Heydər Əliyev və dövlət dilinin inkişafı
Tarix

Heydər Əliyev və dövlət dilinin inkişafı

Dünya əhalisinin demoqrafiyasında onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətləri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir", - deyə ulu öndər bildirib.

Qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti dövründə respublikamızda Azərbaycan dili hakim dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi və "vahid dil" siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox təhlükəli idi. Bütün bunlara baxmayaraq, o zamanlar Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə bildirir, onun dilimizə qayğı siyasəti xalqımızda müstəqillik əldə etməyimizlə bağlı inamı daha da artırırdı. Müstəqillik əldə olunandan sonra isə Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən dövlət başçısı ana dilimizi - Azərbaycan dilini özümüzə qaytardı.

Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət Dili kimi təsbit (21-ci maddə) olundu. Azərbaycan Prezidentinin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" 4 iyul 2001-ci il tarixli, 76 nömrəli Sərəncam, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 saylı Sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf ediblər ki, Azərbaycan dili ən kamil dillərdən biridir. Həmin şəxslər öz əsərlərində ana dilimizi XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndiriblər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılıb, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi bir dilə çevrilib. Ana dilimiz Azərbaycan dilidir və bu dili vətənini, xalqını sevən hər bir azərbaycanlı bilməlidir. Buna paralel olaraq, həm xaricə inteqrasiya etməli, həm də ölkə daxilindəki işləri yoluna qoymaq üçün müxtəlif xarici dilləri də öyrənməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

Məhz buna görə də Azərbaycan xalqı öz ana dilinə qayğı ilə yanaşmalı və onu qorumalıdır. Əlavə dil bilmək alternativ gücdür. Lakin hər kəs öz dilinə hörmətlə yanaşmalıdır. Ətrafımızda xarici dillərə meyil edənlər olsa da, xaricdə təhsilə maraq çoxalsa da, hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilindən sevərək istifadə etməli və dilimizin gözəlliyini gələcək nəsillərə də ötürə bilməlidir. Dilimizi sevək və qoruyaq!

Nuranə DAXİLQIZI,

"Respublika".