Qırılmaz vəhdət
Diaspora

Qırılmaz vəhdət

"Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk". Bu sözləri fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində söyləyib.

2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir araya gətirilməsində, diasporlar arasında sıx əməkdaşlıq yaradılmasında mühüm rol oynadı. Həmin vaxtdan başlayaraq diaspor quruculuğu sahəsində daha inamlı addımlar atıldı. Dünyada yaşayan həmvətənlərimiz hiss edirdilər ki, onların arxasında Azərbaycan dövləti dayanıb. Bundan sonra daha böyük inamla fəaliyyət göstərməyə başladılar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri də diaspor quruculuğu olmuşdu. Lakin müstəqilliyimizin ilk illərində ölkədə yaranmış xaos və anarxiya, dövlət idarəçiliyindəki naşılıq bu sahədə də böhran yaratmışdı. Xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsi idi. Ümummilli liderin rəhbərliyi ilə bu istiqamətdə mühüm qərarların qəbul edilməsi və dövlət səviyyəsində məqsədyönlü addımların atılması dünya azərbaycanlılarının bir araya gətirilməsində, təşkilatlanmasında böyük rol oynamışdır. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətləri və perspektivləri haqqında dəyərli tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev ulu öndərimizin ideya və prinsiplərinə sadiq qalaraq xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi, təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.

Həmin il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsinə stimul yaratdı. Ölkə rəhbəri cənab İlham Əliyevin çağırışı ilə azərbaycanlı iş adamları respublikamızda gedən sosial-iqtisadi inkişaf prosesinə öz töhfələrini verdilər. Qurultaydakı çıxışında dövlətimizin başçısı demişdir: "Mən çox istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir... Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır".

Azərbaycandan kənarda yaşamaq, fəaliyyət göstərmək çox çətin, çətin olduğu qədər də məsuliyyətlidir. Azərbaycanlı adı daşıyan, damarlarında ulu babalarımızın qanı axan hər bir soydaşımız çiyninə götürdüyü yükün məsuliyyətini və necə şərəfli olduğunu dərk etməlidir. Xaricdə azərbaycanlıların diaspor tarixi elə böyük olmasa da, qısa zaman ərzində böyük bir təşkilatlanma yolu keçib. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvi surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Müasir Azərbaycan artıq uğurla addımlayan, öndə olan bir dövlətdir. Dünya azərbaycanlılarının vətəni olan Azərbaycan qürurla irəli gedən, sürətli yüksəliş yolu keçən və təbii sərvətlərə malik bir ölkədir.

Müstəqil bir ölkənin vətəndaşları kimi Vətənimizin çiçəklənməsi, qüdrətlənməsi və suverenliyinin möhkəmləndirilməsi üçün var qüvvəmizlə çalışmalıyıq. Buna nail olmaq üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq milli maraqlarımızı qətiyyətlə qorumalıdırlar.

M.MİRZƏ,

"Respublika".