Politoloq:
Siyasət

Politoloq: "Qarabağdakı ermənilərə bir sıra qüvvələr təsir göstərir"

"Biz İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə ölkə başçısı səviyyəsində Qarabağda yaşayan erməni icmasına müraciət etdik. Prezident İlham Əliyev bütün çıxışlarında onlara səslənərək vurğuladı ki, artıq yavaş-yavaş Azərbaycanın suverenini qəbul etmək vaxtıdır və onlar da Azərbaycan qanunlarından, vətəndaşlarımızın istifadə etdiyi hüquqlardan yararlana bilərlər".

Bunu "Respublika"ya politoloq Samir Hümbətov bildirib.

Ekspert qeyd edib ki, bu açıq şəkildə deyilib və onlar hətta iki dəfə Bakıya dəvət olunublar:

"Lakin ermənilər ikisindən də imtina ediblər. İndi sonuncu Yevlaxda keçirilməsi nəzərdə tutulan görüşdən də imtina etdilər. Bir dəfə sadəcə Xocalıda görüş olub, o da rus sülhməramlılarının nəzarəti altında baş tutub. Mən hesab edirəm ki, bu məsələlərdə erməni icmasının iki yerə parçalanması prosesi pozur. Yəni bir tərəfdən separatçılar var, aydın məsələdir və onlar heç cür formada Azərbaycana reinteqrasiyaya qoşulmaq istəmirlər. Çünki onların cinayətləri çoxdur. Həmin o cinayətlərə görə separatçılar nəticə etibarilə Azərbaycan hüquqları qarşısında cavab verəcəklər. Ona görə də onlar reinteqrasiya olunmaq istəmirlər. İkinci bir tərəf isə təbii ki, Azərbaycanla reinteqrasiya prosesinə qoşulmaq istəyir. Amma orada başqa bir məsələ var. Hansı ki, bu şəxslərə də silahlı xunta imkan vermək istəmir. Təbii ki, burada mən təkcə onların özünü demirəm, həm də Ermənistana təsiri var ki, onlar prosesi pozurlar".

S. Hümbətovun sözlərinə görə, ikinci bir tərəfdən bu məsələdə Rusiyanın, İranın təsiri də var:

"Amma hər halda mən hesab edirəm ki, onlar gec-tez gəlməlidirlər və Azərbaycan tərəfi ilə görüşməlidirlər. Biz kənarda görüşmək istəmirik. Çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, suverən ərazisidir. Qarabağ erməniləri də Azərbaycan vətəndaşıdırlar. Ona görə də biz gedib başqa bir yerdə görüşə bilmərik. Onlar Azərbaycan tərəfi ilə Yevlaxda, ya Gəncədə, ya Bakıda, ya Bərdədə, hardasa bir yerdə görüşəcəklər. Gec-tez də bu proses baş tutacaq. Əks təqdirdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, nəticəsi onlar üçün xoş olmayacaq. Çünki biz öz ərazimizi, ərazi bütövlüyümüzü bərpa eləmişik, onlara Xankəndi-Ağdam yolunu humanitar yardımlar üçün təklif etmişik. Laçın nəzarət-buraxılış məntəqəsindən, Qarabağda yaşayan ermənilərin Ermənistana getməsi üçün heç bir problem, maneə yaradılmır. O baxımdan düşünürəm ki, Qarabağ erməniləri üçün kifayət qədər şərait yaradılıb. Onlar bundan istifadə etməlidirlər. Əks təqdirdə ermənilər bunun ağır nəticələrini özləri görmüş olacaqlar”.

Töhfə SƏMƏDOVA,

"Respublika".