Regional təhlükəsizliyin təminatında birlik
Siyasət

Regional təhlükəsizliyin təminatında birlik

Regional təhlükəsizlik məsələsi Azərbaycanın daim diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da zənginləşdirilən regional təhlükəsizlik strategiyası qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla yanaşı, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Məlumdur ki, bəzən bir regiondakı vəziyyət digərinin təhlükəsizliyini şərtləndirir.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və digər sahələr üzrə əldə edilən nailiyyətlər onun 155 ölkənin dəstəyini almasına, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə səbəb olmuşdur. Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında əvəzsiz rolu həm də onun bu sahə üzrə layihələri inkişaf etdirmək bacarığı ilə bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regional əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm rol oynayır. İnsan hüquq və azadlıqlarının qorunması, həmçinin dövlətin daxilində və dövlətlərarası münasibətlərdə də bərabər hüquq və ədalətlilik prinsipinin rəhbər tutulması bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və əmin-amanlığa şərait yaradır. Beynəlxalq təşkilatların müvafiq istiqamətlərdə dövlətləri birgə fəaliyyətə və qarşılıqlı əməkdaşlığa cəlb etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, dövlətimizin NATO ilə əməkdaşlıq sahəsində qoşulduğu "Sülh naminə tərəfdaşlıq proqramı" və "Fərdi tərəfdaşlıq proqramı" da Azərbaycanın regional təhlükəsizlik məsələsinə ciddi yanaşmasının göstəricisidir. Sözügedən proqramlar çərçivəsində NATO mütəxəssislərinin müdafiə planlaşdırılması, maddi-texniki təchizat, şəxsi heyətin və xüsusi təyinatlı dəstələrin təlim keçməsi, mülki müdafiənin təşkili və s. məsələlərdə Azərbaycana yardım göstərilməsi nəzərdə tutulmuşdur. Proqramlarda müntəzəm olaraq siyasi və hərbi informasiya mübadiləsi, siyasi məsləhətləşmələr mexanizmi də yer almışdır. NATO ölkələri, xüsusilə qardaş Türkiyə hava məkanı da daxil olmaqla sərhədlərin qorunması, sərhədçilərin öz peşə hazırlığını artırması və texniki təchizatın yaxşılaşdırılması işində Azərbaycana daim yaxından kömək göstərmişlər. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi də regional təhlükəsizliyin təmin olunmasına, terrorçuluğa qarşı mübarizəyə və ərazi bütövlüyünün qorunmasına xidmət edir. Regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verən ölkələrdən biri də Gürcüstandır. 2022-ci il oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində bu məsələlər bir daha müzakirə olunmuşdur. Müzakirələr zamanı regional təhlükəsizlik və sülh məsələsinin vacibliyi vurğulanmışdır. Xatırladaq ki, 2022-ci il noyabrın 14-də baş tutan Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü də bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki görüş zamanı tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadilələri aparmışdırlar. Qeyd edək ki, hazırda Azərbaycan, Türkiyə və Gürcüstan regional təhlükəsizlik məsələsində konkret model üzrə hərəkət edirlər. Görüşlərin uğurlu nəticəsi bir daha tərəflərin səmərəli və konkret əməkdaşlıqlarının təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".