ÖTƏN İL MÖHTƏŞƏM İDMAN UĞURLARIYLA DA YADDA QALDI
Tarix

ÖTƏN İL MÖHTƏŞƏM İDMAN UĞURLARIYLA DA YADDA QALDI

Ötən il ölkəmizdə bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində hər il olduğu kimi, 2023-cü ildə də dünyanın idman nəbzi Azərbaycanda döyündü. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da reallaşdırmağa tam hazırdır.

Azərbaycanda ötən il keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, 17 yaşlı qızlar arasında həndbol üzrə Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə "Landmark 7" beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi.

Vurğulamaq lazımdır ki, Azərbaycan Gimnastika Federasiyası Mehriban xanım Əliyevanın rəhbərliyi sayəsində böyük uğurlar əldə edib. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurların sayı artıb.

2023-cü ildə ölkəmiz ən güclü pilotların mübarizə apardığı Formula 1 üzrə Azərbaycan Qran-Prisinə evsahibliyi edərək bütün qitələri əhatə edən tamaşaçıları yenidən bir yerə topladı. Onlar dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, qədim tarixə malik müasir Bakının füsunkar gözəlliyi ilə də tanış oldular. Yarış zamanı Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yayımlanan turniri beş yüz milyon televiziya tamaşaçısı ekrandan izləmək şansı əldə etdi.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped turniri ilin əlamətdar idman hadisələrindən biri oldu. Veloyarışda dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar qələbə uğrunda mübarizə apardılar. İyunun 7-də Bakıda start götürmüş 3 gün davam edən turnir Şuşa şəhərində yekunlaşdı. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində yenidən qurulduğunu göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqət göstərildiyinin bariz nümunəsi oldu.

Ötən il dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi - FIA Prize-Giving Ceremony baş tutdu. Hər ilin sonunda fərqli ölkələrdə reallaşan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqləndi. Azərbaycanın mədəniyyətini, qonaqpərvərliyini, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətini özündə cəmləşdirən mərasim bütün dünyada əks-səda doğurdu.

Azərbaycanın idman tarixində yaddaqalan hadisələrdən biri isə 30 illik fasilədən sonra Xankəndidə keçirilən futbol matçının ilk qolu oldu. 2023-cü il dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ" ilk dəfə "MOİK"lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Vaxtilə özündə separatçı rejimin simvollarını daşıyan "Xankəndi" stadionunda Ağdam təmsilçisi Nəriman Axundzadə rəqib qapısına vurduğu topla tarixə imza atdı. II Liqa təmsilçisi MOİK-ə minimal hesabla qalib gələn "Qarabağ"ın işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçında qazandığı qələbə təkcə ilin yox, Azərbaycan idman tarixinin önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu.

Geridə qoyduğumuz 2023-cü il, eyni zamanda beynəlxalq turnirlərdə də qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı Dünya Çempionatında üçüncü pillədə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu.

2023-cü ildə qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqla idman sahəsində öz izlərini qoydular.

Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu.

Şahmatçılarımız da məhsuldar bir i

li geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi.

Azərbaycan idmançıları 2023-cü ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə ediblər. Bu, Azərbaycanın idman tarixində rekord göstəricidir.

Bu gün böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.

Nurəngiz ADİLQIZI,

"Respublika".