Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinken ilə görüşüb
Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinken ilə görüşüb

İyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinken ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycan ilə Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Saziş layihəsində əhatə olunmuş məsələlərlə bağlı Azərbaycanın mövqeyini və yanaşmalarını, Ermənistan tərəfindən sülh prosesinə maneçilik cəhdlərini, bir sıra təhrikçi addımları diqqətə çatdırıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacibliyi bildirilib.

İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun iyunun 29-na qədər davam etməsi nəzərdə tutulub.