Regionda davamlı inkişaf və sabitlik üçün sülh vacibdir
Siyasət

Regionda davamlı inkişaf və sabitlik üçün sülh vacibdir

2023-cü il ölkəmiz üçün bir çox uğurlarla yadda qaldı. Azərbaycan öz suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə separatizmin kökünü kəsdi. Bu gün Xankəndidə Dövlət Bayrağımız dalğalanır. Ötən il həm də ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz taleyini müsbət istiqamətdə dəyişməyə başlayıb. Ölkəmiz Şuşada Qlobal Media Forumu, Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresi, "Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA kimi bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edib.

Bütün bunlardan göründüyü kimi, Azərbaycan regionda sülh və sabitliyin, inkişafın təmin olunması istiqamətində çalışır. 2024-cü ildə də bu işlərin davam etdiriləcəyinə şübhə yoxdur. Bu istiqamətdə əsas prioritetlərdən biri də sülh sazişinin imzalanmasıdır. Regionda sülhün əldə olunması üçün ölkəmiz tez-tez Ermənistanla ikitərəfli dialoqlar aparır. Keçən ildə bu istiqamətdə faydalı addımlar atılıb. Əsir mübadiləsi və Ermənistanın COP29-a evsahibliyinə namizədlikdən geri çəkilməsi bu istiqamətdə ümidləri artırıb.

Yeni ildə sülh müqaviləsinin imzalana biləcəyi düşünülür. Ermənistan sülhü dəstəkləyən kimi görünür, lakin bəzi şərtlər irəli sürüb. Bununla bərabər, Ermənistanla Azərbaycan arasında gərginliyin artma ehtimalı da var. Ermənistanın iqtisadi, yaxud hərbi gücünün kifayət qədər olmadığı hər kəsə məlumdur. Bu səbəbdən də Paşinyanın ölkəsinin və xalqının gələcəyi üçün məntiqli qərarlar verməsi gözlənilir.

Bildiyimiz kimi, 30 illik işğal müddətində Qarabağ regionu xarabalığa çevrilib, ermənilər tərəfindən mədəni terror, vandalizm siyasəti həyata keçirilib, infrakstruktur dağıdılıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyi vaxtdan həmin ərazilərin bərpa və yenidənqurma prosesinə başlayıb. Qısa müddət ərzində bu yerlərdə böyük işlər görülüb. Artıq işğaldan azad olunmuş ərazilər "yaşıl enerji" zonasına çevrilir, yeni Qarabağ yaradılır. Həmin bu yeni Qarabağ isə bütün dünyanın maraq dairəsindədir. Uzun illər boyu barbarlığa, vəhşiliyə məruz qalaraq dağıdılmış, ərazilər indi dünyanın geosiyasi arenasına daxil olur, üstəlik bu proses qısa müddət ərzində baş verib.

2024-cü ilin əsas prioritetlərindən biri də "yaşıl enerji" sahəsində inkişafı təmin etməkdir. Bu prosesdə isə Qarabağ bölgəsi xüsusilə fərqlənir. Xarabalıqdan "yaşıl enerji" məkanına çevrilən bu yerləri görmək hər birimiz üçün qürurvericidir. Bu ərazilərin bərpası zamanı müasir texnologiyaların tətbiqi ilə "ağıllı şəhər", "ağıllı kənd" və "Yaşıl Enerji Zonası" kopsepsiyalarının həyata keçirilməsi bu bölgələrin dayanıqlı inkişafına töhfə verməklə birlikdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasına imkan verəcəkdir. Dövlətimiz alternativ enerji tariflərinin çevik tənzimlənməsi ilə bərpaolunan enerji mənbələrindən istifadəni sıxlaşdırmaq, elmi və texniki bacarıqları təkmilləşdirmək, mütəxəssislərin təlimini davam etdirmək, enerji istehlakçılarının məlumatlılığını artırmaq və özəl sektoru prosesə cəlb etmək üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bir sözlə, 2024-cü ildə də Azərbaycanın öz uğurlarını qətiyyətlə davam etdirəcəyi şübhəsizdir. Lakin regionda davamlı inkişafın təmini üçün tezliklə sülh müqaviləsi imzalanmalıdır. Təzə ildə Ermənistan və Azərbaycan arasında sülhün imzalanacağı, Cənubi Qafqazın inkişafı istiqamətində fəaliyyətin davamlı olacağına ümid edilir. Bir çox ölkələr sülhün imzalanmasında maraqlıdır. Təbii ki, münaqişə, müharibə ehtimalını həvəslə gözləyənlər də var. Bu səbəbdən də Ermənistan böyük güclərin oyuncağı olmamalı, müstəqil qərarlar verərək münaqişə meydanı olmaqdan çəkinməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".