Ukrayna Azərbaycanlıları Radası Azərbaycanda mülki əhalinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar müraciət yayıb
Diaspora

Ukrayna Azərbaycanlıları Radası Azərbaycanda mülki əhalinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar müraciət yayıb

Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radası Azərbaycanda mülki əhalinin, o cümlədən iki jurnalistin erməni separatçılarının basdırdıqları minaların partlaması nəticəsində həlak olması ilə əlaqədar müraciət yayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə Ukraynanın dövlət qurumlarının, beynəlxalq təşkilatlarının diqqəti Ermənistan tərəfindən hələ də davam edən təxribatçı hərəkətlərə yönəldilir. Bunun bariz nümunəsi kimi, iyunun 4-də içərisində jurnalistlərin və digər mülki şəxslərin olduğu avtobusun ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşdüyü və nəticədə üç nəfərin həlak olduğu qeyd edilir.

Bildirilir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin atəşkəsə dair üçtərəfli bəyanatından sonra Ermənistan silahlı qüvvələri tərəfindən mina partlaması nəticəsində 120-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarət alıb, 18 nəfər həlak olub. Ermənistanın səlahiyyətliləri minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir, beynəlxalq təşkilatların nümayəndələri isə erməni tərəfinin beynəlxalq hüquqi öhdəlikləri pozduğunu sükutla müşahidə edirlər. Qərb ölkələrinin liderləri öz eqoist mənafelərini güdərək İrəvanın destruktiv, əxlaqdan kənar hərəkətlərinə məhəl qoymur, nəticədə günahsız sakinlər Qarabağda həlak olurlar.

Ukrayna Azərbaycanlıları Radası Ermənistan hakimiyyətinin antihumanist siyasətini qınayır və beynəlxalq ictimaiyyəti və bütün səlahiyyətli fövqəldövlət qurumlarını Ermənistanı beynəlxalq hüququn öhdəliklərini yerinə yetirməsi üçün təcili məcbur etməyə çağırır.

AZƏRTAC