı ilə hücum yürüşünə başladı. II Mehmet yeniçərilər ilə qala divarlarına yaxınlaşdı. Bizans qoşunları artıq tükənmişdi, qətiyyətli və təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara çatdılar. Fateh Mehmet rəhbərliyi ilə yeniçərilər sürətlə şəhərə doğru irəlilədilər. II Mehmet vəzirləri və komandirləri ilə birlikdə Müqəddəs Romanos qapısından (Topkapı) şəhərə daxil olaraq Ayasofyanın önünə gəldilər. Mehmet kilsəyə sığınan camaatın həyatına toxunmadı.

Beləcə, İstanbulun fəthi Bizans imperiyasına son qoymaqla yanaşı, dünyanın ən inkişaf etmiş elm, mədəniyyət beşiklərinin birinə çevrildi.

Ramidə YAQUBQIZI,

"Respublika".