Qurtuluşun 31-ci baharı
Tarix

Qurtuluşun 31-ci baharı

Fəsillərin hamısı gözəldir, ancaq bahar torpağın oyanışını, təbiətin dirçəlişini, yaranışını əks etdirir. Milli mənliyimizin qurtuluş baharı Azərbaycan məmləkətini siyasi tufanlardan, qardaş qırğınından, parçalanmaqdan, insanları qılınc kimi çapan qıtlıqdan, anarxiyadan, haqsızlıqdan, köləlikdən xilas etdi. Bu nicat baharını öz fitri zəkası, siyasi təcrübəsi, xalqına sonsuz məhəbbəti, Vətənə vurğunluğu ilə seçilən ulu öndər Heydər Əliyev sevdiyi Azərbaycana bəxş etdi. Qurtuluş və inkişaf düsturunu, var olmaq fəlsəfəsini, həyat həqiqətlərini, tərəqqi yollarını öz ölkəsinə, doğma xalqına dahiyanə şəkildə göstərdi, anlatdı. Ötən əsrin 90-cı illərinin əvvəlində baş verən hadisələr, AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi torpaqlarımıza qarşı erməni hərbi təcavüzü, qaçqınlıq, məcburi köçkünlük, iqtisadiyyatın dağılması, vətəndaş müharibəsi təhlükəsi, anarxiya, xaos, dövlət çevrilişlərinə qəsd, uzun-uzadı çörək növbələri, ərzaq qıtlığı insanların başı üzərində qasırğa kimi təhlükə saçırdı. Azərbaycan sözün əsl mənasında qaranlığa bürünmüşdü, bu zülmət irticası insanları təhdid edir, qorxudur, təqib edirdi.

Yaxşı yadımdadır, həmin illərdə Azərbaycanın enerji təsərrüfatı tamamilə çökmüş, viran edilmiş, əhali işıq üzünə həsrət qalmışdı. Rayon mərkəzlərində cəmi 2-3 saat işıq yanırdı, kəndlərin çoxu qaranlığa bürünmüşdü, insanlar şam işığına möhtac qalmışdılar. Adi məftil parçası, işıq dirəyi tapılmır, elektrik xətləri hörümçək toruna bənzəyir, bu biabırçılığa biganəlik baş alıb gedirdi. Yaxın keçmişin işğal və köçkünlük ağrıları, 1992-1993-cü illərin dərəbəylik, xaos, qıtlıq sindromu, yenicə əldə edilən müstəqilliyi itirmək təhlükəsi, vətəndaş müharibəsinin xofu, xalqın çarəsiz durumu, ölkəni bürüyən qaçqın və köçkün dalğası, çadır düşərgələri, törədilən terror və sui-qəsdlər, küçələrdə silahlı adamların dolaşmağı, hər an yaxalana biləcəyimiz təhlükələr, yaşadığımız ağır dönəmlər nəticə çıxara bilmək üçün tarixin ən yaxşı ibrət dərsləridir. Ötən əsrin 90-cı illərinin əvvəlində yetmiş il dünyaya hökmranlıq edən sovet imperiyasının çöküşü, milli-azadlıq ideyalarının çiçəklənməsi, Bakı şəhərinin küçələrində müstəqillik arzusu ilə dinc nümayiş keçirənlərin gülləbaran edilməsi, 20 Yanvar faciəsi, ərzaq dükanlarının qarşısında yaranan uzun-uzadı növbələr, çörək qıtlığı Azərbaycanı fırtınalı dənizdə yelkənsiz gəmi kimi naməlum istiqamətə aparırdı. Ermənistanın işğalı nəticəsində ata-baba yurdlarından didərgin düşən, yataqxanaların balaca otaqlarında, yarımçıq tikililərdə, zirzəmilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin taleyinə ağır zərbələr dəydi. Həmin illərdə Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən insanların üzləşdiyi çıxılmaz vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu. İnsanlar müharibənin xofu, faciəsi ilə üz-üzə qalmışdılar, cəbhədən gələn ağır xəbərlər ailələrin qapısını döyürdü. Rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya, dərəbəylik baş alıb gedir, insanlar aclıqla imtahana çəkilirdilər. Bir sözlə, Azərbaycan dərin bir uçurumun kənarındaydı. Fikirləri, düşüncələri dağılan insanları yalnız bir sual düşündürürdü, Azərbaycanı bütün bəlalardan xilas etmək mümkün olacaqmı?! Belə çıxılmaz bir durumda xalq öz oğluna, görkəmli dövlət xadimi, böyük siyasətçi, qətiyyətli, lider bacarığı ilə dünyada tanınan dahi Heydər Əliyevə üz tutdu, xalqın haqlı və təkidli tələbi ilə ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı. Azərbaycanı tükənməz bir məhəbbətlə sevən Heydər Əliyev onu uçurumdan, parçalanmaqdan, kölə vəziyyətinə düşməkdən xilas edərək ümummilli lider zirvəsinə ucaldı. Dahi insanın təbirincə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin və şərəflidir. Ulu öndər ilk növbədə cəbhədə atəşkəsə nail oldu və sülhpərvər mövqeyinə görə Azərbaycan Avropa Birliyi, beynəlxalq təşkilatlar tərəfindən güclü dəstək qazandı.

Ulu öndər Heydər Əliyev çökdürülmüş ölkəni xilas etmək üçün böyük fədakarlıqlar göstərdi, qayda-qanunu bərpa etdi, sıradan çıxarılmış infrastruktur bərpa olundu, enerji təsərrüfatının dirçəldilməsi üçün lazımi qərarlar qəbul edildi. Azərbaycan bütün təhlükələrdən xilas edildi, qarşıda inkişaf yolu açıldı, tərəqqinin üfüqləri göründü. Ən əsası isə hakimiyyət aparatı möhkəmləndirildi, naşı və təcrübəsiz kadrlar kənarlaşdırıldı, çalxalanan cəmiyyətin nəbzi öz ahənginə qaytarıldı. Ümummilli Lider Heydər Əliyev xalqının ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad ediləcəyinə inam yaradan müdrik rəhbər, sevilən milli lider idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən Heydər Əliyev ötən əsrin ortalarında ermənilərin keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqındakı həyasız ideyalarına qarşı qətiyyətlə, əzmkarlıqla mübarizə apardı. Bu haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: "…1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya ovaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım". Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi eyni zamanda Azərbaycanda xalqlar birliyinin dövlət siyasətinə çevrilməsinin əsasını qoymuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıtdığı gün, Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulamış, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırmışdı: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". Tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millət və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınıb. Əlverişli coğrafi şəraiti, təbii imkanlar, münbit və bərəkətli torpaq, ən əsası isə, Azərbaycan xalqının səmimiyyəti, xoşniyyətlik və mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşadığı ölkə kimi tanınıb.

Müxtəlif zaman fasilələri ilə iyun ayının 15-i - ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı və "bir millət, iki dövlət"in başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə imza atdıqları Şuşa Bəyannaməsinin qəbul edildiyi tarixi gündür. 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində imzalanan bəyannamə bir ananın iki oğlu, Azərbaycan ilə Türkiyənin sarsılmaz müttəfiqliyinin polad kimi qırılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə ilə Azərbaycanın müttəfiqliyinin möhkəmləndirilməsi üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin fədakar xidmətləri olub. Heydər Əliyev tariximizin ən çətin dönəmlərində böyük xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. Respublikada 1991-1992-ci illər hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin səriştəsiz rəhbərliyinə görə baş verirdi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

Ulu öndər Heydər Əliyev çox böyük fədakarlıqla milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Müstəqil ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. 1994-cü ilin may ayında işğalçı Ermənistanla həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Dörd aydan sonra, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bir sözlə, həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Qalib ölkəmiz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Çünki müstəqil Azərbaycanın idarəetmə sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Son 20 ilin uğurları içərisində torpaqlarımızın işğaldan azad olunması, düşmənin döyüş meydanında məhv edilməsi, şəhidlərin qisasının alınması, ləyaqətli Böyük Qayıdışın başlanması dayanır. Üç ildir ki, erməni əsarətindən azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sözə sığmayan, düşüncələri aşan böyük dirçəliş dövrü başlanıb. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır, ermənilər tərəfindən viran edilmiş yurd yerlərinin miskin görkəmi laləzara çevrilir, bu yerlərə gözəllik və işıqlı bir həyat qayıdır. Əsas vəzifə keçmiş məcburi köçkünləri tezliklə doğma diyara qaytarmaqdır. Üç il zaman baxımından qısa vaxt olsa da, işğaldan azad edilmiş ərazilərdə mübaliğəsiz demək olar ki, əlli ilin işi görülüb, Böyük Qayıdış toy-bayrama çevrilir, sevinc göz yaşları doğma yurd həsrətinə məlhəm olur, sükunətə, səssizliyə bürünmüş ata-baba yurdları indi gülüşə, fərəhə, qürura, sevincə qucaq açır. Azərbaycan öz gücü, maliyyə vəsaiti ilə böyük quruculuq və qayıdış dövrünü uğurla davam etdirir. Türk dünyasının lideri Heydər Əliyev dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər ki Azərbaycan var, ulu öndər Heydər Əliyev ideyaları yaşayacaq, nəsildən-nəsilə ötürüləcək.

Salman ALIOĞLU,

"Respublika".