Pambıq yığımı - 2023
Region

Pambıq yığımı - 2023

AĞDAM

Torpaqları münbit, suyu bol olan rayonda bütün dövrlərdə kənd təsərrüfatı inkişaf edib, məhsul istehsalı ilbəil artıb. Təsadüfi deyil ki, rayonda qabaqcıl təcrübənin, gözəl ənənənin qorunub saxlanması sayəsində kənd təsərrüfat məhsullarının istehsalında yüksək nəticələr əldə olunur. Ağdamın iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsindəki zəngin təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük imkan yaradır. Rayonda bu sahə ilə məşğul olan fermerlər və xüsusi mülkiyyətçilər yaxşı bilirlər ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var. İlk növbədə məşğulluğa şərait yaradır, ölkəmizə valyuta gətirir, yerli istehsala təkan verir.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda pambıq yığımı davam edir. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari ildə fermerlərlə müqavilə əsasında 2421,3 hektar sahədə pambıq becərilib. Hər işi vaxtında görəndə nəticə də uğurlu olur. "MKT İstehsalat Kommersiya", "Azərpambıq" və "P-Agro" MMC-lər yüksək məhsuldarlığa nail olmaq üçün ağdamlı fermerləri kifayət qədər mineral gübrələrlə, lazımi avadanlıqlarla, kənd təsərrüfatı texnikaları ilə təmin edib. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambıq yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilir. Pambıq yığımına kifayət qədər kombayn, traktor və qoşqu cəlb edilib. Hər gün tarlalardan 200 tondan çox məhsul toplanır. Ağdamlı "ağ qızıl" ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışırlar. Qeyd edək ki, ötən il rayon pambıqçıları 7 min tona yaxın "ağ qızıl" istehsal ediblər. Hər hektarın məhsuldarlığı 30 sentnerə yaxın olub.

AĞCABƏDİ

Pambıqçılığın inkişafına verilən dövlət dəstəyi rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Yeni mövsümdə məhsuldarlığın yüksək olacağı gözlənilir. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılması üçün var qüvvə ilə çalışırlar. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Ağcabədi rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri bir neçə həftədir ki, məhsul yığımına başlayıblar. Ötən il məhsuldarlıq göstəricisinə görə ölkədə qabaqcıllar sırasında olan ağcabədili pambıqçılar bu il də yüksək məhsuldarlığa nail olmağı qarşıya məqsəd qoyublar. Cari təsərrüfat ilində rayonda 3770 hektarı "Azərpambıq", 4392,4 hektarı "MKT İstehsalat Kommersiya" və 2400 hektarı "P-Aqro" MMC-lərlə, 930,3 hektarı isə digər şirkətlərlə bağlanan müqavilə əsasında ümumilikdə 11 min 492,7 hektar sahədə pambıq becərilib. Rayonda pambıq yığımına 54 ədəd kombayn, 134 ədəd traktor, 306 ədəd qoşqu, 15 ədəd yükləyici, 35 ədəd çiləyici cəlb edilib. Yığımın ilk günlərindən tarlalardan 256,15 ton məhsul toplanıb. Fermerlərin qənaətinə görə, bu mövsümdə rayon üzrə 40 min tondan çox pambıq istehsalı gözlənilir.

Salman ALIOĞLU,

"Respublika