Ölkəmiz öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir güzəştə getməyəcək
Digər xəbərlər

Ölkəmiz öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir güzəştə getməyəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Laçın Şəhəri Günü" ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdəki çıxışında dövlətimizin başçısı bir sıra vacib məqamlara toxunub. Məsələ ilə bağlı fikir bildirən millət vəkili Kamilə Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 il Ermənistan tərəfindən işğal altında saxlanan torpaqlarımızı azad etdiyini bir daha xatırladıb. 30 il ərzində erməni vəhşiləri şəhərlərimizi, kəndlərimizi viran qoymuşdular, insanlarımıza qarşı dəhşətli soyqırımı törətmişdilər. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz tək həmin rayonların sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün doğma və əzizdir.

Laçın rayonunun işğaldan azad edilməsinin xüsusi önəmi var. Keçmiş Dağlıq Qarabağla Ermənistanı birləşdirən yol Laçın şəhərindən keçirdi. İstər işğal dövründə, istərsə də Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistan bu yolla separatçıları silah-sursatla təmin edirdi. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndlərindən keçən Qarabağı Ermənistanla birləşdirən yol yeni yolla əvəzləndi. Bununla da Laçın rayonu tamamilə Azərbaycanın nəzarətinə keçdi.

2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasının təntənəsi oldu. Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycanın təbii sərvətlərinin talanmasının və Ermənistanın Qarabağdakı separatçılara silah-sursat daşınmasının qarşısı alındı. Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Dünyada bütün dövlətlər qonşu ölkələrlə sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıb. Ermənistan rəhbərliyi Azərbaycanın bu legitim addımına qarşı təxribatçı hərəkətlərlə, bəyanatlarla mane olmağa cəhd edir. Təəssüf ki, bəzi Avropa dövlətləri, xüsusilə Fransa bu məsələdə Ermənistana havadarlıq edir. Ermənistan rəhbərliyi Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yarandıqdan sonra guya Qarabağda yaşayan ermənilərin blokadada qalması, orada humanitar fəlakət yaranması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlamışdılar. Halbuki Laçın nəzarət-buraxılış məntəqəsi yarandıqdan sonra minlərlə erməni əsilli vətəndaş Ermənistana və əks istiqamətə yoxlandıqdan sonra sərbəst formada gedib gəliblər. Ermənistanın bu yalan və iftiralarla dolu iddiaları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də rədd edilmişdir. BMT Təhlükəsizlik Şurasında da Ermənistanın Laçın nəzarət-buraxılış məntəqəsilə bağlı iddiaları qəbul edilmədi, Ermənistan və havadarları acı məğlubiyyətə uğradı.

Prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarına xidmət edən, beynəlxalq hüquqa söykənən siyasət həyata keçirir. Bu siyasət bölgədə sülhün bərqərar olmasına, dövlətlərin, xalqların mehribanlıq şəraitində yaşamasına xidmət edir. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir güzəştə getməyəcək. Ermənistan və onun havadarları bilməlidirlər ki, Azərbaycana heç bir vasitə ilə təsir edə bilməzlər.

Dövlət başçısı çıxışlarında qeyd edib ki, Qarabağda yaşayan sadə ermənilər Azərbaycan vətəndaşıdır və onların hüquqları da Azərbaycan qanunları ilə müdafiə olunacaq. Azərbaycan qanunları ilə yaşamaq istəyən erməni əsilli vətəndaşlar Azərbaycan ərazisində xoş və təhlükəsiz həyat sürə bilərlər. Bu, Azərbaycanın daxili işidir və heç bir ölkə, beynəlxalq təşkilat bu məsələyə müdaxilə edə bilməz.

Nəzrin ELDARQIZI,

"Respublika".