Yeni idarəetmə üsulu: Xüsusi nümayəndəliklər
İqtisadiyyat

Yeni idarəetmə üsulu: Xüsusi nümayəndəliklər

Azad edilmiş torpaqlarda yaradılan daha çevik strukturlar özünü doğruldur

"Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb". Bu fikri Prezident İlham Əliyev cari il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində kadr islahatlarından, ölkədə tətbiq edilən yeni idarəetmə modelindən danışarkən bildirib.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu işlərin daha effektiv şəkildə aparılması məqsədilə 2021-ci il fevralın 4-də  xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı Fərman imzalamış, Fərmana əsasən ilk olaraq Şuşa şəhərində  Prezidentin xüsusi nümayəndəsi  fəaliyyətə başlamışdır.  Onun ardınca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi  nümayəndəliklər formalaşdırılmış, yeni yaradılan qurumların  rahat işləməsi üçün inzibati binalar  tikilib istifadəyə verilmişdir. Bu da xüsusi nümayəndələrin   ölkə başçısının qəbul etdiyi  qərarların dövlət orqanları tərəfindən müvafiq ərazidə həyata keçirilməsinin vəziyyətini qiymətləndirmək, bununla bağlı aidiyyəti üzrə məlumat vermək və s.  işlərin həyata keçirilməsinə imkan verir.   Onu da qeyd edək ki,  ötən  dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri geniş vüsət almışdır.

Müasir dövrdə dövlətlərin  idarəetmə sistemində  təzahür edən modernləşmə  yeni idarəetmə modellərinin  yaradılmasını zərurətə çevirir.  Bu gün respublikamızda aparılan  ardıcıl islahatlar da  idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Ölkədə ümummilli lider  Heydər Əliyevin idarəçilik  təliminin  siyasi varislik,  milli maraqlar,  sosial ədalət və demokratiya kimi  prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin  qurulması istiqamətində  ardıcıl islahatlar aparılır.  Bu islahatlar səmərəli və demokratik idarəçiliyin  formalaşdırılması,  dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin  artırılması,  xidmətlərin  daha keyfiyyətli, rahat və müasir  innovasiyalarla həyata  keçirilməsi və nəticə  etibarilə ölkə  vətəndaşlarının  rifah və məmnunluq səviyyəsinin təmin olunması kimi amillər əsasında reallaşdırılır.

Dövlət başçısının uğurlu və məqsədyönlü  siyasəti, ölkəmizin  yeni inkişaf mərhələsinə keçməsi,  müasir demokratik  mexanizmlərin  yaradılması və xalqa xidmət müstəvisində  səmərəli və şəffaf,  müasir idarəetmə modelinin,  vətəndaş dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının  formalaşdırılması korrupsiya yarada bilən  səbəbləri aradan qaldırmaq  üçün zəmin olmuşdur.  Dövlət başçısının siyasi  iradəsilə vətəndaşa, insan  faktoruna yönəldilmiş  müasir idarəetmə  modelinin tətbiqi istiqamətində kompleks tədbirlər görülür.  Qurulan yeni modeldə  "dövlət qulluqçusu"  anlayışı "cəmiyyətə, xalqa qulluq"  mənasını ifadə edir,  vətəndaşla məmur arasında  münasibətlərdə yeni düşüncə tərzi formalaşdırır.

İşğaldan azad olunmuş ərazilərdə  Prezidentin nümayəndələrinin  fəaliyyətə başlamasından  sonra bərpa-quruculuq  işlərinin geniş vüsət alması onu göstərir ki,  yeni idarəetmə modeli  özünü doğruldur.  Bu gün Qarabağ və Şərqi Zəngəzurda  görülən işlərin həcmini nəzərə alsaq deyə bilərik ki, bu, Azərbaycan dövlətinin,  xalqımızın daha bir qələbəsidir, çünki belə qısa zamanda  əldə olunan nəticələr dünyanın  özünü də təəccübləndirir,  dostlarımızı heyran edir.  Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır,  bölgələrimizə tədricən yeni həyat qayıdır. Dövlət başçısının göstərişi ilə su elektrik stansiyaları tikilir,  mövcud olanlar bərpa edilir, avtomobil yolları salınır, bu yolların çətin keçilən hissələrində tunellər çəkilir. Onu da qeyd edək ki, Kəlbəcər və Laçının torpaqları olduqca məhsuldardır və tarixən burada kənd təsərrüfatı, heyvandarlıq kimi sahələr inkişaf etdirilib.  Bu ərazilərdə də aqrar sahənin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin  çıxarılması və emalı  sənayesinin təşkili,  xalçaçılığın genişləndirilməsi də ölkə  iqtisadiyyatına böyük fayda gətirəcək.

İşğaldan azad olunmuş ərazilərdə  yeni hava limanlarının tikintisi də buradakı işlərin  həcminin real göstəricisidir. 2021-ci il avqustun 16-da  təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının  tikintisinin  2024-cü ildə başa çatdırılacağı  proqnozlaşdırılır. Bundan əvvəl isə Füzuli və Zəngilan hava limanları istifadəyə verilib.

Bəli, bu gün Qarabağda və Şərqi Zəngəzurda  bərpa-quruculuq işləri sürətlə davam etdirilir.  Məqsəd o yerlərin əbədi sakinlərinin  əzəli torpaqlarına qayıdışını təmin etməkdir.  Əsas hədəfə çatmaq üçün Azərbaycan bərpa prosesinin  öhdəsindən layiqincə gəlmək iqtidarındadır.  Bu işdə indi üzərində işlənilən yeni idarəetmə modeli - Prezidentin xüsusi nümayəndələrinin rolu böyükdür və onlar özlərini doğruldur. Bunu işlərin gedişi və nəticələr də  təsdiqləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".