Qərbi Azərbaycan İcması:
Siyasət

Qərbi Azərbaycan İcması: "Avropa Sülh Fondu" adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur

Avropa İttifaqının "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb.

"Avropa Sülh Fondu" adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur.

Bu fikir Qərbi Azərbaycan İcmasının sözügedən məlumatlarla bağlı bəyanatında yer alıb.

Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir.

Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır.

***

Litva Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir

Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkmiş və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib.

Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda qeyd olunub: "Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Yəqin ki, litvalı deputatların bir neçə il öncə litvalı diplomatların keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir.

Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə, qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar".