Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu
Siyasət

Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

Tarix sübut edib ki,  hər  bir xalqın, millətin həyatında baş verən mühüm tarixi hadisələr onun  böyük şəxsiyyətlərinin  işıqlı ideyaları ilə öz məcrasına, axarına düşür. Ən çətin məqamlarında ehtiyac duyduğu  xilaskarını, siyasi liderini  isə xalq özü müəyyənləşdirir, taleyini ona həvalə edir. XX əsrin sonu  Azərbaycan xalqının həyatında məhz belə bir dövr idi. Ulu öndər Heydər Əliyev 1987-ci ildə Sovetlər Birliyinin siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın ağrılı, problemli günləri başlamışdı. Belə ki, 1988-ci ildə  erməni təxribatı - Sumqayıt hadisələri baş vermiş, 1990-cı ildə Qanlı Yanvar, 1992-ci ildə Xocalı soyqırımı törədilmiş, həmin il Şuşa və Laçın, 1993-cü ildə Kəlbəcər rayonu  işğal olunmuşdur. Dünyada baş verən mürəkkəb hadisələr, Azərbaycanın daxilində  yaranan siyasi vəziyyət - hərc-mərclik, özbaşınalıq, o cümlədən Ermənistanın ölkəmizə təcavüzü, ölkəni idarə edənlərin səriştəsizliyi  1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlət müstəqilliyini  təhlükə altına almışdı. Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycan hökuməti  ölkədə siyasi sabitliyin təmin olunması, bu kontekstdə xaos və özbaşınalığın, eyni zamanda  ölkəyə edilən təcavüzün qarşısının alınması istiqamətində heç bir müsbət nəticəyə nail ola bilmədi.

Ölkədə hökm sürən siyasi hərc-mərclik, respublikanın həddindən artıq gərgin və çətin  vəziyyəti başına bəlalar açılan, müsibətlər gətirilən xalqı bu problemləri   uğurla həll etmək iqtidarında olan  rəhbər seçmək zərurətində qoymuşdu. 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə xalqın həyatının bütün sahələrində sürətli yüksəlişə, istehsalın, elmin, mədəniyyətin tərəqqisinə nail olan dahi lider Heydər Əliyev   xalqın milli ruhunu, milli şüurunu  inkişaf etdirməyə,  milli qüruru yüksəltməyə, ölkəni ağır vəziyyətdən çıxarmağa  qadir yeganə namizədi idi. Ümidini Naxçıvan Ali Məclisinin sədri  Heydər Əliyevə bağlayan xalqımız  ümummilli liderin ətrafında sıx birləşərək onun dərin zəkası, müdrik siyasəti ilə yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə qalxmışdı. Azərbaycan xalqının üzləşdiyi ağır vəziyyəti, ölkənin məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürəkağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli lider Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi.  Xalqın öz  dahi oğluna olan inam və etibarı tez bir zamanda  Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında əsaslarının yaradılmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də  ölkəmizdə keçirilən prezident seçkilərinə ümumxalq səsverməsində 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi.  Qədirbilən xalqı tərəfindən prezidentliyinə yekdilliklə səs alan Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması  xalqımızın ulu öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı.

Xalqın təkidli xahişi ilə 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə ulu öndər ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin, diplomatik münasibətlərin qurulmasında ciddi dönüş yaradaraq dövlət quruculuğu prosesində uğurlu islahatlar həyata keçirdi. Milli dövlətin təşəkkülündə və inkişafında, xalqın milli birliyinin yaranmasında Heydər Əliyev əvəzsiz rol oynadı.  Dahi siyasətçi  ölkəni bu ağır durumdan - vətəndaş qarşıdurmasından, dərin iqtisadi və siyasi böhrandan çıxarmağa nail oldu. 1993-2003-cü illər ərzində Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin  müdrik liderlik  məharəti,  geniş dünyagörüşə, hərtərəfli biliyə malik olması  Azərbaycanı düşdüyü  girdabdan xilas etdi. Ümummilli liderin  vaxtında qəbul etdiyi qərarlar dövlətçiliyin bərqərar olmasına, müstəqilliyin qorunub saxlanmasına zəmin yaratdı. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitlik fonunda  demokratik idarəçilik təsisatlarının yaranması, demokratik cəmiyyətin formalaşdırılması təmin olundu. 1994-cü ildən etibarən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Müstəqil dövlətimizin  uğurlu neft strategiyası - "Əsrin müqaviləsi"nin imzalanması ilə  Azərbaycan regionda enerji sahəsində mühüm aktora çevrildi. "Böyük İpək Yolu"  layihəsində  ölkəmiz Cənubi Qafqazda logistik mərkəz rolunu oynadı. Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi sayəsində Azərbaycanın daxili və xarici siyasət xətti formalaşdı. Ölkəmizdə ordu quruculuğu prosesi başlandı. Müstəqil ölkə üçün milli ordunun olmasının nə qədər vacib olduğunu yaxşı bilən ulu öndər  bu məsələni elə prezidentliyinin ilk günlərindən dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə demişdir: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən ulu öndər Heydər Əliyev   ana dili məsələsinə xüsusi diqqət və qayğı göstərərək "Dövlət dilinin  tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunların qəbul edilməsinə dair fərman imzalamaqla dilimizin inkişafı istiqamətində mühüm addımlar atdı. Bütün fəaliyyətinin, dövləti və xalqı qarşısında xidmətinin hər məqamında Azərbaycanı möhkəm təməllər üzərində inkişaf etdirmək, dövlətin dayaqlarını möhkəmləndirmək missiyasını həyata keçirən ulu öndər  Azərbaycan xalqını bir amal uğrunda  səfərbər edərək azərbaycançılıq ideologiyasının əsasını qoydu, milliliklə dövlətçiliyin vəhdətini yaratdı.

1993-2003-cü illərdə Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində  ölkədə baş verən proseslər köklü surətdə dəyişdi, müstəqil Azərbaycan tarixinin növbəti mərhələsində yaşamaq və suverenliyini, müstəqilliyini əbədiləşdirmək gücü əldə etdi. Azərbaycan  özünün  müasir, dünyəvi,  beynəlxalq aləmə inteqrasiya edən ölkə imicini yaratdı.  Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hərtərəfli inkişaf mərhələsinə yüksələrək dünya birliyində nüfuz qazandı. 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl,  həyata keçirilən islahatlar, irəli sürülmüş təşəbbüslər  bütün dünyada nüfuz qazanan, regionda söz sahibi olan Azərbaycanın  bugünkü reallığını səciyyələndirir.

Azərbaycana rəhbərliyinin hər iki dövründə xalqına sədaqətlə xidmət edən, ölkəmizin hərtərəfli tərəqqisinə nail olan, ona ən ağır və böhranlı günlərdə sahib çıxan  ulu öndər  Heydər Əliyevin adı Azərbaycan xalqının xilaskarı, Azərbaycan dövlətinin qurucusu kimi tariximizə yazılıb.

Mehparə ƏLİYEVA,

"Respublika".