KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilir
İqtisadiyyat

KOB subyektlərinə “Startap” şəhadətnaməsi verilir

2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

KOBİA-nın mətbuat xidmətinin verdiyi məlumata görə “Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur.

Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“Respublika”.