Regionların inkişafı uğurlu siyasətin vacib prioritetlərindəndir
İqtisadiyyat

Regionların inkişafı uğurlu siyasətin vacib prioritetlərindəndir

"Azərbaycanın hər bir guşəsi, hər bir rayonu, kəndi inkişaf etməlidir. Azərbaycanda gedən uğurlu iqtisadi siyasətin nəticəsini hər bir vətəndaş hiss etməlidir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Regionların inkişafı, tərəqqisi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu sahədə qəbul edilmiş Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin rifah halının yüksəldilməsinə geniş imkanlar açmışdır.

2003-cü ildə prezident seçiləndən sonra dövlətimizin başçısı cənab İlham Əliyevin ilk fərmanı da "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" olmuşdur. Bu fərmanın icrası nəticəsində paytaxtda və ölkənin regionlarında iqtisadi inkişaf daha da sürətlənmiş, bütün sahələrdə əsaslı dönüş, yüksəliş təmin olunmuşdur.

Həmin fərmanın məntiqi davamı olaraq 11 fevral 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edildi. Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində bu və sonrakı illərdə qəbul olunmuş dövlət proqramlarının (2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) mühüm əhəmiyyəti vardır. Məhz bu proqramlar tamamilə yeni səhifə açmış, qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir.

Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin təbliği və bu sahədə həyata keçirilən tədbirlərin geniş oxucu kütləsinə çatdırılması "Respublika" qəzetinin yaradıcı heyətinin daim diqqət mərkəzindədir. Redaksiyanın kollektivi tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci və ikinci Dövlət proqramları nəfis şəkildə kitab halında çap olunmuşdur.

2004-cü ilin mart ayında "Respublika" qəzeti daha bir ilkə imza ataraq Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" geniş müzakirəsini keçirmişdir. Dövlət proqramlarının icra vəziyyəti haqqında qəzetdə müntəzəm müəllif yazıları, alimlərin, mütəxəssislərin rəyləri dərc olunur.

Son 20 il ərzində regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı uğurla icra olunub. Dövlət Proqramlarında qarşıya qoyulmuş vəzifələrin icrası sayəsində Lənkəran-Astara iqtisadi rayonunda da davamlı və tarazlı inkişaf təmin olunmuş, bölgənin iqtisadi potensialı artmış, yeni iş yerləri yaradılmış, əhalinin güzəranı, maddi rifah halı yaxşılaşmışdır.

Lənkəran-Astara iqtisadi rayonu Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarını əhatə edir. Dövlət proqramlarının icrası sahəsində bölgədə ardıcıl, məqsədyönlü işlər görülüb, dinamik inkişaf təmin olunub.

Regionun mərkəzi sayılan Lənkəran rayonu böyük iqtisadi potensiala malikdir. Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayonda görülmüş işlərlə bağlı fikirlərini bizimlə bölüşdü: "Lənkəran respublikamızda iri kənd təsərrüfatı və sənaye rayonu kimi tanınır. Sənaye əsasən tərəvəz, çay və balıq məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Sənayenin inkişafı istiqamətində yeni, müasir layihələr tətbiq olunur.

"Laran" Məhdud Məsuliyyətli Cəmiyyətin qənnadı fabrikinin yaradılması, qənnadı və şirniyyat məhsullarının geniş çeşiddə və həcmdə istehsalı Lənkəran sənayesi üçün yeni sahədir. İllik istehsal gücü natura ifadəsində 2000-2500 ton olan müəssisədə 5 növdə və 56 çeşiddə karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada Braziliya, Türkiyə, Çin və Rusiya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur. Müəssisədə 120 nəfər çalışır.

Sitrus meyvəçiliyinin inkişafı, əhalinin sitrus məhsullarına tələbatının ödənilməsi, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə çoxlu işlər görülüb. Son illər rayonda 183 hektar yeni sitrus bağı salınıb.

Sitrusçuluqda iri təsərrüfatların yaradılması təqdirəlayiq haldır. Separadi kəndində "Lenk Fruit" MMC-yə məxsus sitrus bağı 150 hektar ərazini əhatə edir. Burada Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu tətbiq olunur. Burada respublikamızda ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb.

Osaküçə kəndində "Beta" şirkəti, İstisu qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatı, Haftoni qəsəbəsində və Şağlaküçə kəndində fermer və ailə təsərrüfatları tərəfindən yeni çay plantasiyaları salınıb. "Beta" şirkəti çayçılıq üzrə tingçilik təsərrüfatı yaradıb. Tükəvilə kəndində 10 hektar sahədə damcı üsulu tətbiq edilməklə kinkan bağı salınıb.

Rayonda çəltikçilliyin inkişafı diqqət mərkəzindədir. Lənkəran Regional Təlim Mərkəzində yüksək məhsuldarlığı ilə seçilən 13 çəltik növü üzərində tədqiqat işləri aparılıb və 2 məhsuldar növ dövlət sınağına təqdim olunub. Mərkəzdə istehsal olunmuş 20 ton reproduksiyalı buğda və 3 ton çəltik toxumu fermer təsərrüfatlarına çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müasir standartlara cavab verən Ələt-Astara avtomobil yolu tikilib. Lənkərandan paytaxta 4-5 saatlıq yolu indi 2 saata rahat qət etmək olur. Dövlətimizin qayğısı sayəsində 56 kilometrlik Lənkəran-Lerik və 7 kilometrlik Hirkan-Mamusta-Siyavar avtomobil yollarının tikintisi başa çatdırılıb. Uzunluğu 38,6 kilometr olan Səpnəkəran-Şürük-Sütəmurdov-Velədi-Gərmətük-Bala Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəlləbur-Qurumba kəndlərarası avtomobil yollarında əsaslı təmir işləri aparılıb.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası sayəsində Masallı rayonunun iqtisadi və sosial mənzərəsi xeyli dəyişib. Sənayenin inkişaf etdirilməsi məqsədilə Masallı Sənaye Məhəlləsi yaradılıb. Məhəllənin nəzdində 10 müəssisə var. Xalça fabrikinin tikintisi üçün 0,4 hektar torpaq sahəsi ayrılıb.

 Rayonda çay plantasiyaları ilbəil genişləndirilir. "Azərsun" Holdinq tərəfindən Kolatan kəndində 100 hektar çay plantasiyası salınıb. Mahmudavar kəndində 2,5, Miyankü kəndində 1,2, Tüklə kəndində 11 hektarda çay kolları əkilib. Rayonda yaşıl çay sahələri 115 hektara çatdırılıb.

Sitrusçuluğun inkişafına xüsusi diqqət yetirilir. Son illər şəxsi və fermer təsərrüfatlarında 68 hektara yaxın yeni bağ salınıb. Sitrus bağlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. "Yaşıl bazar" kompleksinin yaradılması məqsədilə Masallı şəhərində 10 hektar torpaq sahəsi ayrılıb.

Son illər ümumi uzunluğu 18 kilometr olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolu əsaslı təmir edilərək istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində kəndlər, yaşayış sahələri qazlaşdırılır. Ninalov, Əzizabad, Məmmədrzaküçə kəndlərinə, Ərkivan qəsəbəsində yeni yaşayış massivinə qaz xətləri çəkilib.

"Kəndlərin içməli su ilə təchizatı" layihəsi çərçivəsində 20 kilometr uzunluğunda daşıyıcı su xətləri çəkilib. Rayonun 5 kəndi içməli su ilə təmin edilib.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işləri görülüb. Rayonda 4 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Daha 6 quyunun qazılması nəzərdə tutulub. Mahmudavar, Miyankü, Tüklə, Hişkədərə, Kolatan və Sığdaş ərazilərində 22 sututarda təmir-bərpa işlərinin aparılmasına hazırlıq görülür.

Təhsil, səhiyyə, mədəniyyət müəssisələrində tikinti, təmir, bərpa işləri görülüb. Göyəçöl kəndində 264 şagird yerlik, Boradigah qəsəbəsində 624 şagird yerlik tam orta məktəb binaları tikilərək istifadəyə verilib.

Masallı həm də böyük turizm potensialına malikdir. Rayonun Qəriblər kəndində 10 hektar sahədə "Turizm şəhərciyi"nin yaradılmasına hazırlıq görülür.

Cəlilabad respublikamızın iri aqrar rayonlarından biridir. Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.

Keçən il məhsul istehsalçıları tərəfindən 183478,4 ton buğda, 20664 ton arpa, 7840 ton vələmir, 6160,6 ton noxud, 216 ton mərci, 259,4 ton lərgə, 171500 ton kartof, 1375,2 ton tərəvəz, 83 ton qarğıdalı, 260 ton günəbaxan, 14010 ton çiyələk və 22923 ton üzüm istehsal olunub.

Son illər yerli əhəmiyyətli avtomobil yollarının tikintisinə diqqət artırılıb. Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli kəndarası avtomobil yollarının tikintisi başa çatdırılıb. Çünzəli kəndində 1,4 kilometr yola asfalt döşənib.

Cəlilabad və Göytəpə şəhərlərində, rayonun kəndlərində 1007 ev qazlaşdırılıb. Ötən il 44 qazi və şəhid ailəsinin yaşadığı mənzillərə təbii qaz xətləri çəkilib.

Cəlilabad şəhərinin yeni yaşayış massivində 624 şagird yerlik və Sərhədabad kəndində 360 şagird yerlik tam orta məktəb binaları tikilib. Albalan, Alaşar, Hasıllı, Cəfərli, Vənlik, Həsənli, Söyüdlü, Sarxanlı, Əsədli, Moranlı kəndlərində modul tipli məktəb binaları inşa olunub. Təhsil ocaqları müasir avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilib.

Son 5 ildə Astara rayonuna 60,4 milyon manatdan çox yerli investisiya cəlb edilib. İnvestisiyaların 15,7 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 1,5 milyon manatı balıqçılıq, 7,2 milyon manatı xidmət, 8,2 milyon manatı ticarət və 27,8 milyon manatı turizm sahəsinə yönəldilib.

Rayonda aqrar sahə dinamik inkişaf edir. Fermer və şəxsi təsərrüfatlarda çəltikçiliyə maraq çoxdur. Keçən il 236 hektar sahədə çəltik əkilib. Plantasiyalara aqrotexniki qulluq göstərilərək 967,6 ton çəltik yığılıb. Hektarın məhsuldarlığı 41,03 sentnerə çatdırılıb.

Ərçivan qəsəbəsində Çin Xalq Respublikasından gətirilən müasir çəltik emalı zavodu quraşdırılıb. Yeni müəssisənin gündəlik emal gücü 40, çəltik qurutma imkanı isə 10 tondur.

İntensiv bağçılıq təsərrüfatlarının yaradılması və yeni sitrus bağlarının salınması diqqət mərkəzindədir. 2022-ci ildə şaxtaya davamlı və yüksək məhsuldarlığa malik Satsoma, Primasol, Ortanik, Nova, Rubinson və Okitsu növlərindən 9 min ting, 2023-cü ildə Okitsu və Mursott növlərindən 25400 ting Türkiyədən gətirilərək intensiv sitrus bağları salınıb. Sitrus və subtropik meyvə bağlarının sahəsi 4480,43 hektara çatdırılıb.

Ölkə Prezidentinin 2019-2023-cü illərdə müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayonun yol infrastrukturu əsaslı şəkildə yeniləşib. Dağlıq ərazidə 8 kilometrlik Pəlikəş-Dolu, 15 min nəfər əhalinin yaşadığı, 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolları yenidən qurulub və yollara isti asfalt döşənib. Dürriyə-Şümrüd avtomobil yolu əsaslı təmir olunur.

Rayonun qaz təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Deqadi və Səlivə kimi ucqar dağ kəndləri də daxil olmaqla Astara şəhəri, 2 qəsəbə və 39 kənd qazlaşdırılıb.

Astara şəhərində Şəhidlər xiyabanının ərazisi yenidən qurulub. Heydər Əliyev prospektində müasir üslubda Zəfər parkı salınıb. Səncərədi kəndində şəhidlərin xatirə kompleksi inşa olunub.

Dövlət Proqramının həyata keçirildiyi 2019-2023-cü illərdə 966 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Layihəyə qoşulanlardan 329 nəfər qadın, 49 nəfər Qarabağ müharibəsi əlili, 68 nəfər müharibə veteranı və 37 nəfər şəhid ailələrinin üzvləridir. Ötən müddətdə 3347 nəfər rayonun idarə və müəssisələrində mövsümi və daimi işlərlə təmin edilib.

"AAAF Park Astara" layihəsi çərçivəsində 714 kvadratmetrlik ərazidə basketbol meydançası tikilib istifadəyə verilib. Astara şəhərinin park-bulvar ərazisində "Zirvə İnternational Sport Clubs" MMC-yə məxsus atçılıq idmanı üzrə cıdır meydançası, lazımi infrastruktur və Kartinq mərkəzi yaradılıb. Çayoba kəndində sosial layihə çərçivəsində açıq və qapalı mini futbol və voleybol meydançaları, Qamışoba kəndindəki "Astalanya City" istirahət mərkəzində idman zalı tikilib istifadəyə verilib.

Təhsil Nazirliyinin dəstəyi ilə 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi, Qapıçıməhəllə, Şəmətük, Dürriyə, Lomin, Dolu, Şəvqo və Xıçaso kəndlərində isə modul tipli məktəblər inşa edilib. Diqo kəndində 56 şagird yerlik modul tipli məktəbin tikintisi yekunlaşmaq üzrədir. 360 şagird yerlik Sərək kənd tam orta məktəbinin inşası davam etdirilir.

Yaponiya səfirliyi ilə əməkdaşlıq çərçivəsində Deqadi kənd ümumi orta məktəbi üçün 144 şagird yerlik əlavə korpus tikilib. Təhsil Nazirliyi tərəfindən Pensər kənd 1 nömrəli və Şahağac kənd 1 nömrəli tam orta məktəblərində cari təmir işləri aparılıb.

Astara respublikamızda həm də turizm diyarı kimi tanınır. Son illər rayonda "Mandarinnart" hotel, Kijəbə qəsəbəsində "Gölkənd" istirahət mərkəzi, "AAAF Park Astara"ya məxsus hotel, Qamışoba kəndində 4 mərtəbəli hotel, 3 və 5 mərtəbəli hotel-restoran, 2 mərtəbəli qonaq evi, 5 ədəd kottec, Astara şəhərində "OKHATAN" MMC tərəfindən "Turizm" sahəsi, Şahağac kəndində "Yeni İstirahət Mərkəzi" tikilib istifadəyə verilib. Bu gözəl, füsunkar diyara turistlərin gəlişi ilbəil artır".

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının dağlar diyarı Lerikin inkişafında, abadlaşmasında, əhalinin sosial problemlərinin həllində, rifah halının yüksəldilməsində mühüm rol oynadığını vurğulayaraq dedi:

- Dövlət proqramları ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da uğurla icra edilib. Rayonda yeni infrastruktur sahələr yaradılıb, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət obyektləri, yeni avtomobil yolları inşa edilib, qaz və su xətləri çəkilib. Lerik şəhərində və kəndlərdə genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri görülüb.

Sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub, yeni müəssisələr tikilib istifadəyə verilib. Təkcə keçən il rayonda 1074 daimi, 329-u müvəqqəti olmaqla 1403 yeni iş yerləri açılıb. Sosial müdafiəyə ehtiyacı olan şəxslərdən 110 nəfər özünüməşğulluq proqramına cəlb olunub.

2003-2023-cü illər ərzində rayonda 20557 yeni iş yeri açılıb ki, bunun da 40 faizindən çoxu daimi iş yerləridir.

Lerikdə aqrar sahə böyük potensiala malikdir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır. Keçən il rayonda 88720 ton buğda, 2946 ton arpa, 3040 ton çovdar, 768 ton qarğıdalı, 223010 ton kartof, 2616 ton paxlalı bitkilər, 45624 ton tərəvəz, 1706,6 ton meyvə istehsal olunub.

Lerikdə ildə 280 tondan çox ekoloji cəhətdən təmiz bal istehsal olunur. Azərbaycan hökumətinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Sosial İqtisadi İnkişaf Proqramı (SEDA) çərçivəsində Piran kəndində bal emalı sexi fəaliyyətə başlasa da sonradan sexin fəaliyyəti dayandırılıb. Balın sənaye üsulu ilə qablaşdırılması bu sahənin inkişafına stimul yaradacaqdır.

Mini süd qəbulu və ət tədarükü məntəqələrinin, meyvə emalı sexlərinin açılmasına da ehtiyac vardır. Rayonda üzümçülüyün bərpası, xalça fabrikinin açılması işsizliklə bağlı problemlərin həllinə kömək edəcəkdir. Yerli xammaldan istifadə etməklə tikinti materialları, o cümlədən, əhəng, sement, mərmər, üzlük daşları, kərpic istehsal etmək olar.

"Azərsu" ASC tərəfindən Lerik şəhərinə içməli su xətti çəkilib, 1500 abonent sayğacla təmin edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Şingədulan, Molalan, Sors və Geskon kəndlərinə su xətləri çəkilib və kəndlərdə bulaqlar tikilib.

Son illər 10-a yaxın kənddə artezian quyusu qazılıb. Rayonun 155 yaşayış məntəqəsinə indiyə kimi su xətləri çəkilməyib. Yay aylarında 33 kənddə su qıtlığı yaranır. Sakinlər suyu çox çətinliklə uzaq məsafələrdən daşımalı olurlar. Mövcud problemi artezian quyuları qazmaqla, bulaq və çaylardan su xəttləri çəkməklə həll etmək olar.

Ölkə başçısının yüksək qayğısı sayəsində 60 yaşayış məntəqəsi qazlaşdırılıb. Zövnə və Veri Əliabadı kəndlərinin qazlaşdırılması üçün tikinti işləri görülür. "Azəriqaz" İstehsal Birliyinin 2024-cü il investisiya proqramında Lərmərud, Kiravud, Gürdəsər, Pirasora, Orand, Siyov, Qələbin, Şonaçola, Almu və Kornədi kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.

Lerik şəhərində Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə "Vətən bağı" salınıb. Lerik-Lənkəran avtomobil yolunun Lerik şəhəri ilə Noda kəndini birləşdirən hissəsində 400-dən çox akasiya ağacı əkilib, müasir işıqlandırma sistemi qurulur.

Şingədulan kəndində Lerik Atçılıq Mərkəzi inşa olunub. Mərkəzdə Qarabağ, ingilis, kabardin balkar və digər cinslərdən olan 10 baş at bəslənilir.

Turizmin inkişafı ilə əlaqədar "Relax", "Təbəssüm", "Meşəbəyi", "9 Qardaş" və digər turizm mərkəzlərində yeni hotellər, istirahət meydançaları inşa olunub. "Cənub" turizm istirahət mərkəzində 1,1 milyon manat dəyərində 30 kottecin tikintisinə başlanılıb. Noda-Şingədulan-Xanagah yolunda "Asəf" ailəvi istirahət mərkəzi inşa edilib.

Dövlət Proqramının uğurla icrası sayəsində Yardımlı şəhərinin, kəndlərin siması xeyli dəyişib, müasirləşib. Əhalinin gəlirləri artıb, güzəranı, yaşayış səviyyəsi yüksəlib.

Rayonda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 544,07 min manat subsidiya verilib. Nəticədə əkin sahələri ilbəil artırılır, məhsuldarlıq yüksəlir. Keçən il rayonda 8625,2 ton taxıl, 8595 ton kartof, 2325,3 ton tərəvəz istehsal olunub.

Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən heyvandarlıq sahəsində çalışan sahibkarlara 361 min manat, arıçılara 50 min manat güzəştli kredit verilib.

Yardımlıda sosial problemlərin həlli istiqamətində xeyli işlər görülüb. Son illər Perimbel, Dəlləkli, Çayüzü və Ostayır kəndlərinə qaz xətləri çəkilib. Şəfəqli kəndinin qazlaşdırılması istiqamətində son tamamlanma işləri görülür. Rayonun yaşayış məntəqələrinin 20 faizi qazlaşdırılıb, əhalinin 43,4 faizi mavi yanacaqdan istifadə edir.

Rayonda internet xidmətlərinin şəbəkəsi genişləndirilir. Son vaxtlar 2 müasir sviç avadanlığı quraşdırılıb, internet şəbəkəsinin tutumu 322 port artırılıb. Porsova kəndi istiqamətində 1,2 kilometr uzunluğunda birləşdirici fiber-optik kabel çəkilib.

Yardımlı şəhərindəki 180 şagird yerlik 4 nömrəli tam orta məktəbin, Çanaxbulaq, Peştəsər, Arvana, Cerimbel, Bərcan kənd modul tipli məktəblərin tikintisi başa çatdırılıb. Dəlləkli kənd ümumi orta məktəb əsaslı təmir olunub. Təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilərək şagirdlərin istifadəsinə verilib.

Dövlət Proqramının Lənkəran-Astara iqtisadi rayonunda uğurla icrası sayəsində iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafı sürətlənib, biznes mühiti yaxşılaşıb. Əhalinin məşğulluq səviyyəsi ildən-ilə yüksəlir, güzəranı daha da yaxşılaşır. Regional tarazlığın əldə olunması həm də ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".