Regionda sülhün olmasını istəməyən Fransa və qurban seçilən Ermənistan
Siyasət

Regionda sülhün olmasını istəməyən Fransa və qurban seçilən Ermənistan

"France 24" telekanalına müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan hər zaman olduğu kimi, bu dəfə də ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib. O bildirib ki, guya Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır.

Bununla yanaşı, müsahibəsində Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə də toxunub: "Alma-Ata Bəyannaməsi bizim üçün çox vacibdir. Alma-Ata Bəyannaməsi nədir? Sənəd iki əsas məsələ haqqında razılaşmanı özündə ehtiva edir. Birincisi, Sovet İttifaqı fəaliyyətini dayandırır və ikincisi, üzv respublikalar bir-birilərinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu sazişi Rusiya və Ukrayna da imzalayıb. Müqavilənin məntiqinə görə, Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır və bu, əslində bizi ciddi şəkildə narahat edir".

Beynəlxalq aləm tərəfindən təcavüzkar ölkə kimi tanınan bir dövlətin baş nazirinin bu cür absurd fikirlər səsləndirməsi həqiqətən də qabaqdan gəlmişlikdən başqa bir şey deyil. Həm də Azərbaycanın 8 kəndinin işğal altında saxlanıldığı halda. 30 ilə yaxın müddətdə ərazilərimizi zəbt edən, beynəlxalq konvensiyaları ayaqlar altına atıb minlərlə günahsız insanı qətlə yetirən, əsir və girov götürən, amansız işgəncələrə məruz qoyan Ermənistan hər zaman olduğu kimi, özünü məzlum, gücsüz və hücuma məruz qalan tərəf kimi göstərməkdə davam edir və guya Rusiya-Ukrayna müharibəsindən narahatdır. Paşinyanın Fransaya səfəri çərçivəsində həm Azərbaycanı, həm də Rusiyanı hədəf almağa çalışması açıq-aşkar Qərbin maraqlarına xidmət etməkdir. Müstəqil siyasət apara bilməyən, SSRİ parçalandıqdan sonra regionda gedən geosiyasi mübarizənin maşasına çevrilən Ermənistan bu günə kimi öz milli maraqlarını bir kənara qoyub, ancaq xarici qüvvələrin mənfi təsirlərinə məruz qalıb. Məhz bu səbəbdən də 30 ildir ki, regionda sülhə nail olmaq da mümkün deyil. Görünür, Paşinyan da əvvəlki erməni rəsmilərin yolunu davam etdirir. Ancaq o, bu dəfə xələflərindən fərqli olaraq Rusiyanın deyil, Qərbin forpostu olmağı seçim edib.

Fransanın Azərbaycan-Ermənistan arasında gedən danışıqlar prosesindən kənarda qalması onu daha da qıcıqlandırıb. Buna görə də Emmanuel Makron hər vəchlə sülh müqaviləsinin qarşısını almağa çalışır. Ermənistana vəd olunan hərbi yardımlar da məhz yeni müharibə yaratmaq istəyindən irəli gəlir. Baxmayaraq ki, rəsmi İrəvan silahları müdafiə məqsədilə aldıqlarını bəyan edir.

Paşinyanın Fransaya səfəri zamanı sərgilədiyi davranış və "France 24" telekanalına verdiyi açıqlamalar Münxendəki görüşə də zərbə vurur. Almaniyada O.Şoltsun təşəbbüsü ilə keçirilən görüş sonrakı danışıqlar üçün xoş siqnallar versə də, Makron bunun uzun sürməsinə imkan vermədi və bu irəliləyişin qarşısını aldı. Bunun da başlıca səbəbi Makronun həmin masadan kənarda qalmasıdır.

Aydın məsələdir ki, kollektiv Qərb Rusiyanı çökdürməyi qarşısına əsas məqsəd kimi qoyub və  bunun üçün də xüsusi qurbanlar seçilir. Bu plan illər öncə Gürcüstan ərazisində qurulsa da, öz bəhrəsini verməmişdi. Amma Ukraynanın həm ərazi, həm də əhali sayına görə üstün olması həmin ssenarinin bu ərazidə həyata keçməsi üçün daha əlverişli hesab olunur. Görünür,  bu münaqişəyə təkcə Ukraynanın qurban verilməsi Qərb üçün kifayət etmir. Ona görə də Rusiyanı  məhz öz əli ilə, yəni Ermənistanla vurmaq daha məqsədəuyğun hesab edilib. Son günlərdəki hadisələrin gedişinə baxsaq   Rusiya və Ermənistanın həmin istiqamətə doğru getdiyini görərik. Paşinyanın Fransada olduğu müddətdə, İrəvanın hava limanından rusiyalı hərbçilərin çıxarılması, KTMT-də Ermənistanın fəaliyyətinin dondurulması və Rusiyada Müdafiə Günü qeyd edilən zaman Fransanın müdafiə naziri Sebastyan Lekornun İrəvana səfər etməsi iki ölkə arasındakı münasibətləri daha da soyudacaq. N.Paşinyan hələ bir müddət öncə demişdi ki, Ermənistan Rusiya ilə bundan əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və müdafiə əlaqələrini artıra bilməz. O, bununla bir daha Rusiyanın himayəsindən çıxıb Qərbə doğru hərəkət etdiyini, eləcə də "Rusiya ilə əvvəlki kimi müttəfiq deyilik" mesajını da vermiş oldu.

Azərbaycana gəlincə, deyə bilərik ki, dövlətimiz regionda gedən proseslərə ciddi nəzarət edir və Fransanın Ermənistan üzərindən apardığı oyunlara qabaqlayıcı tədbirlər görür.  Makron regionda yenidən sönmüş münaqişəni alovlandırmağa cəhd göstərsə də, o, bununla heç nəyə nail ola bilməyəcək. Makron nəzərə almalıdır ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq döyüşlərdə misli görünməmiş qələbə qazanan Ordumuz Hindistan və Fransanın verdiyi texnikaları asanlıqla məhv etməyə qadirdir. Sonda isə Ali Baş Komandanın vurğuladığı ki, Azərbaycan təhdid hiss etsə, tərəddüd etmədən məhv ediləcək. 

Musa BAĞIRLI,

"Respublika".