Özünüidarəetmə orqanlarının yaradılmasının təməli
Siyasət

Özünüidarəetmə orqanlarının yaradılmasının təməli

1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirilib

Ömrünü xalqına və dövlətinə həsr edən və bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən ümummilli lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə gördüyü işlər əvəzsizdir. Ulu öndər Azərbaycanı bir dövlət, xalqımızı bir millət kimi tarixin sərt sınaqlarından çıxarmağa müvəffəq olub. Müasir dövlətimizin mövcud reallıqlarının, işıqlı sabahının da əsası məhz ümummilli liderimiz tərəfindən qoyulub.

Azərbaycanı yox olmaq təhlükəsindən xilas edən Heydər Əliyev yaxşı bilirdi ki, onun gələcək inkişafı yalnız hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacaq. Təsadüfi deyil ki, ilk növbədə, bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin - Konstitusiyanın hazırlanıb qəbul edilməsi istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyev vətəndaşların dövlət idarəetməsində iştirakının vacibliyini də yüksək qiymətləndirirdi. Ölkəmizdə bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi də ulu öndərin bilavasitə iştirakı və rəhbərliyi ilə qəbul edilib.

Xalqımızın mənafeyinə xidmət edən məsələlər, eləcə də mütərəqqi bəşəri dəyərlər müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Konstitusiyamızın yerli özünüidarəetmə haqqında müddəalara həsr olunmuş IV bölməsində isə bələdiyyələrin işinin təşkili, onların səlahiyyətləri, o cümlədən müstəqilliyinin təminatı kimi məsələlər yer alıb. Bundan başqa, "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının müddəaları ilə milli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri tənzimləyən qanunvericilik aktları da qəbul olunub. "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə maliyyəsinin əsasları haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" qanunlar və bu qanunların tətbiqi barədə imzalanan fərmanlar da bu qəbildəndir. Beləliklə, ölkəmizdə ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırılıb. Ulu öndər hər bir vətəndaşın Azərbaycanda dövlət quruculuğu prosesində, o cümlədən seçkilərdə fəal iştirak etməsini arzulayaraq deyirdi: "Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq eyni zamanda hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər".

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda yerli özünüidarəetmə sahəsini tənzimləyən 22 qanun və onlarla başqa normativ-hüquqi aktlar qəbul edilib. İlk dəfə 1999-cu il dekabrın 12-də keçirilən bələdiyyə seçkilərində 20 min 454 bələdiyyə üzvü seçilib və 2667 bələdiyyə fəaliyyətə başlayıb. 

Yerli özünüidarəetmə prosesinin təşkilində bələdiyyə seçkilərinin özünəməxsus rolu var. Çünki xalq həmin seçkilər vasitəsilə öz fikirlərini açıq şəkildə və kütləvi formada ifadə edir. Yerli özünüidarəetmə orqanları seçkilər vasitəsilə yaradılır ki, onlara rəhbərlik edən şəxslər xalq tərəfindən seçilir, eyni zamanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti də xalq tərəfindən qiymətləndirilir. Mövcud problemlərin aşkara çıxarılıb həll olunması üçün mühüm şərait formalaşır. Azərbaycanda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil edir. Həmin qanuna müvafiq olaraq respublikamızda yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir, seçkilərin keçirilməsi məqsədilə ölkə üzrə ərazi seçki dairələri yaradılır. Bu komissiyalar seçki gününə ən geci 95 gün qalmış 9 üzvdən ibarət tərkibdə seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir. Ərazi seçki komissiyalarının üzvlərinə qoyulan başlıca tələb isə hər hansı siyasi partiyanın üzvü olmamaqdır. Komissiyaların tərkibi müvafiq ərazidəki ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatların və yaşayış yeri üzrə seçicilərin yığıncağında göstərilən namizədlər arasında əvvəlcədən müəyyən olunmuş qaydada keçirilən püşkatma yolu ilə təsdiqlənir. Ərazi seçki komissiyaları tərkibinin formalaşdırılması üçün püşkatma keçirmək məqsədilə üç nəfərdən ibarət rayon, şəhər püşkatma komissiyaları yaradılır. Mərkəzi Seçki Komissiyası püşkatma komissiyalarının təşkili qaydalarını müəyyənləşdirir.

Nəzrin ELDARQIZI,

"Respublika".