Beynəlxalq logistika və tranzit mərkəzi
İqtisadiyyat

Beynəlxalq logistika və tranzit mərkəzi

"Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq". Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı söyləyib.

Əlverişli coğrafi mövqeyə, strateji tranzit imkanları və inkişaf etmiş nəqliyyat infrastrukturuna malik olan Azərbaycan regional logistika, tranzit mərkəzi kimi qiymətləndirilir. Tarixi İpək Yolunun məhz ölkəmizin ərazisindən keçməsi respublikamızın logistika sahəsindəki qədim ənənələrindən xəbər verir. Hazırda ticarət yollarının kəsişməsində yerləşən dövlətimiz günbəgün inkişaf etməkdə olan infrastrukturu ilə nəqliyyat habına çevrilib. Son dövrlərdə Azərbaycan hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı üçün böyük layihələr həyata keçirir. Bu müasir infrastruktur Cənubi Qafqazın yeni nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycan, eyni zamanda nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayə qoymaqla Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub", "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Respublikamız Şərq və Qərb arasında nəinki qapı rolu oynayır, hətta mühüm tranzit mərkəzi kimi Şimalla Cənubu birləşdirir. Nəqliyyat nöqteyi-nəzərindən, Asiya ilə Avropanı birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanlarının artmasına imkan yaradacaq. Bununla da Cənub-Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistana, buradan isə İrana daxil olacaq. Daha sonra bu yüklərin qatar vasitəsilə Qəzvin-Rəşt-Astara dəmir yolu ilə Azərbaycandan keçərək Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Azərbaycan və İran arasında tikilməsi planlaşdırılan Rəşt-Astara dəmir yolu dəhlizinin 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsi hesab edilir. Dəhlizin illik gəlirinin 20 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılıb ki, bu da gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Hətta ölkəmiz nəqliyyat sektorunda ildə 2,5-3 milyard ABŞ dolları əldə edəcək.

Digər mühüm nəqliyyat dəhlizi isə Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Orta Dəhlizdir. Azərbaycanın iqtisadi maraqlarının təzahürü olan bu layihənin əhəmiyyəti hazırda da davam edən Rusiya-Ukrayna müharibəsi dönəmində daha da artıb. Bunun əsas səbəbi Rusiya vasitəsilə Asiyadan Avropa bazarlarına gətirilən məhsulların tədarükündə problemlərin yaranmasıdır. Belə olduğu təqdirdə isə Orta Dəhlizin fəaliyyətinin gücləndirilməsi ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Çünki Orta Dəhliz iqtisadi baxımdan xüsusi önəm kəsb etməklə yanaşı, Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Çinin "Bir kəmər, bir yol" layihəsinin bir parçası olan Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindəndir. Bu Çinin Dəhlizə olan marağının daha da artmasına gətirib çıxarıb. Orta Dəhliz üzrə tranzit müddətinin cari ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi nəzərdə tutulub.

Azərbaycanın tranzit ölkə statusunu nəzərə alaraq TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsini də vurğulamaq lazımdır. Bu layihə nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırır, əməkdaşlığın forma və mexanizmlərini müəyyənləşdirir. Böyük İpək Yolu üzərində yerləşən ölkələrin əksəriyyəti sözügedən yolun bərpası, müasir nəqliyyat xəttinin yaranması məsələsini zəruri hal kimi qiymətləndirirlər. Başlanğıcını Şərqi Çin dənizi sahilindəki Sinan şəhərindən götürən və Avropa ilə Asiyanın bir çox şəhərlərini birləşdirən 13 min kilometrlik tarixi İpək Yolunun bərpası bir çox dövlətin iqtisadi inkişafına təkan verəcək.

Hazırda inkişaf etmiş ölkələrin əksəriyyətinin diqqətini cəlb edən marşrutlardan biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. Çinin Kaşqar şəhərindən başlayan bu dəmir yolu vasitəsilə daşınan yüklər Türkmənistanın Türkmənbaşı limanına, buradan isə Azərbaycana gəlməklə Avropaya çatacaq. Bu, ölkəmiz üzərindən daşınan yüklərin şaxələndirilməsində, eləcə də Zəngəzur dəhlizinin önəminin artmasında da böyük rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da yükdaşıma prosesində vacib hesab olunur. Liman ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin yaxın gələcəkdə 25 milyon tona çatdırılması planlaşdırılıb.

Nəzrin ELDARQIZI,

"Respublika".