Radikal qüvvələr yenə də öz amplualarında
Digər xəbərlər

Radikal qüvvələr yenə də öz amplualarında

Onlar unudurlar ki, "ənənəvi müxalifətçilik" Azərbaycan siyasəti üçün aktuallığını itirib

"Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Azərbaycanın son 19 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar, elmi-intellektual sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa bəlkə də ehtiyac yoxdur. İctimai-siyasi sabitlik amili, eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına, prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir.

Dövlət başçısı İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndərin prioritet elan etdiyi demokratikləşmə xəttinə sadiqliyi durur. Ötən illərdə bir sıra dövlətlərdə baş verən "məxməri inqilab" ssenariləri də təsdiqlədi ki, yeni müstəqil dövlətlərdə demokratik dəyərlərin kor-koranə transferi qətiyyən mümkün deyildir. Dövlət başçısı İlham Əliyev də məhz bu qənaətdədir ki, hər bir ölkənin daxilində demokratik proseslərin getməsinə mütləq real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüurda mənimsənilməlidir.

Bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Ölkəmizdə hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.

Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqamlardan biri də ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmləndirilməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret iş görməkdir" devizinə sadiq qalan İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə siyasətinin yaradılması istəyi dayanır.

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Azərbaycanda bütün sahələrdə əldə edilmiş uğurlu nəticələrin beynəlxalq qurumlar tərəfindən də təqdir olunması isə sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları tərəfindən qısqanclıqla qarşılanır. Çünki Azərbaycanın hərtərəfli inkişafı radikal müxalifət dairələrinin hakimiyyətə gəlmək perspektivinin üzərindən birdəfəlik xətt çəkir.

Dövlətimizin uğurlarına kölgə salmağa çalışan radikal qüvvələr xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmir, bu gün də öz amplualarında çıxış edirlər. Milli maraqlar qarşısında məsuliyyət hissi daşımayan, xalqdan və onun problemlərindən uzaq düşən, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verən bu qüvvələr ölkədə ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışırlar.

Vətən müharibəsində tarixi qələbimizi görməzdən gəlir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində dövlət başçısının müdrikcəsinə həyata keçirdiyi işlərin üzərinə kölgə salmağa cəhd göstərirlər. 30 illik işğala təkbaşına son qoyan ölkəmizin müharibədən sonra yaratdığı reallıqların dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri və s. həmin qüvvələr tərəfindən doğru, düzgün qiymətləndirilmir.

Bu gün dövlət başçısı üçtərəfli Bəyanat, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, bütün ərazisi üzərində öz suverenliyini uğurla bərpa edir. Azərbaycan dövləti kapitulyasiyası, məğlubiyyəti ilə barışmayanlara siyasət, zəruri olduqda isə hərb meydanında başa salır ki, qarşısına qoyduğu məqsədə çatmaqda heç kim və heç nə ona mane ola bilməz. Bu yerdə xatırladaq ki, Laçın dəhlizinə alternativ yolu vaxtından əvvəl istifadəyə verən Azərbaycan 30 il qeyri-qanuni məskunlaşdıqları ərazilərdən çıxmaq üçün ermənilərə avqustun 25-dək vaxt vermişdi. Ermənistanın, onun havadarlarının, revanşistlərin, separatçıların yersiz etirazına baxmayaraq, Azərbaycan dövlətinin və Prezidentinin qətiyyəti sayəsində yenə də biz deyən oldu. Bu, həm də onun göstəricisidir ki, Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bundan sonra da belə olacaq, bunu hər kəs bilməli, anlamalıdır. Bu siyasət sistemlidir, əsaslıdır, beynəlxalq hüquqa söykənir.

Bu qüvvələr yəqin unudublar ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq Azərbaycan siyasəti üçün aktuallığını itirib. Reallığa söykənməyən analogiyalar aparan radikal qüvvələr nədənsə, yaddan çıxarırlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksperimentlər" dövrü artıq başa çatıb. Xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməyi bacaran xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib. Bu siyasət Azərbaycana yalnız tarixi uğurlar və zəfərlər yaşadır.

Hakimiyyətə gəldiyi ilk gündən: "Biz o torpaqlara qayıdacağıq", - deyən və ona nail olan, tarixin müəyyən məqamlarında  səriştəsiz iqtidar tərəfindən düşmənə "peşkəş" edilən torpaqlarımızın taleyinə biganə qalmayan, onu xalqımıza qarşı böyük haqsızlıq, hətta cinayət adlandıran Azərbaycan Prezidenti nəyi necə və nə vaxt etməyi çox gözəl bilir...

Zümrüd QURBANQIZI,

"Respublika".