Güclü iqtisadi potensiala malik Qalib Azərbaycan
İqtisadiyyat

Güclü iqtisadi potensiala malik Qalib Azərbaycan

Dövlət başçısının yüksək idarəçilik məharəti, milli maraqlara söykənən siyasəti nəticəsində ölkəmiz yeni hədəflərə doğru inamla addımlayır.

Müasir tariximizə qızıl dövr kimi yazılan son 20 ildə Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, milli maraqlara söykənən, yeni geosiyasi şərtlərə uyğun daxili və xarici siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ölkəmiz bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə problemlərini həll edən qüdrətli bir dövlətə çevirib. Ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin müəllifi olduğu milli iqtisadiyyat sayəsində regionumuza sülh, əmin-amanlıq və tərəqqi üçün yeni imkanlar yaradıb. Bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası uğurla davam etdirilib.

Prezident vəzifəsində cənab İlham Əliyevin imzaladığı ilk mühüm sənəd olan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərman ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulmuşdur ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir.

Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək dayanıqlılığın təmin edilməsi və bu mənfi təsirlərin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin rəqabətədavamlılığı ilə izah olunur. Bu modelin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı dayanır.

Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərəni aydın göstərir. Belə ki, "Güclü iqtisadiyyat ən önəmli şərtdir", - deyən Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Adambaşına ÜDM 769 ABŞ dollarından 7.798 ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçmişdir və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.

Şaxələndirilmiş iqtisadi inkişaf strategiyasının qəbul edilməsi və həyata keçirilməsi ölkəmizdə bütün sahələrdə böyük nailiyyətlərin qazanılması ilə nəticələnmişdir.

Azərbaycanın neft-qaz enerj sektoru ölkəmizin yenidən qurulmasına xidmət etməklə yanaşı, region dövlətlərinin və Avropanın iqtisadi inkişafına təsir edən əsas iqtisadi faktorlardan biridir.1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi yekunlaşıb. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb.Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır. 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə ötən il ümumi yükaşırmanın həcmi 15% artaraq 6,4 milyon ton təşkil edib. Bunun 90%-ə qədəri tranzit yüklərin payına düşür. Tranzit potensialının artırılması üçün Limanın 2-ci fazasının tikintisi ilə bağlı əsaslı işlərə başlanılıb. Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların,?şəhərlərarası və kəndlərarası, daxili yolların tikintisi, təmiri və yenidənqurulması işləri geniş vüsət almışdır. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edimişdir. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilmişdir.

Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. Ölkəmiz qlobal enerji keçidi çağırışlarına uyğun olaraq, xarici investorlarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələrinin səmərəli istehsalını təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətləri ilə külək və günəş enerjisinin istehsalı layihələri uğurla icra edilir. Bununla yanaşı, BP şirkəti ilə birlikdə 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər bir sıra enerji şirkətləri ilə birgə həm quruda, həm də dənizdə günəş və külək enerjisi istehsalı layihələrinin icrası nəzərdə tutulur.

Məqsədyönlü iqtisadi islahatların nəticəsində ölkəyə cəlb olunan investisiyaların həcmi artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatına son 20 ildə 310 milyard ABŞ dollarından çox sərmaye qoyulub. Hazırda xarici birbaşa sərmayelərin həcminin artırılması məqsədilə dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti, məsafədən biznes əməliyyatlarının reallaşdırılması, işğaldan azad olunmuş ərazilərdə bir çox sahələrdə - vergi, sosial, sığorta, gömrük və.s xüsusi tətbiq olunan güzəştlər, dövlət dəstəyi və mövcud elektron xidmətlərə çıxışın "bir pəncərə"dən əldə olunması istiqamətində tədbirlər həyata keçirilir. Bunlardan biri də Cənab Prezidentin Sərəncamı ilə yaradılan sərhədlərarası ticarət və məsafədən biznes əməliyyatları həyata keçirməyə imkan verən dövlət-özəl tərəfdaşlığı platforması olan Rəqəmsal Ticarət Qovşağıdır. Bu sahədə atılan bütün addımlar ölkə ərazisində və xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yerli və xarici investisiya cəlbediciliyini artırmaqla iqtisadi canlanmanı şərtləndirəcək.

Bu illər ərzində Azərbaycanın müstəqil daxili və xarici siyasəti ticarətin inkişafına da təkan verib. Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi son 20 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfədən çox artıb.2003-2022-ci illər ərzində Azərbaycanın ticarət tərəfdaşlarının sayı artaraq 55 ölkədən 185-ə çatıb. Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, Azərbaycanda ticarət əlaqələrini genişləndirmək, sərhədlərarası təhlükəsiz və rəqəmsal ticarət əməliyyatlarını reallaşdırmaq məqsədilə həyata keçirilən islahatlar əsas ticarət tərəfdaşlarını artırmaqla yanaşı beynəlxalq reytinqlərdə mövqeyimizi gücləndirib. Azərbaycanda "Made in Azerbaijan" məhsulları vahid məlumat bazasından təqdim olunur və özəl sahibkarların dünya bazarlarına çıxışı dövlət tərəfindən dəstəklənir. Azərbaycanda keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi də üzv ölkələrin dövlət müəssisələri və özəl şirkətlərinə əsasən müasir texnologiyalarla istehsal olunan məhsullarını, həmçinin kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid müasir standartlara cavab verən avadanlıqları nümayiş etdirmələrinə imkan yaradıb.

Xarici sərmayelərin həcminin artırılması məqsədilə dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti, məsafədən biznes əməliyyatlarının reallaşdırılması, işğaldan azad olunmuş ərazilərdə bir çox sahələrdə - vergi, sosial, sığorta, gömrük və.s xüsusi tətbiq olunan güzəştlər, dövlət dəstəyi və mövcud elektron xidmətlərə çıxışın "bir pəncərə"dən əldə olunması istiqamətində tədbirlər həyata keçirilir. Bunlardan biri də Cənab Prezidentin Sərəncamı ilə yaradılan sərhədlərarası ticarət və məsafədən biznes əməliyyatları həyata keçirməyə imkan verən dövlət-özəl tərəfdaşlığı platforması olan Rəqəmsal Ticarət Qovşağıdır. Bu sahədə atılan bütün addımlar ölkə ərazisində və xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yerli və xarici investisiya cəlbediciliyini artırmaqla iqtisadi canlanmanı şərtləndirəcək.

Mustafa KAMAL,

"Respublika".