Maliyyə naziri BVF-nin missiya rəhbəri ilə görüşüb
İQTİSADİYYAT

Maliyyə naziri BVF-nin missiya rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə yeni təyin olunan missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə cari ilin oktyabr ayında Mərakeşdə keçiriləcək BVF-nin və Dünya Bankının illik toplantılarından sonra baş tutacaq Fondun Azərbaycan üzrə IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri, o cümlədən bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillər üzrə mümkün istiqamətlər diqqət mərkəzində olub.

Görüş zamanı 2022-ci ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icra vəziyyəti, habelə 2023-cü il və ortamüddətli dövr üçün gözləntilər, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, sosial-iqtisadi sahədə yeni təşəbbüslər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar üzrə geniş fikir mübadiləsi aparılıb.

Samir Şərifov xanım Anna Bordona işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın dayanıqlı məskunlaşması üçün aparılan sürətli bərpa və yenidənqurma işləri barədə məlumat verib, böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.

Görüşdə Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri Fond tərəfindən ölkəmizin əsas iqtisadi qurumlarının texniki dəstəyə olan ehtiyaclarının Fondun yeni fəaliyyətə başlamış Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi və ya birbaşa BVF-nin mərkəzi ofisi tərəfindən qarşılanmasına hər zaman hazır olduqlarını vurğulayıb, habelə Fondun Azərbaycanda ofisinin bağlanması ilə əlaqədar missiya səfərlərinin təşkilati məsələlərinə dair təkliflərini təqdim edib.