KƏND TƏSƏRRÜFATININ DAVAMLI İNKİŞAFINDA AQRAR ELM VƏ İNNOVASİYALARIN ROLU
İQTİSADİYYAT

KƏND TƏSƏRRÜFATININ DAVAMLI İNKİŞAFINDA AQRAR ELM VƏ İNNOVASİYALARIN ROLU

Azərbaycanda aqrar sahənin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əvvəlki dövrdə əldə edilmiş müsbət tendensiyalar, yeni iqtisadi və mülkiyyət münasibətləri son illərdə daha da inkişaf etdirilmiş, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Elmi əsaslandırılmış Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır.

Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir. "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru Kamil Fətəliyevdən elmi innovasiyadan aqrar sahənin inkişafına verilən töhfələrdən məlumat verməyi xahiş etdik. O qeyd etdi ki, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində kənd təsərrüfatı mühüm əhəmiyyət kəsb edir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Ulu öndərin əsasını qoyduğu yolu siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ərzaq təhlükəsizliyinə tam yerli istehsal hesabına nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir. Elmi əsaslandırılmış Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır.

Bu strateji məsələlərin həll edilməsində aqrar innovasiyaların rolu artıq danılmazdır. Belə ki, yaradılmış Aqrar İnnovasiya Mərkəzi yüksək peşəkarlıqla kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin və üsullarının təşviqi, innovativ texnologiyaların tətbiqi üzrə metodik-praktik dəstəyin və xidmətin göstərilməsində öz vəzifə borclarını layiqincə yerinə yetirir. Rəhbərlik etdiyim "Aqromexanika" Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 07 yanvar 1958-ci il tarixli 28 saylı qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu (Az.ETKTMEİ) adı altında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında 17 aprel 2015-ci il tarixli 109 saylı qərarı ilə hazırda institut öz hüquqi varisliyini saxlamaqla Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində "Aqromexanika" Elmi-Tədqiqat İnstitutu adı ilə fəaliyyət göstərir.

İnstitutun əsas məqsədi ölkənin aqrar strategiyasının - ərzaq təhlükəsizliyinin öz fəaliyyətləri çərçivəsində həyata keçirilməsinə kömək etməkdən ibarətdir. Bu məqsədlə qarşıda duran əsas vəzifə bitkiçiliyin (dağ əkinçiliyi də daxil olmaqla) və heyvandarlığın kompleks mexanikləşdirilməsi üçün innovativ enerji və resursqoruyucu texnologiyaların və texniki vasitələrin, maşınların işlənilməsi, tədqiqi və tətbiqidir.

Təkcə ötən 2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bu məqsədlə respublikamızın 14 rayonunda "Aqrar İnnovasiya Festivalı" keçirilmişdir. Rayon icra hakimiyyətinin məsul şəxsləri, ətraf rayonların fermerləri, elmi-tədqiqat institutlarının mütəxəssisləri, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri bu tədbirlərdə iştirak etmişdir. Qeyd olunan tədbirlərdə nazirliyin tabeliyində olan digər elmi-tədqiqat institutları və Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı, institutumuzun əməkdaşları da həmişə fəal iştirak etmiş, kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanmış innovativ maşın və qurğular haqda festival iştirakçılarına ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçılarına hazırladığımız müxtəlif adda tövsiyələr və bukletlər paylanmışdır. Tərəfimizdən layihələndirilərək hazırlanmış "İpəkqurdu yumurtasını (qrena) inkubasiya edən" rəqəmsallaşdırılmış qurğu festival iştirakçılarının diqqətini daha çox cəlb etmişdir. Qurğuda qrenanın oyadılması üçün vacib olan əsas rejimlər; istilik, rütubət, havalandırma və işıqlandırma avtomatik olaraq verilmiş göstərişə uyğun olaraq tənzimlənir. Qurğunun köməkliyi ilə 9-10 günə 80 qutu qrenanı oyatmaq mümkündür. Bir qutuda 29 qram qrena saxlanılır. Qrenanın oyanma faizi 96-98% olmaqla daha keyfiyyətli olur. Hazırda qrenanın oyadılması prosesi Qax Damazlıq Mərkəzində həyata keçirilir və oradan rayonlara paylanır. Mütəxəssislərin rəyinə görə, oyadılmış qrenanı 20-30 kilometrdən uzaq məsafəyə, respublikamızın müxtəlif bölgələrinə daşıdıqda qurd keyfiyyətini itirir və son nəticədə məhsuldarlığı aşağı düşür.

Hazırda ölkə üzrə yaş barama istehsalı 400-450 ton təşkil edir, belə bir qurğunun gələcəkdə respublikanın müxtəlif bölgələrində, kümçülərə yaxın məsafədə yerləşdirilməsi və istifadəsi əminliklə deyə bilərəm ki, yüksək iqtisadi səmərə verəcəkdir. Qurğu 2022-ci ildə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda sınaqdan keçirilmiş və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Onu da qeyd edək ki, aqrar sahədə innovasiyaların tətbiqi ilə artıq Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, həmçinin bir çox özəl şirkətlər tərəfindən kommersiya məqsədilə "ağıllı bağ", "ağıllı istixana", "ağıllı kümxana"lar qurulub. "Ağıllı suvarma" sistemləri, "dəqiq" əkinçilik texnologiyaları, müxtəlif məqsədlər üçün aqrorobotlar, aqrodronlar tətbiq olunur. Eləcə də işğaldan azad olunmuş Şərgi Zəngəzurun Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" konsepsiyası əsasında "Dost Aqropark" fəaliyyətə başlamışdır. Bir sözlə, artıq ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aqrar sektorda ən müasir texnologiyalar və texniki vasitələrdən istifadəyə geniş yol açılmışdır.

Xatırladaq ki, Kamil Hətəm oğlu Fətəliyev 1943-cü ildə Qərbi Zəngəzurun Qarakilsə (Sisyan) rayonunda anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirərək, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırda ADAU) Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuş və 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həqiqi hərbi xidmət və bir il istehsalatda işlədikdən sonra yenidən təhsil aldığı ali təhsil ocağına qayıdaraq orada laboratoriya müdiri, assistent, dosent vəzifələrində işləmiş, 1986-2003-cü illərdə isə Maşın hissələri və yükqaldırıcı-nəqledici kafedrasına rəhbərlik etmişdir.

2003-cü ildən "Aqromexanika" Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi altında torpağın eroziyasına qarşı mübarizə məqsədilə bir sıra innovativ kombinəedilmiş maşınlar və eləcə də fermerlər təsərrüfatı üçün kiçik qabaritli, az enerji tutumlu emal maşınlarının ixtira səviyyəsində təcrübi nümunələri hazırlanmışdır. Yerli və xarici jurnallarda dərc olunmuş 260 elmi əsərin, o cümlədən 36 ədəd ixtiranın (Rusiya Federasiyası və yerli), 7 ədəd dərs vəsaiti və 24 ədəd tövsiyənin müəllifi olan Kamil müəllimin gərgin əməyi ölkə Prezidenti tərəfindən təhsildə və elmdə olan səmərəli əmək fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Hazırda ADAU-nun fəxri professoru, Gəncə Şəhər Ağsaqqallar Şurasının idarə heyətinin üzvüdür. Kamil müəllim, eyni zamanda respublikamızın ictimai-siyasi həyatında həmişə fəal rol oynamış və əsl vətəndaşlıq mövqeyini nümayiş etdirmişdir. 1994-cü ildən YAP-ın üzvü, IV qurultayının iştirakçısı olmuşdur. Məhz bu saf, zəngin mənəviyyatına görə respublikada fəaliyyət göstərən universitetlərin, şəhərdə geniş ictimaiyyətin və ziyalıların sevimlisinə çevrilmiş, böyük ehtiramını qazanmışdır.

Bir Qərbi azərbaycanlı, zəngəzurlu olaraq onun da əsas arzusu möhtərəm Prezidentimizin səyi nəticəsində sülh yolu ilə tarixi doğma torpaqlarımızın geri qaytarılmasından ibarətdir.

Zabit XƏLİLOV,

"Respublika".