Yeni, azad Cəbrayıl: Göz görür, ürək sevinir
Region

Yeni, azad Cəbrayıl: Göz görür, ürək sevinir

İşğaldan azad olunmuş yurd yerlərinə cəbrayıllıların səfərləri artıq ənənə halını alıb. Rayon ağsaqqalları, qazilər, gənclər tez-tez Şərqi Zəngəzur iqtisadi zonası nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonuna səfər edirlər.

Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov deyir:

- Rayonumuza səfərlər zamanı kəndlərimizə baş çəkmək, doğmalarımızın məzarını ziyarət etmək, yurd yerlərimizlə tanış olmaq istəyirik. Erməni vandalları tərəfindən dağıdılmış kəndləri, qəbiristanlıqları görəndə düşmənə qarşı nifrətimiz daha da artır. Növbəti səfərimiz isə fərqli idi. Dövlət başçımız İlham Əliyevin müvafiq sərəncamları, diqqəti və qayğısı sayəsində azad olunmuş torpaqlarda böyük quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır, geniş, abad yollar çəkilir, elektrik, su təchizatı bərpa olunur. Yaşayış binalarında, məktəb və xəstəxanalarda inşaat işləri həyata keçirilir. Viranə qalmış yurd yerlərimiz kövrək duyğular yaratsa da gözəçarpan hər yenilik insana fərəh, sevinc bəxş edir. Yurd yerlərimizə səfər etməkdə bizə dəstək olan Şərqi Zəngəzur iqtisadi zonasının nümayəndəliyinə və Cəbrayıl Rayon İcra Hakimiyyəti rəhbərliyinə qrupumuzun üzvləri adından təşəkkürümü bildirirəm.

Uzun illər Cəbrayıl Rayon Maliyyə İdarəsinin rəisi işləmiş Famil Balayev deyir:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafına dair sənədlər imzalayıb. Həmin sənədlərdən biri Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması ilə bağlıdır. Səfərimiz zamanı biz, Soltanlı kəndinin yaxınlığında inşa edilən Sənaye Parkında aparılan işlərlə tanış olduq.

Rayon ağsaqqalı Vaqif Hüseynov isə rayonda 960 şagird yerlik Mehdi Mehdizadə adına tam orta məktəbin və 150 çarpayı yerlik mərkəzi xəstəxananın tikintisinin aparıldığını bildirir:

- Əlbəttə, bunları görmək, yaxşı işlərdən xəbər tutmaq bizə fərəh, sevinc gətirir, minnətdarlıq hissi bəxş edir. Lakin doğma Cəbrayıl şəhərinə baş çəkdikdə, sözün əsl mənasında kövrəldik. Vaxtilə respublikamızın abad, gözoxşayan şəhərlərindən biri olan Cəbrayıl yer üzünün ən mənfur milləti ermənilər tərəfindən amansızcasına dağıdılıb, yerlə bir edilib. İnanmırsan ki, kainatda bu vəhşilikdə, bu barbarlıqda ikinci bir millət tapılsın. Düzdür, Ali Baş Komandanın "dəmir yumruğ"u, şanlı ordumuzun şücaəti sayəsində yağı düşməndən qisasımızı aldıq. Amma nifrət hissi ürəklərdən heç vaxt silinməyəcək. 

Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev:

- Səfər zamanı doğulduğum Əmirvarlı kəndinə yollandıq. İşğal illərində ermənilər kənddə özləri üçün kiçik bir yaşayış məhəlləsi yaradıblar. 44 günlük müharibədə məhəlləni qoyub qaçarkən, buranı yandırmağa macal tapmayıblar. Kənddə öz iştirakımla gözəl məktəb binası tikilmişdi, həmin məktəbdə müəllim işləyirdim. Darmadağın edilən məktəbi seyr etmək ağır idi, amma hazırda tikilməkdə, qurulmaqda olan Cəbrayılımıza baxdıqca göz görür, ürək sevinir.

Tofiq HÜSEYN,

"Respublika".