Peşə təhsili: savadlı kadrlara ehtiyac var
Sosial həyat

Peşə təhsili: savadlı kadrlara ehtiyac var

Dövlətimizin başçısı cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, savadlı kadrların yetişdirilməsi üçün müasir standartlara tam cavab verən peşə məktəbi, liseylərin inşası və ya əsaslı təmir olunması üçün qərar və sərəncamlar imzalayır.

Paytaxt Bakı ilə yanaşı, regionlarda da hər cür şəraiti olan beynəlxalq standartlara uyğun peşə təhsili müəssisələrində savadlı kadrların yetişdirilməsinə zəmin yaranır.

Sevindirici haldır ki, indi ölkədə işsizliyin aradan qaldırılması istiqamətində atılan addımlar nəticəsində təhsilli, ixtisaslı kadrların böyük əksəriyyəti işlə təmin olunur. Çünki adıçəkilən təhsil müəssisələri və işəgötürənlər arasında tərəfdaşlıq daim təşviq edilir. Qeyd etmək lazımdır ki, peşə təhsili proqramları sənaye müəssisələri və əmək bazarlarının ehtiyaclarına uyğunlaşdırılır.

Bu günlərdə Bərdə Peşə Liseyində müəssisənin direktor əvəzi Samir Nəcəfovla həmsöhbət olduq. Müsahibim bildirdi ki, Bərdə Peşə Liseyi 1952-ci ildə Bərdə MTS-nin nəzdində mexanizasiya məktəbi adı altında fəaliyyətə başlamışdır. 1996-cı ildən etibarən lisey statusu altında fəaliyyətini davam etdirməkdədir. 2016-2022-ci illər ərzində Bərdə Peşə Liseyinin modernləşdirmə layihəsinə start verilmişdir. 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışından sonra lisey yeni tədris imkanları ilə fəaliyyətə başlamışdır.  Modernləşdirmə layihəsindən sonra liseyin maddi-texniki bazası genişlənmiş və infrastrukturu yenilənmişdir. Hazırda liseyin 1200 tələbə üçün tədris binası, 18 təlim emalatxanası, 3 fənn laboratoriyası, 57 sinif otağı, içərisində 2300 nüsxə olan kitabxana, hər biri 100 nəfərlik qız və oğlanlar üçün ayrı-ayrı 2 yataqxana, 2 hektarlıq istixana, 50 hektar təlim-təsərrüfat torpağı, qapalı idman zalı, açıq idman meydançaları, 400 nəfərlik akt zalı, 150 nəfərlik yeməkxana, STEAM mərkəzi, Karyera İnkişaf Mərkəzi mövcuddur. Bərdə Peşə Liseyində iqtisadiyyatın 7 peşə sahəsi üzrə tədris aparılır. Bunlar iqtisadiyyat və xidmət, kənd təsərrüfatı, energetika və informasiya texnologiyaları, metallurgiya, maşınqayırma və metal emalı, nəqliyyat vasitələri, inşaat və ilkin tələbat və ərzaq mallarının texnologiyasıdır. Bərdə Peşə Liseyində 55 qrupda 35 ixtisas üzrə 1066 tələbə təhsil almaqdadır.

Samir Nəcəfov vurğuladı ki, Bərdə Peşə Liseyi Mingəçevir Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi, KOBİA ilə sıx əməkdaşlıq edir. Eyni zamanda Türkiyənin Bursa Həmidiyyə Texniki Anadolu Liseyi, Estoniyanın Jarvarma liseyi, Birləşmiş Millətlərin İnkişaf Proqramı, Asiya Bankı, Erasmus+, Sparkasse Almaniya Təcrübə proqramı kimi xarici əməkdaşlıqları mövcuddur. Liseyin 3 tələbəsi hazırda Almaniyanın müxtəlif bölgələrində kənd təsərrüfatı təcrübə layihəsi çərçivəsində təcrübə proqramında iştirak edir. Liseyin tələbələrinin və mühəndis-pedaqoji heyətinin Türkiyədə və Estoniyada sıx-sıx təcrübə səfərləri baş tutur.

Liseyin gələcəyə baxış perspektivi ölkədə qabaqcıl peşə tədris müəssisələrindən birinə çevrilmək, işəgötürənlərlə sıx əməkdaşlıq qurmaq və kənd təsərrüfatı ixtisasları üzrə kompetensiya mərkəzi kimi formalaşmaqla, qısamüddətli təlim kursları ilə peşə öyrənmək imkanı verən peşə təhsil müəssisəsi olmaqdır.

Vəli VƏLİYEV,

"Respublika".