Azərbaycanın regionda və dünyada rolu artır
Siyasət

Azərbaycanın regionda və dünyada rolu artır

Bu, ölkəmizi beynəlxalq problemlərin müzakirə edildiyi məkana çevirib

Bu gün Azərbaycan beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsində xüsusi rol oynayır. Beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Eyni zamanda Bakı şəhəri yaradılmış infrastruktur imkanları baxımından əhəmiyyətli beynəlxalq tədbirlərin müvəffəqiyyətlə reallaşdırılması üçün ən yaxşı məkanlardan biridir. Dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Dördüncü Sənaye İnqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini "yaşıl enerji", "yaşıl iqtisadiyyat" siyasətinə uğurla transformasiya edir.

Vətən müharibəsindən sonra Azərbaycan "yaşıl iqtisadiyyat"ın təşviqi və "yaşıl enerji"nin istehsalı sahəsində bir sıra vacib meqalayihələrə imza atıb. Dünyada enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rola malikdir. Yürütdüyü müstəqil siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan ən mühüm mövzuların müzakirə edildiyi mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Ən önəmlisi odur ki, bütün bu söylədiklərimizi həmin tədbirlərin iştirakçıları, əcnəbilər də təsdiqləyir.

2022-ci il noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasi, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans keçirildi. ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirak etdiyi konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımaların genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmin günlərdə konfrans iştirakçıları tədbir və ölkəmiz haqqında maraqlı, dəyərli fikirlər səsləndirdilər.

Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Koert Debeuf deyib ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahibdir. Keçmişlə müqayisədə Azərbaycanın indiki inkişafı, regionda, dünyada nüfuz qazanması sevindiricidir. İqtisadi cəhətdən də Azərbaycan əhəmiyyətli rol oynayır və etibarlı tərəfdaşdır. Düşünürəm ki, zaman keçdikcə dünyada Azərbaycanın rolu və mövqeyi daha da artacaq.

Tədbirin digər iştirakçısı Yuta Universitetinin siyasi elmlər üzrə professoru Hakan Yavuz isə qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra dünyada Azərbaycanın rolu daha da artdı. Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli ölkələrdən biridir. Hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı dövlətin qazandığı uğurlardır.

Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol isə Qarabağda aparılan bərpa-quruculuq işlərindən danışaraq bildirib ki, Qarabağın bərpası vaxt tələb edən bir işdir, lakin buna baxmayaraq, artıq orada sürətli inkişaf müşahidə olunur. Digər bir vacib məsələ də regionda sülhün bərqərar olmasıdır. Ümid edirəm ki, Qarabağ tezliklə bərpa olunar və insanlar yaxın zamanda öz torpaqlarına geri dönərlər.

Ölkəmizin artan nüfuzu, yürütdüyü uğurlu xarici siyasət məsələsinə diqqətçəkən konfrans iştirakçısı Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru Laszlo Vasa isə Azərbaycanın yalnız iqtisadi cəhətdən yox, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq aləmdə öz yerini tutduğunu bildirərək deyib ki, beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır. Həm torpaqlarını azad edib, təkcə sülh prosesini dəstəklədiyi üçün yox, həm də dünyada sülhə dəstək verdiyinə görə Azərbaycan mühüm rola sahibdir. Bu səbəbdən beynəlxalq arenada əhəmiyyəti getdikcə artır.

"Ambrozetti" Avropa evi analitik mərkəzinin baş direktoru Luka Miralya konfransın maraqlı məqamlarından danışıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edən ölkəmizin qlobal problemlərin müzakirə və həll yollarının axtarıldığı bir məkana çevrildiyini də diqqətə çatdırıb.

Bəli, Azərbaycanda konfrans və forumların keçirilməsi artıq ənənə halını alıb, onun əhatə dairəsi genişlənir, iştirakçılarının sayı artır. Bu isə həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Təkcə 2022-ci ildə ADA Universitetində keçirilən "Cənubi Qafqazda yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq", "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda reallaşdırılan Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb. Bu tədbirlər Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Həmçinin bu, onu göstərir ki, Azərbaycanın regionda və dünyada artan rolu nəticəsində ölkəmiz beynəlxalq problemlərin müzakirə və həll yollarının axtarıldığı məkana çevrilib.

Zümrüd QURBANQIZI,

"Respublika".