Haqq səsimizin dünyaya çatdırılması üçün geniş təbliğata başlanılıb
Siyasət

Haqq səsimizin dünyaya çatdırılması üçün geniş təbliğata başlanılıb

AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi son qərəzli yanaşma fonunda beynəlxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səssiz qalması təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da kəskin etirazına səbəb olub.

Ermənilərin işğal dövründə ərazilərimizdə ekosid, urbisid və kultursid terroru ilə yanaşı, 30 il ərzində və daha əvvəl kütləvi soyqırımı və deportasiya siyasətini görməyən qərəzli Qərb artıq ədalət prinsipini kobud şəkildə pozur. Bu baxımdan, xaricdə yaşayan həmvətənlərimiz etiraz səslərini ucaldır, hətta onlara yerli sakinlər də dəstək verir.

Son bir həftə ərzində ölkə xaricində Ermənistanın mina terroruna etiraz əlaməti olaraq 5 aksiya keçirilib ki, bunların əksəriyyəti də beynəlxalq təşkilatların mərkəzlərinin yerləşdiyi şəhərlərdə baş tutub. Sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və bəzi ali məhkəmə qurumlarının yerləşdiyi İsveçrənin Cenevrə şəhərində Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar. Aksiya iştirakçılarının əsas məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar olub. Bu etiraz aksiyası 2024-cü ilin başlaması ilə start verilən tədbirlərin ilkidir. Ölkəmizin haqq səsinin dünyaya çatdırılması üçün xaricdə yaşayan diasporlarımız fəallıq göstərir.

Daha bir irimiqyaslı etiraz aksiyası Çexiyanın paytaxtı Praqanın mərkəzi meydanlarından biri olan Namesti Respublikada (N’am’est’i Republiky) yaşayan azərbaycanlıların iştirakı ilə baş tutub. Ermənistanın mina terroru məsələsi, Azərbaycan ərazilərində erməni işğalının dağıdıcı fəsadları, bir sıra Avropa dövlətlərinin ölkəmizə münasibətdə nümayiş etdirdiyi ikili standartlar, Qərbi Azərbaycan İcmasının etiraz aksiyasının əsas səbəbi olub. Təşəbbüskar və təşkilatçı qismində Çexiya Azərbaycanlıları Birliyi çıxış edib. Aksiyada təkcə Azərbaycan diasporunun təmsilçiləri deyil, Çexiya vətəndaşları, başqa diasporların nümayəndələri də iştirak ediblər. Aksiya iştirakçıları meydandan keçənlərə bukletlər, flayerlər paylayıb, onların suallarını cavablandırıblar. Ermənistanın mina terrorunu, eləcə də Azərbaycanın Müzəffər Ordusu tərəfindən son qoyulan 30 illik işğalı əks etdirən fotoşəkillər təqdim olunub. Həmçinin erməni diasporunun bu aksiyanın keçirilməsinin Praqa meriyasında ləğvinə nail olmaq cəhdləri boşa çıxıb.

Azərbaycan diasporunun növbəti etiraz aksiyası isə Niderlandın Haaqa şəhərində olub. İnsan hüquqlarını və onların məhkəmə yolu ilə həllini ehtiva edən ali qurumların mərkəzlərinin yerləşdiyi şəhərdə yanvarın 28-də erməni səfirliyinin önündə, dinc formatda aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalı altında qalmış ərazilərində terrorçu Ermənistan tərəfindən basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan mina xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Onlar bu gün dünyada ən ciddi təhlükələrdən birinə - mina terroruna son qoyulmasını tələb ediblər. Daha sonra etirazçılar mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını bildiriblər. Qeyd edilib ki, sərhəd zonalarında bu partlayıcılar çoxsaylı insan itkisinə səbəb olur və münaqişədən sonrakı yenidənqurma işlərinə maneə yaradır. "Ermənistanın minaları mülki şəxsləri öldürür", "Azərbaycan sülh, Ermənistan müharibə istəyir", "Ermənistan sülh seçimini rədd edir" kimi şüarlar yazılmış plakatlar Haaqada Ermənistan səfirliyi qarşısında nümayiş olunub. Aksiya iştirakçıları rəsmi İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar. BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) onların haqq səsini eşidəcəyinə əmin olduqlarını bildiriblər.

Daha bir etiraz aksiyası isə yanvarın 30-da İtaliyada baş tutub. Burada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki "Piazza dei Santi Apostoli" meydanında Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı aksiya keçiriblər. Məqsəd İtaliya və dünya ictimaiyyətinin diqqətini Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, "Erməni terroruna son!", "Mina terrorunu dayandırın!", "Ekoloji terrora son!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Qərbin Ermənistana "ərköyün" uşaq kimi davranaraq onun hər dediyini etməsinə etiraz olaraq dünya azərbaycanlıları əsl həqiqətləri beynəlxalq aləmə çatdırırlar. Xaricdə yaşayan azərbaycanlıların sayı 50 milyondan artıqdır. Soydaşlarımız Azərbaycana qarşı kütləvi hal alan bu aqressiyanın qarşısını almaq məqsədilə iri şəhərlərdə fəallığı daha da artırırlar. Əgər Qərb anti-Azərbaycan maraqları ilə öz imicinə ciddi zərbə vurmağı dayandırmayacaqsa, o zaman bu kimi dinc aksiyaların miqyası getdikcə artacaq və dünya əsl həqiqəti gec də olsa anlayacaq.

Tacir SADIQOV,

"Respublika".