Qeyri-neft sektorunda uğurlu diversifikasiya - Azad İqtisadi Zonalar
İQTİSADİYYAT

Qeyri-neft sektorunda uğurlu diversifikasiya - Azad İqtisadi Zonalar

Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən qısa müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə yeni iqtisadi modelin formalaşdırılmasına başlanmışdır. Müstəqilliyin ilk illərində diqqətin əsasən neft sektoruna yönəldilməsi bu sahənin digər sahələrə nisbətdə daha sürətlə inkişaf etməsinə şərait yaradılmışdır. Bununla yanaşı, neft sektorunun inkişafı iqtisadiyyatın digər sahələrinə də təsir göstərmişdir. Lakin neftin bərpa olunmayan resurs olması və son dövrlərdə dünya bazarlarında neftin qiymətində olan dəyişikliklər qeyri-neft sektorunun inkişaf etdirilməsini zəruri etmişdir.

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın diversifikasiyasını (şaxələnmə) tələb edir. Bu baxımdan, dövlətin qarşısında duran mühüm məsələlərdən biri diversifikasiya proseslərinin sürətləndirilməsidir. Neft qiymətlərinin dünya birjalarında stabil qalmadığı bir dövrdə ölkədə yoxsulluğun və işsizlik faizinin aşağı düşməsi qeyri-neft sektoruna qoyulmuş yatırımların nəticəsidir.

İşğaldan azad edilmiş ərazilərdə qeyri-neft sektorunun altı əsas istiqamətdə inkişafı nəzərdə tutulur: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. Bu məqsədlə görülən işlər sürətlə davam etdirilir. Prezident İlham Əliyev Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə 200 hektar ərazidə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması barədə fərman imzalayıb. Bu sənaye parkları yaradılarkən digər bölgələrdə mövcud sənaye parklarında olduğu kimi, əsas istiqamətləri də müəyyən edilib. Ağdam Sənaye Parkının əsas istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti var. İnvestorlar tərəfindən sənaye parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının, boru və qutu profillərin, alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, müxtəlif növ dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, avtomatlaşdırma və telemexanika sistemlərin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların və s. istehsalı müəssisələri inşa ediləcək.

Qarabağ zonasında qeyri-neft sektorunun sürətli inkişafı ölkənin də bu sahədə yüksəlişinə böyük stimul verir. Ölkə başçısı təkcə işğaldan azad olunan torpaqların deyil, həmçinin bütövlükdə Azərbaycanın qeyri-neft sektoruna qayğı ilə yanaşır. Buna Prezidentin 22 may 2020-ci ildə verdiyi Fərmana əsasən yaradılan Ələt Azad İqtisadi Zonasını misal gətirmək olar. Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq Ələt Azad İqtisadi Zona yaxın gələcəkdə Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaq.

Belə iqtisadi zonaların yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə bilər. Son dövrlər Azərbaycan ərazisindən malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonaların yaradılması ölkəmizin tranzit imkanlarını artırır. Bu iqtisadi zonalar, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitlərin artmasına da səbəb olur. Eləcə də investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaranmasına böyük töhfə verir.

Tacir SADIQOV,

"Respublika".